Azərbaycan Edinburq Beynəlxalq Festivalında ilk dəfə təmsil olunmuşdu

Azərbaycanın xalq yazıçısı Elçinin “Mənim sevimli dəlim” pyesi əsasında eyniadlı tamaşanın premyerası ilə ölkəmiz ənənəvi Edinburq Beynəlxalq Festivalında ilk dəfə təmsil olunmuşdur.

Tamaşa Londonda fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin (AZICS) və ALOFF Teatrının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Gryphon Venues” Teatrında təqdim edilmişdir. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yaymışdır. Tamaşada bəstəkar Məmməd Ənsarinin musiqisi səslənmişdir. Tamaşadan əvvəl çıxış edən AZICS-in sədri Sənan Əliyev pyes haqqında iştirakçılara ətraflı məlumat vermiş, xalq yazıçısı Elçinin yaradıcılığındakı uğurlardan bəhs etmişdir.

Pyesdə hadisələr 1995-ci ildə Bakıda cərəyan edir. Səhnədə müxtəlif personajların məzhəkə elementləri yer almışdır. İntihara meylli, anormal olan bu personajların hər biri öz gerçəkliyində yaşayır, lakin hansı yollasa bir-biri ilə dil tapır. Əslində, bu personajların hər biri “dəli” roluna namizəddir. Amma bu aləmə təsadüfən düşmüş ağlı başında olan yeganə adam dəli kimi qəbul edilir.

Tamaşaçılar tərəfindən maraqla qarşılanan “Mənim sevimli dəlim” tamaşası festivalda avqustun 10-da nümayiş etdirilib. Edinburq Beynəlxalq Festivalı 1947-ci ildən etibarən ənənəvi olaraq hər ilin avqustunda Şotlandiyanın paytaxtında keçirilir.

Festivalda dünyanın müxtəlif ölkələrindən iştirakçılar mədəniyyətlərini və incəsənətlərini təmsil edən şou-proqramla çıxış edirlər. Festivalda, həmçinin bir-birinə bağlı olmayan ayrı-ayrı özəl təşkilatlar da iştirak edirlər. Edinburq Beynəlxalq Festivalı dünyanın ən böyük festivallarından hesab edilir və hər il milyonlarla turist bu incəsənət və mədəniyyət şənliyində iştirak etmək üçün Şotlandiyaya axışır.

 

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında