“Ya Qarabağ, ya ölüm” filminin təqdimatı olmuşdur

 

İyunun 10-da “Kaspi” qəzeti və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı, Xocavənd Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə çəkilən “Ya Qarabağ, ya ölüm” filminin təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, tanınmış şairə Sona Vəliyevanın Vətən, yurd həsrətli şeirlərindən istifadə olunan filmdə professor Səyavuş Kəriminin Şuşaya səfər təəssüratları, Əhməd Şəfəqin “Qarabağ” və “Sarı gəlin” mahnıları, Ozan Arifin “Ya Qarabağ, ya ölüm” şeiri, Mənsum İbrahimov və Səadət Cavadovanın ifasında “Qarabağ şikəstəsi”, Şəmistan Əlizamanlının ifasında Əsəd Kabaklının “Çabuk böyü, çabuk yetiş, tez oğlum” mahnıları, Bakıda Cıdır meydanında Qarabağ atları yetişdirənlərin arzuları təqdim edilir.

Mətbuat Şurasının sədri Əflatun Amaşov film haqqında məlumat verərək, onun Azərbaycan mədəniyyəti, işğala məruz qalan torpaqlar və Qarabağ atlarından bəhs etdiyini söyləmişdir. Ə.Amaşov demişdir: “Filmin ana xətti Vətənə sevgi, məhəbbət üzərində qurulmuşdur. Yaradıcılığımızda müxtəlif mövzulu əsərlər yaratmaq olar. Lakin həmin əsərlərin ana xəttini Vətənə sevgi təşkil etməsə, o əsər uzun müddət yaşaya bilməz. Ancaq bu film yaşayacaqdır. Çünki onun qayəsini Vətən sevgisi, Qarabağ həsrəti, mədəniyyətimizə və tariximizə dərin hörmət təşkil edir. 

Sonra 45 dəqiqəlik film nümayiş olunmuşdur.

Filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva çıxış edərək  filmdə Qarabağ atlarının güc rəmzi kimi təqdim olunduğunu vurğulamışdır. Sona xanım demişdir: “Şuşa hər birimizin yaralı yeridir. Düşünürəm ki, bu yaramız Şuşa düşməndən azad olunandan sonra sağalacaqdır. Biz gözümüzü açandan “Qarabağ şikəstəsi”nə qulaq asmışıq. Bu mahnıda çox böyük bir yanğı və Vətən həsrəti öz əksini tapır. Hər zaman düşünürəm ki, niyə Şuşanın çiçəklənən dövründə də belə yanğılı mahnı oxunurdu? Özlüyümdə belə cavab verirəm ki, Şuşanın hər zaman düşmənlə üz-üzə durması, namərdlərin gətirilib bu qədim Azərbaycan şəhərində  yerləşdirilməsi sanki onun taleyi idi. “Qarabağ şikəstəsi”ndə Şuşa, sanki öz taleyini yaşayırdı.

Şuşa Azərbaycan mədəniyyətinin yüksək zirvəsidir. Mən Şuşanı heç zaman görməmişəm. Ancaq şeirlərimin birində qeyd etmişəm ki, Şuşada mənim bir evim vardır. Bu mənada Şuşa hər bir azərbaycanlının evidir. Biz bu evi düşmənlərdən azad etməliyik və azad edəcəyik”.

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təbliğ üzrə müşaviri Seyid Əhməd Arslan, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, xalq artisti, muğam ifaçısı Mənsum İbrahimov, tanınmış türk müğənnisi, şair, bəstəkar Əhməd Şəfəq, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, layihənin rəhbəri Bəxtiyar Qaraca çıxış edərək filmin əhəmiyyətindən danışmış, bu ekran əsərində çox aktual bir mövzuya müraciət olunduğunu qeyd etmişlər. 

Filmin çəkilişləri Xocavənd rayonu ilə yanaşı, Bakıda, Şamaxıda və İsmayıllıda aparılmışdır. Filmin ssenari müəllifi və rejissoru Kəmalə Mirzəyeva, operatorları Elxan Rüstəmov və Manaf Əzizli, inzibatçı Manaf Tağıyev, montaj rejissoru İsmayıl Əhmədiyyədir. Layihə rəhbəri Bəxtiyar Qaraca, baş məsləhətçisi Əflatun Amaşovdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında