Görkəmli aktrisa Hökümə Qurbanovanın 100 illik yubileyi qeyd edildi

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük səhnə ustası, Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti Hökümə Qurbanovanın anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley gecəsi keçirilib. Bu barədə  Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev görkəmli aktrisanın ömür yolundan, milli teatrımıza verdiyi böyük töhfələrdən danışıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Hökümə Qurbanovanın 100 illik yubileyi haqqında” 2013-cü il 4 mart tarixli sərəncamı unudulmaz sənətkarın yaradıcılığına verilən yüksək qiyməti bir daha təsdiq edir.

Diqqətə çatdırılıb ki, Hökümə Qurbanova aktyorluq fəaliyyətinə 1933-cü ildə “Azərbaycanfilm” kinostudiyasında başlayıb, böyük dramaturq Cəfər Cabbarlının təşəbbüsü ilə “Almaz” filmində Yaxşı rolunda çəkilib. Aktrisanın teatrda ilk rolu isə 1938-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrında “Vaqif” tamaşasında gürcü qızı Tamara olub.

Ömrünün sonunadək çalışdığı bu teatrda Hökümə Qurbanova bənzərsiz obrazlar yaradıb, milli teatr tariximizə parlaq səhifələr yazıb. Aktrisanın əbədiyaşar sənəti həmişə yüksək qiymətləndirilib. O, Azərbaycanın və SSRİ-nin xalq artisti adlarına, Dövlət mükafatına layiq görülüb.

Yubiley gecəsində sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə aktrisanın yaradıcılıq fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, böyük faciə ustası olan Hökümə Qurbanova komik və dramatik rolları da eyni dərəcədə məharətlə ifa edib. Onun yaradıcılığının zirvəsi isə Tofiq Kazımovun quruluş verdiyi “Antoni və Kleopatra” tamaşasında Kleopatra obrazıdır.

Digər çıxışlarda da sənətkarın yaradıcılıq xüsusiyyətlərindən danışılıb. Vurğulanıb ki, sənətkarın yaradıcılığı yeni nəsil üçün məktəb olaraq qalmaqdadır.

Tədbirdə aktrisanın çəkildiyi filmlərdən kadrlar göstərilib, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorlarının ifasında görkəmli aktrisanın oynadığı tamaşalardan səhnələr təqdim olunub.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında