Müasirləşən, modernləşən bölgələr AzərTAc-ın videotəqdimatında

“Gəzdim Azərbaycanı: Bakı-Mingəçevir”

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) “Gəzdim Azərbaycanı” layihəsi bu dəfə Mərkəzi Aran zonasında, Bozdağın ətəyində, Kür çayının sahilində yerləşən  Mingəçevir şəhərindən bəhs edir.

Bu videoreportajda   insan zəkasının və zəhmətinin bəhrəsi, nur şəhəri kimi tanınan Mingəçevir haqqında məlumat verilir.

Süjetdə qeyd edilir ki, sənaye şəhəri Mingəçevirin əsası XX əsrin 40-50-ci illərində qoyulsa da bu ərazinin tarixi çox qədimdir. Azərbaycan və dünya tarixində əhəmiyyətli hadisə olan qədim Alban yazıları da məhz burada aparılmış arxeoloji qazıntılar zamanı tapılmışdır. Aşkar edilən müxtəlif maddi-mədəniyyət nümunələri bu gün də Mingəçevir Tarix Muzeyində qorunur.

Mingəçevir ərazisinin sistemli və planlı tədqiqi 1946-1953-cü illərdə tarixçi alim Saleh Qazıyevin rəhbərliyi altında aparılmış və bizim eradan əvvəl III minillikdən XVII əsrədək ayrı-ayrı tarixi dövrləri əks etdirən 20 mindən artıq maddi-mədəniyyət nümunələri tapılmışdır. Burada 2 yaşayış yeri və 4 böyük qəbiristanlıq aşkar edilmişdir ki, bu da cənubi Qafqazda ən iri arxeoloji kompleksdir. Mingəçevir Alban dövlətinin inkişaf etdiyi dövrlərdə mədəni bir mərkəz kimi tanınmışdır. Qədim Mingəçevir İpək Yolunun aparıcı qollarından biri olmuş, Yaxın Şərq ölkələrinə, Azərbaycanın qədim şəhərlərinə mühüm karvan ticarət yolu buradan keçmişdir.

Süjetdə Mingəçevirin həm də elm və mədəniyyət mərkəzi olduğu vurğulanır. Bildirilir ki, burada kitabxanalar və teatr, orta məktəblər, lisey və kolleclər, ali məktəblər fəaliyyət göstərir. 

“Gəzdim Azərbaycanı: Bakı-Mingəçevir” videoreportajında qeyd edilir ki, Mingəçevir  ölkənin  dördüncü iri sənaye mərkəzi sayılır. Sənaye istehsalı şəhər iqtisadiyyatının mühüm sahələrindən biridir. Əhalinin əsas hissəsi energetika, elektrotexnika, kimya, maşınqayırma sahələrində çalışır. Burada 107 nəfər işçinin çalışdığı, hazırkı gücü 400 meqavatt, orta illik məhsul istehsalının həcmi isə 1,2 milyard kilovatt/saat olan  “Mingəçevir Su Elektrik Stansiyası”, 300 nəfərin çalışdığı “İzolit” ASC və digər sənaye obyektləri fəaliyyət göstərir. 

Süjetdə bildirilir ki, Kür çayının sahilində, mənzərəli bir yerdə salınmış Mingəçevir şəhəri yerli və əcnəbi turistlərin diqqətini cəlb edir. Şəhərdə maraqlı memarlıq üslubunda ucaldılmış müasir binalar, park və meydanlar vardır. Kür çayının yaxınlığında tikilmiş istirahət guşələri, müasir “River Side”, “Kür” və digər otellərdə qonaqların istirahəti üçün hər cür şərait yaradılmışdır. 

“Gəzdim Azərbaycanı: Bakı-Mingəçevir” videoreportajında tamaşaçılara Azərbaycanın bu sahil şəhərinin gözəlliyi, müasirliyi və bugünkü inkişafı geniş təqdim edilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında