Masallı ikinci folklor festivalına hazırlaşır

 

Məlum olduğu kimi, ötən il Masallı şəhəri Azərbaycanın Folklor Paytaxtı elan edilmişdi. Qədim mədəniyyətə, xalq yaradıcılığına, çoxsaylı abidələrə malik olan Masallıda qiymətli maddi- mədəni incilər və xalq sənəti örnəkləri layiqincə qorunub saxlanır. Folklor paytaxtında keçirilən tədbirlərin çox fərəhli nəticələri burada folklor festivalını ənənəvi olaraq hər li keçirmək ideyasını ortaya çıxarmışdır.

 Masallının yurdsevər ziyalıları indi xəyalən həmin günlərə qayıtmaqdan, bayram tədbirlərini dönə-dönə xatırlamaqdan zövq alır, qürur duyurlar. Oxucuları da həmin “səyahət”ə qatmaq yerinə düşər.

Folklor ilində ağsaqqalların hikmət xəzinəsi, ağbirçəklərin bayatı boxçası açıldı. Folklorşünas alimlər rayonu kənd-kənd, oba-oba gəzib bu zəngin “qənimətləri” topladılar. Bu işlər “Azərbaycan folkloru mənəvi sərvətimizdir” mövzusunda keçirilən elmi-praktik konfransda qismən yekunlaşdı. Masallı folklor nümunələri kitablarda çap edildi. Filmlərdə, xüsusilə “Halay” haqqında çəkilən sənədli ekran əsərlərində bunlardan geniş istifadə olundu.

 Masallıda respublika muğam festivalı təntənəli keçdi. Mədəniyyət evinin “Masallı” rəqs, incəsənət məktəbinin “Sara” qrupları, yaşlılardan və gənclərdən ibarət “Halay” ansamblları, Şərəfə kəndinin “Həcər”, Xırmandalı, Öncəqala, Sərçuvar, Gəyəçöl və Qodman kəndlərinin xalq kollektivləri rəngarəng tədbirlərdə uğurla çıxış etdilər. Sonra yaz festivalı, turizm mövsümünün açılışı, xalq sənəti, el təranələri, xalq yaradıcılıq bayramları təmtəraqla keçdi. Bir sözlə, rayonun 118 bədii özfəaliyyət kollektivi, onların 2800 üzvü tədbirlərdə yaxından iştirak etdi.

Folklor ili çərçivəsində ən böyük tədbir isə Beynəlxalq Folklor Festivalı oldu. Həmin gün – sentyabrın 7-si Masallı şəhəri xüsusilə təmtəraqlı görünürdü. Küçə və meydanlar şəhər sakinləri, kənd və qəsəbələrdən gələn seyrçilərlə dolu idi. Festivalın xarici qonaqları hərarətlə qarşılandı.

Bayraq Meydanından başlayan görüş iştirakçıları arasıkəsilməyən dəstələrlə Heydər Əliyev parkının önündən keçdilər. Folklor kollektivləri təmsil etdikləri ölkələrin bayraqlarını dalğalandırırdılar.

“Halay” folklor kollektivi, “Masallı” rəqs qrupu, Naxçıvanın rəqs ansamblı, Dağıstan, Kabarda-Balkar, Türkiyə, İran və Latviyanın folklor kollektivləri üç gün rayon mərkəzində, Boradigah qəsəbəsi və Şərəfə kəndində, turizm-istirahət obyektlərində rəngarəng proqramlarla çıxış etdilər.

Rayon mərkəzində keçirilən çox uğurlu yekun konsertində zəngin folklorumuzun dünyaya tanıdılması dövlət siyasətinin tərkib hissəsi kimi dəyərləndirildi.

Dekabrın 15-ində Masallı yenidən izdihamlı idi. Rayona dövlət rəsmiləri, çoxsaylı KİV nümayəndələri gəlmişdilər. Rayon Gənclər Mərkəzində keçirilən tədbirdə folklor ilindən geniş danışıldı. Yeni kollektivlərin və ifaçıların meydana çıxdığı bildirildi.

Mədəniyyət və Turizm nazirliyinin şöbə müdiri Fikrət Babayev, AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Azərbaycanın qədim və zəngin folklor irsinə malik olduğunu qeyd edərək vurğuladılar ki, bu böyük xəzinənin dünyaya tanıdılmasında Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Sonra folklor ilində fərqlənənlərə diplom, fəxri fərman və mükafatlar təqdim edildi.

Folklor ansamblları, respublikanın ünlü incəsənət ustalarının, ayrı-ayrı ifaçıların və rəqs kollektivlərinin çıxışları bir-birini əvəz etdi...

Həmin unudulmaz anlardan artıq yarım il ötür. Bir neçə gündən sonra - iyunun 12-də Masallı yenidən bayram ovqatına bələnəcək. Dörd gün ərzində burada növbəti beynəlxalq folklor festivalı reallaşdırılacaq. Aylardır ki, rayonda möhtəşəm bayrama hazırlıq işləri gedir. Festivalda Azərbaycan, Gürcüstan, Iran, Latviya, Qazaxıstan və Rusiyanı (Dağıstan Respublikasını) təmsil edən 14 folklor kollektivi öz bacarıq və istedadını nümayiş etdirəcək. Ümumiyyətlə, folklor bayramına 300-dən artıq qonaq dəvət olunub. Artıq təşkilati məsələlərlə bağlı hazırlıq mərhələsinə yekun vurulub.

Bu ərəfədə rayon icra hakimiyyətinin təşəbbüsü və sifarişi, AMEA Folklor İnstitutu alimlərinin müəllifliyi ilə “Masallı folklor örnəkləri-I” adlı sanballı bir kitab yazılaraq çap edilib. Kitabdakı zəngin materialları toplayıb tərtib edən filologiya üzrə elmlər doktoru, professor Füzuli Bayat, nəşrin redaktoru isə Folklor İnstitutunun direktoru Muxtar İmanovdur. Kitab ərsəyə gələnə qədər dağlara, kəndlərə və obalara elmi ekspedisiyalar təşkil olunub, yerli ziyalılar da ağız ədəbiyyatının toplanmasında fəallıq göstərib, alimlərə yardımçı olublar. Dörd yüz on səkkiz səhifəlik kitab “Tarixini folklorunda, sözünü tarixində yaşadan diyar” adlanan əhatəli ön sözdən, “İnanclar”, “Dini rəvayətlər”, “Dini nəsihətlər”, “Mənkabələr”, “Əfsanələr”, “Məzəli və qəribə əhvalatlar”, “Yaxın keçmişlə bağlı əhvalatlar”, “Laylalar və oxşamalar”, “Bayatılar”, “Ağılar”, “Adət-ənənə”, “Toy adət-ənənələri”, “Halay” və “Xalq sənətləri” adlı bölmələrdən ibarətdir. İbrətamiz rəvayət və nəsihətlər, əsasən məkan adları ilə bağlı əfsanələr, düşündürücü lətifə xarakterli əhvalatlar maraqla oxunur. Cənub bölgəsinə xas şifahi yaradıcılıq xüsusiyyətlərini ehtiva edən həzin laylalar, “nərmənazik” bayatılar, kövrək ağılar, eləcə də əsrlərin o üzündən süzülüb gələn adət-ənənələr barədə toplanıb qələmə alınan yazılar oxucunu öz aurasına çəkir. Ayrı-ayrı kəndlərin halayları, xalq sənətləri örnəkləri barədə materiallar da qədirbilənliklə toplanıb ipə-sapa düzülmüşdür.

Kitabdakı nümunələri oxuduqca adam özünü qeyri-adi, əlçatmaz bir aləmdə hiss edir. Uşaqlıq çağları yada düşür... Yəqin ki, çoxları “Ay lolo” sözləri ilə başlanan nəğmələri dinləyib. Amma heç də hamı bilmir ki, “lolo” yüyrük, beşik deməkdir. Kitabı oxuyanlar bunu da öyrəniblər. “Halay” isə toplu, yığıncaq, dairə mənasını verir.

Ay lolo, çəkin halay düzülsün,

Ay lolo, xumar gözlər süzülsün.

Hər kim halay deməsə,

Əli yardan üzülsün...

Elə buradaca qeyd edək ki, yarım əsrdən çoxdur, dünyanı bir Masallı halayı dolaşır. Söhbət rayonun Mahmudavar kəndində yaranıb Azərbaycanımızı uzaq-uzaq ellərdə tanıdan “Halay” folklor kollektivindən gedir. Beynəlxalq “Qızıl buta” və “Qızıl balta” mükafatlarını almış, haqqında Moskva televiziyasının film çəkərək dünyaya yayımladığı ünlü bir kollektivdir “Halay”. Onun üzvləri zaman-zaman yaşlaşıb dəyişsələr də, kollektivin ənənələri, dəst-xətti dəyişməz qalıb. “Halay”ın “Masallı toyu” kompozisiyası hər zaman gözlər sevinci olub, könülləri duyğulandırıb. Gözəl, yaraşıqlı talış qızları dünyanın 28 ölkəsində, o cümlədən qardaş Türkiyənin 15 şəhərində uğurla çıxış ediblər. İnişil Macarıstanda keçirilmiş beynəlxalq festivalda “Halay” Azərbaycanı layiqincə təmsil edib. Kollektivin “Yallı”, “Sarı gəlin”, “Naz eləmə”, “Bakı” kimi özəl rəqsləri sənətsevərləri sözün əsl mənasında heyran qoyub. “Halay”ın rəhbəri, əsas qayğıkeşi, qızların mənəvi anası əməkdar mədəniyyət işçisi Lətifə Mövsümovadır. O olmasaydı, “Halay” bəlkə də çoxdan dağılıb getmişdi. Ən çətin dönəmlərdə “Halay”ı yaşadan, qızları pərən-pərən düşməyə qoymayan məhz Lətifə xanım olub. Bəzən özü də əlvan libas geyinib, necə deyərlər, qol çırmalayıb rəqslərə qatılıb ki, çıxışlarda heç bir əskiklik olmasın. Rayon mədəniyyət və turizm şöbəsinə rəhbərlik edən Lətifə xanım əbəs yerə bölgə incəsənətinin mahir bilicisi və fədakarı sayılmır.

Xatırladaq ki, ötən ilki festivalın yekun tədbiri də elə əsasən “Masallı toyu” kompozisiyası üzərində qurulmuşdu: kollektivlər bir-bir toy məclisinin düzənləndiyi meydana daxil olaraq çıxışlarını edib, məharətlərini göstərirdilər.

Onu da deyək ki, Masallıda II Beynəlxalq Folklor Festivalına hazırlıq işləri təkcə bədii kollektivlərin sənətinin təkmilləşməsi, onların gündəlik məşqləri ilə bitməyib. Hazırlıq, tədarük daha geniş miqyası – şəhərin abadlıq və təmizliyindən tutmuş, qonaqların yerləşdirilməsi, istirahəti və ekskursiyalarına kimi vacib tədbirləri əhatə edir. Masallıda bu istiqamətdə xeyli iş görülüb. Yeni meydanlar, parklar salınıb, şəhərin estetik görkəmi xeyli yaxşılaşdırılıb. İcra hakimiyyətinin başçısı Rafil Hüseynov və müavinləri, müvafiq idarə və təşkilatların rəhbərləri də əllərindən gələni ediblər ki, festival yenə də yüksək səviyyədə keçsin, Masallı folklor ənənələrinin zənginliyi, cənub qonaqpərvərliyi bir daha dünyaya yayılsın.

İnanırıq ki, elə də olacaq.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin

bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında