Yaponiya radiosunda Azərbaycan mədəniyyətinə həsr edilmiş veriliş

Yaponiyanın “Rainbow town 79.2 FM Tokyo” radiosunda Azərbaycan mədəniyyətinə həsr edilmiş veriliş səsləndirilib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat  xidməti məlumat yaymışdır. Verilişin videogörüntüləri radionun veb-səhifəsində yerləşdirilib.

Verilişdə iştirak edən azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı, hazırda Tokioda yaşayan Gülnarə Səfərova aparıcıların və dinləyicilərin xalqımızın qədim və zəngin mədəniyyəti ilə bağlı suallarını cavablandırıb.

Bir saat davam edən verilişin əvvəlində aparıcılar iyirmi bir il əvvəl müstəqilliyini bərpa etmiş ölkəmizin coğrafi mövqeyi, iqtisadi potensialı, zəngin maddi-mədəni irsi barədə məlumat veriblər. Bildirilib ki, 1993-cü ildə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və inkişafı üçün böyük işlər görüb. Ulu öndərin qayğısı nəticəsində digər sahələr kimi, Azərbaycan mədəniyyəti də özünün yüksəliş dövrünə qədəm qoyub. Vurğulanıb ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüskarı olduğu müxtəlif layihələr xalqımızın mədəniyyətinin bütün dünyada təbliğində mühüm rol oynayır.

Verilişdə Azərbaycan təbiətinin gözəlliyindən, xalqımızın qədim və zəngin mədəniyyətindən geniş bəhs olunub. Bildirilib ki, dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqisi ilə haqlı olaraq fəxr edir. Bu zəngin irs Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Vurğulanıb ki, dünya musiqi mədəniyyəti xəzinəsini öz inciləri ilə zənginləşdirən Azərbaycan musiqisinin çoxəsrlik ənənələri var. Azərbaycan musiqi sənətində xalq mahnıları, rəqslər, aşıq yaradıcılığı da özünəməxsus yer tutur. Milli musiqimizin bünövrəsini muğamlar təşkil edir. Təsadüfi deyildir ki, 2003-cü ildə YUNESKO Azərbaycan muğamını bəşəriyyətin mədəni irs siyahısına daxil edib.

Proqramda Gülnarə Səfərova ölkəmizdə yaşayan çoxsaylı milli azlıqların dillərinin və mədəniyyətinin qorunmasına xüsusi diqqət yetirildiyindən də danışıb. Veriliş ərzində tanınmış Azərbaycanın bəstəkarlarının əsərləri, milli musiqi nümunələri, xalq mahnıları səsləndirilib.

 

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında