“Ənənələr və müasirlik” Beynəlxalq incəsənət sərgisində Azərbaycan rəssamları fəal iştirak edirlər

 

Mərkəzi Rəssamlar Evində “Ənənələr və müasirlik” VII Moskva Beynəlxalq festivalı açılmışdır. Dünyanın 21 ölkəsindən olan 300-dən çox rəssam festivalda öz əsərlərini nümayiş etdirir.

Festivalın açılışında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak etmişdir.

Açılış mərasimində çıxış edən festivalın kuratoru və təşkilatçısı Vera Kiselyova qeyd etmişdir ki, bu, ənənəvi və müasir sənətdə səkkiz cərəyanı bir araya gətirən yeganə festivaldır. Bu il iştirakçıların əsərləri beynəlxalq münsiflər heyəti tərəfindən 26 nominasiyada qiymətləndirilir.

Azərbaycanın Rusiyadakı səfiri, MDB ölkələrinin Humanitar Əməkdaşlıq Fondu İdarə heyətinin sədri Polad Bülbüloğlu öz çıxışında demişdir: “Mən MDB ölkələrinin Humanitar Əməkdaşlıq Fondu İdarə heyətinin sədri kimi sevinirəm ki, bugünkü sərgidə MDB-nin demək olar ki, bütün ölkələri təmsil olunmuşdur. Əlbəttə, Azərbaycanın səfiri kimi bütün dünyada şöhrət qazanmış görkəmli sənətkar Tahir Salahovun və gənc rəssam Məryəm Ələkbərlinin öz əsərlərini sərgiyə təqdim etməsi məni sevindirməyə bilməz. Bu gün əsl sənət bayramı, dostluq bayramı, rəsm bayramıdır”.

Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Azərbaycanın və Rusiyanın görkəmli rəssamı, festivalın beynəlxalq münsiflər heyətinin sədri Tahir Salahov münsiflər heyətinin üzvləri adından festival iştirakçılarını salamlayaraq demişdir ki, bu meydanda müxtəlif ölkələrin və nəsillərin nümayəndələri olan rəssamlar görüşür, yaradıcılıq fikirlərini mübadilə edir, humanizm və əməkdaşlıq ideyalarını dünyaya çatdırırlar. Tahir Salahov gənc Azərbaycan rəssamı Məryəm Ələkbərlinin işlərini xüsusi vurğulamış və bildirmişdir ki, o, “Ənənələr və müasirlik” festivalında artıq ikinci ildir ki, iştirak edir. Münsiflər heyətinin sədri onun irəliyə çox böyük sıçrayış etdiyini və bu il onun “Rənglərin rəqsi” adlı gözəl əsərləri üçün böyük bir zal ayrıldığını bildirmişdir. Tahir Salahovun sözlərinə görə, əsas qiymətləndirmə meyarı əlbəttə ki, istedad olacaqdır, rəssamların kimlər tərəfindən qiymətləndiriləcəklərini bilməsi üçün münsiflər heyətinin üzvləri də öz əsərlərini nümayiş etdirirlər.

Sərginin təntənəli açılışından sonra iştirakçılar rəssamların əsərləri ilə tanış oldular. Bu il festivalda MDB ölkələrinin, o cümlədən Azərbaycanın, Avstriya, Vyetnam, Almaniya, Hollandiya, İtaliya, İspaniya, Kanada, Çin, Kolumbiya, ABŞ və Yaponiyanın, digər dövlətlərin rəssamları öz əsərlərini nümayiş etdirirlər. Gənc istedadlardan başqa tanınmış sənətkarlar da festivala öz yeni əsərlərini təqdim etmişlər. Sərginin qonaqları Tahir Salahovun, Vasili Nesterenkonun və Vladimir Vasilyevin rəsm əsərlərinə, Rusiya Federasiyası XİN-in rəsmi fotoqrafı Eduard Pesovun çəkdiyi fotoşəkillərə, Vladimir Naumovun qrafika əsərlərinə, Zurab Seretelinin və Vladimir Surovtsevin yaratdığı heykəltəraşlıq əsərlərinə, Vyaçeslav Zaytsevin foto layihəsinə, Mişa Lennin və digər sənətkarların akvarellərinə tamaşa edəcəklər.

Sərgidə Azərbaycanı tanınmış rəssam Namiq Məmmədov və istedadlı rəssam Məryəm Ələkbərli təmsil edirlər.

Namiq Məmmədov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosentidir. Onun Bakıda, Osloda, Kopenhagendə fərdi sərgiləri keçirilmişdir. N.Məmmədovun rəsm əsərləri Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Müasir İncəsənət Muzeyində, habelə Fransa, Böyük Britaniya, Almaniya, İtaliya, Norveç və Türkiyədə şəxsi kolleksiyalarda saxlanılır. Sərgiyə rəssamın “Günəbaxanlar arasında”, “Rəqs edən səyyah”, “Əlində günəbaxanlar tutmuş qız” və s. əsərləri təqdim olunmuşdur.

Məryəm Ələkbərlinin ilk sərgisi Bakıda keçirilmişdir. Sonra onun rəsmləri Berlində, Parisdə, İstanbulda təşkil olunmuş fərdi sərgilərində nümayiş etdirilmişdir. Keçən il “Ənənələr və müasirlik” festivalında Məryəm “Bahar yurdu” əsərlərinə görə “İnam” festivalının mükafatına layiq görülmüşdür. Bu sərgidə Məryəmin “Rənglərin rəqsi” seriyasından olan “Kalla”, “Bakı gecəsi”, “Qış buketi”, “Avtoportret” əsərləri tamaşaçılarda xüsusi maraq doğurmuşdur.

Sərgi iyunun 30-dək davam edəcəkdir. İyulun 1-də isə “Et Cetera” teatrında qaliblərin təntənəli mükafatlandırılması mərasimi keçiriləcəkdir.

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında