MDB ölkələrinin mədəniyyət nazirliklərinin nümayəndələri Qəbələdə olmuşlar

 

Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin təmsilçiləri V Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak etmişlər.

AzərTAc xəbər verir ki, Rusiya, Qırğızıstan, Gürcüstan, Moldova və Belarusun mədəniyyət nazirliklərini təmsil edən vəzifəli şəxslər, eləcə də Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov əvvəlcə Qəbələ Mədəniyyət Mərkəzi ilə tanış olmuşlar.

Qonaqlara məlumat verilmişdir ki, nəhəng “Ağ royal” formasında tikilmiş bina ətraf ərazi ilə ahəngdar mühit yaradır. Mərkəzdə teatr tamaşalarının, konsertlərin, yeni texnologiya ilə təqdim olunan kinofilmlərin nümayişi və digər müxtəlif tədbirlərin keçirilməsinə hər cür imkan yaradılmışdır. Bina ən müasir akustik texnologiya və dünya standartlarına uyğun teatr avadanlığı, Avropanın aparıcı şirkətlərinin istehsalı olan üzlük və tamamlama materialları, məxsusi çıraq və mebellərlə təchiz edilmişdir.

Daha sonra qonaqlar rayon icra hakimiyyətində olmuşlar. Bildirilmişdir ki, MDB-nin üzv dövlətlərinin humanitar sahə üzrə Əməkdaşlıq Şurasının və təşkilata üzv ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun ötən ilin oktyabrında Aşqabadda keçirilən birgə iclasında qəbul edilən qərara görə, 2013-cü ildə Qəbələ MDB-nin mədəniyyət paytaxtı elan olunmuşdur.

 Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev V Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında qonaqlara məlumat vermişdir. Bildirmişdir ki, festival  günlərində dünya şöhrətli musiqiçilərin bir-birindən maraqlı çıxışları yerli sakinlərlə yanaşı, festivalda  qonaq qismində iştirak edən əcnəbilərin də  böyük marağına səbəb  olur. V Qəbələ Beynəlxalq Musiqi Festivalı sərhəd və rəqabət tanımayan musiqi dünyasında gözəl bir bayrama çevrilmişdir.

Görüşdə qonaqların iştirakı ilə MDB-nin mədəniyyət paytaxtı olan Qəbələdə bu ilin sonunadək keçiriləcək mədəni-kütləvi tədbirlər müzakirə edilmişdir. Qonaqlar rayonun turizm obyektləri və istirahət mərkəzləri ilə də tanış olmuş, beynəlxalq musiqi festivalının konsertlərini izləmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında