Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti Siyavuş Aslan son mənzilə yola salınmışdır

 

İyunun 27-də Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti, Prezident təqaüdçüsü “Şərəf” və “Şöhrət” ordenli, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüş Siyavuş Aslan son mənzilə yola salınmışdır.

AzərTAc xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, elm və ictimaiyyət nümayəndələri, tanınmış mədəniyyət xadimləri iştirak etmişlər.

Mərhumun cənazəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində qoyulmuşdu.

Salonda həzin matəm musiqisi səslənirdi.

Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdur.

Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından əklillər düzülmüşdü.

Siyavuş Aslanın həmkarları, dostları, tanışları, tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhumun yaradıcılığının pərəstişkarları axın-axın Akademik Milli Dram Teatrının binasına gəlir, görkəmli sənətkara və gözəl insana son borclarını verirdilər.

Vida mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev  mərhum sənətkarın Azərbaycan teatrının inkişafı istiqamətində yorulmaz fəaliyyətindən, yaratdığı biri-birindən bənzərsiz obrazlar qalereyasından, insani keyfiyyətlərindən geniş söz açmışdır.

Bildirilmişdir ki, müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan Siyavuş Aslan zəngin yaradıcılıq axtarışları ilə milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələr vermişdir. Aktyor təkrarolunmaz fərdi ifadə üslubu və manerasında teatr mədəniyyətimizin yumor ənənələrini bütün yaradıcılığı boyu bədii-estetik prinsiplərə uyğun, novatorcasına davam etdirmişdir.

Diqqətə çatdırılmışdır ki, teatr aktyorluğu sahəsində görkəmli sənətkar kimi tanınan Siyavuş Aslan həm də məşhur kino ustası olmuşdur. Onlarla filmdə müxtəlif xarakterli sadə insanların, müftəxorların, yaramazların, fırıldaqçıların obrazlarını kinolentin yaddaşında yaşatmışdır.

Vurğulanmışdır ki, o, böyük, yorulmaz bir sənətkar kimi həm Azərbaycan Dövlət Musiqili Teatrında, həm də Azərbaycan Dövlət  Akademik Milli Dram Teatrında uzun müddət səmərəli fəaliyyəti ilə yaddaqalan obrazlar yaratmağa müvəffəq olmuşdur.

Azərbaycan teatrı və kino sənətinin inkişafında xüsusi xidmətlər göstərmiş Siyavuş Aslanın əməyi daim yüksək qiymətləndirilmişdir. O, bu günlərdə Azərbaycan teatrının 140 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Şərəf” ordeninə layiq görülmüşdür.

Vida mərasimində çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev, xalq artistləri Rafiq Əzimov, Bəsti Cəfərova və Nürəddin Mehdixanlı görkəmli sənətkarın Azərbaycan teatr sənətinin inkişafında əvəzsiz xidmətlərindən söz açmışlar.

Vurğulanmışdır ki, Siyavuş Aslan bütün janrlarda özünü təsdiq etməyi bacaran sənətkarlardan olmuşdur. O, yaratdığı obrazlarla təkcə tamaşaçını güldürməmiş, eyni zamanda, onu düşündürməyi bacarmışdır. Siyavuş Aslan yaradıcılığında cəmiyyətin diqqət mərkəzində olan problemləri bütün dərinlikləri ilə tamaşaçının yaddaşında həkk etdirə bilmişdir.

Azərbaycan kinosunun inkişafında böyük xidmətləri olan Siyavuş Aslanın ekranda canlandırdığı rəngarəng surətlər səmimiliyi və inandırıcılığı ilə seçilərək uğurlu tale yaşamışdır. Televiziya tamaşalarında yaratdığı personajlar isə bu gün də əsl sənət nümunələri kimi Azərbaycan Televiziyasının fondunda qorunub saxlanılmaqdadır.

Siyavuş Aslanın teatr və kino sənətinə həsr etdiyi mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyor nəsli üçün əsl sənət məktəbidir.

Mərhumun ailəsi adından çıxış edən oğlu Çingiz Aslan istedadlı sənətkarın xatirəsinə göstərilən hörmət və ehtirama görə dərin minnətdarlığını bildirmişdir.

Sonra görkəmli aktyorun cənazəsi son mənzilə yola salınmışdır.

Mərhum İkinci Fəxri Xiyabanda torpağa tapşırılmışdır.

Allah rəhmət eləsin!


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında