Azərbaycanda Ukrayna Mədəniyyəti Günləri başlamışdır

 

İyunun 17-də Müslüm Maqomayev  adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycanda Ukrayna Mədəniyyəti Günlərinin təntənəli açılışı olmuşdur.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açılış mərasimində demişdir ki, Azərbaycanda Ukrayna Mədəniyyəti Günləri “2011-2015-ci illər üçün Ukrayna ilə Azərbaycan Respublikası arasında hərtərəfli əməkdaşlıq tədbirləri planı”na uyğun keçirilir. Bu plan Ukrayna Prezidenti Viktor Yanukoviçin 2011-ci il aprelin 28-də Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanmışdır.

Ə.Vəliyev vurğulamışdır ki, Ukrayna həmişə Azərbaycanın etibarlı tərəfdaşı olmuşdur. Ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələr uğurla inkişaf edir. Azərbaycan Ukraynada keçirilən bütün beynəlxalq mədəni tədbirlərdə iştirak edir. Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baleti  artıq neçə ildir ki, Ukrayna səhnələrində uğurla nümayiş etdirilir.  Ukraynalı gənc ifaçılar vokalçıların Bülbül adına Beynəlxalq müsabiqəsində mütəmadi iştirak edirlər.

Ukrayna mədəniyyət nazirinin müavini Timofey Koxan bu bayramın təşkil edilməsinə görə Ukrayna və Azərbaycan səfirliklərinə, eləcə də hər iki ölkənin mədəniyyət nazirliklərinə minnətdarlığını bildirmişdir.

Ukrayna Mədəniyyəti Günləri P.Virski adına dünya şöhrətli  Ukrayna akademik milli rəqs ansamblının çıxışı ilə başlanmışdır. Kollektiv “Polzunes” və “Qopak” Ukrayna xalq rəqslərini ifa etmiş, bu qardaş xalqın uzaq keçmişindən bəhs edən xoreoqrafik nömrələr göstərmişdir.

Mədəniyyət Günləri çərçivəsində “Ukrayna bu gün” mövzusunda fotosərgi açılmış, “Kəhrəba mozaikalar” adlı nadir kulturoloji layihənin  təqdimatı olmuşdur.

Tədbir iştirakçılarına “Nar ağacı” və “Buta ağacı” adlı kəhrəba mozaik pannolar təqdim edilmişdir. Bu əsərlər məxsusi Bakı sərgisi üçün hazırlanmışdır. Ukraynalı rəssamlar Şəki Xan Sarayının naxışları və motivləri əsasında yaradılmış Dünya Həyat Ağacı mövzusunu özünəməxsus bir tərzdə təqdim etmişlər.

Sərgidə kəhrəba mozaikalarla  bərabər, rəngli şüşədən installyasiyalar, vazalar, kəhrəba oyuncaqlar, “Oranta” və “Sofiya ağacı” kəhrəba mozaikalarının fotosurətləri də nümayiş etdirilir. Bədii sərgidəki eksponatlardan biri qədim tarixi olan kəhrəbadır.

Ukrayna sənaye üsulu ilə kəhrəba hasilatına görə dünyada ikinci yeri tutur.  Bu sərgidə nümayiş etdirilən kəhrəba Rovno  vilayətindəki Vladimires-Vostoçnı yatağında çıxarılır.

AzərtTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında