Naxçıvan “Buzxana”sında bərpa işləri aparılmışdır

Naxçıvan şəhərindəki “Buzxana” tarix-memarlıq abidəsi bərpa işlərindən sonra istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, yaradılan şəraitlə tanış olmuşdur.

Naxçıvan memarlıq məktəbinin inkişaf dövrünün yadigarı olan abidənin uzunluğu 20, eni 9, hündürlüyü isə 9,6 metrdir. Binanın damında 3 metrdən bir qurulan tağlararası boşluq çatma tağbəndlə örtülmüşdür. “Buzxana”nın əsas hissəsi yerin altında yerləşir. Havalanma sisteminin düzgün qurulması burada uzun müddət buzun saxlanılmasına imkan vermişdir.

Buzxana həm də mətbəx mədəniyyətimizin bir parçasını özündə yaşadan maddi mədəniyyət nümunəsidir. 2012-ci ildən başlayaraq “Buzxana” tarixi memarlıq görkəmi saxlanılaraq bərpa olunmuş, burada milli mətbəx yaradılmışdır. Bərpa olunmuş tarixi abidədə Azərbaycan, o cümlədən Naxçıvan mətbəxinin zəngin nümunələri təbliğ olunacaq, gələn qonaqlara milli yeməklərimiz təklif ediləcəkdir. Milli mətbəxdə eyni vaxtda 72 nəfərə xidmət göstərilməsi üçün şərait yaradılmış, 9 nəfər işlə təmin olunmuşdur.

Ali Məclisin sədri “Buzxana”da bərpa işlərinin aparılmasının tariximizin və milli dəyərlərimizin yaşadılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirərək demişdir: “Xalqımızın min illər boyu yaratdığı milli dəyərləri qoruyub yaşatmaq, gənc nəsillərə çatdırmaq vacib məsələdir. Muxtar respublikamızda bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. 2009-cu ildə “Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” sərəncam imzalanmış, 2012-ci il muxtar respublikamızda “Milli dəyərlər ili” elan olunmuş, Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planına əsasən muxtar respublikada milli dəyərlərlə bağlı sərgilər, festivallar keçirilmiş, “Naxçıvan mətbəxi”, “Naxçıvan tikmələri” kitabları çap olunmuş, “Buzxana” tarix-memarlıq abidəsi bərpa edilmiş, milli mətbəx yaradılmışdır. XII-XIV əsrlərə aid olan bu abidə Azərbaycanda ən böyük buzxanadır. Zəngin memarlıq quruluşuna malik olan buzxana uzun müddət isti yay günlərində əhalinin buza olan təlabatını ödəmişdir".

Ümummilli lider Heydər Əliyevin “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü milli dəyərlərdir”, - fikrini xatırladan Ali Məclisin sədri demişdir: “Ulu öndərimizin milli dəyərlərimizin qorunub yaşadılması istiqamətində müəyyənləşdirdiyi yol bu gün muxtar respublikamızda uğurla davam etdirilir, maddi və milli mədəniyyət nümunələrimizin qorunması istiqamətində arıdıcıl tədbirlər görülür. Milli dəyərlərimizin bir parçası olan milli mətbəximiz bu cəhətdən mühüm əhəmiyyət daşıyır. Bu gün milli mətbəximizdə 300-dən artıq milli yemək nümunəsi vardır. Hər bir regionun öz təbii-coğrafi şəraitinə uyğun olaraq formalaşan bu nümunələri qorumaq və təbliğ etmək vacib məsələdir. “Buzxana”da bərpa işlərinin aparılması tarix-memarlıq abidəsinin ömrünü uzatmaqla yanaşı, milli mətbəximizin təbliğinə də imkan verəcəkdir”.

Ali Məclisin sədri Vasif Talıbov tariximizin və milli dəyərlərimizin qorunub-yaşadılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.

 

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında