İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şəkidən xoş və zəngin təəssüratlarla ayrılmışlar

 

Bakıda keçirilən İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirakçılarının bir qrupu iyunun 2-də Şəki şəhərində olmuşlar.

AzərTAc xəbər verir ki, Şəkiyə səfərləri çərçivəsində qonaqlar şəhərin görməli yerlərini gəzmiş, tarixi-memarlıq abidələri ilə tanış olmuşlar.

Forum iştirakçılarının bu qədim diyarla tanışlığı Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki xanlarının sarayından başlamışdır. Sarayın həyətində yaradılmış Şəki sənətkarlarının əl işlərindən ibarət sərgidə nümayiş etdirilən şəbəkə, ağac üzərində oyma, misgərlik və digər sənətkarlıq nümunələri, habelə yaşı beş yüzə çatan qoşa Xan çinarları forum iştirakçılarının böyük marağına səbəb olmuşdur.  Qonaqlara sarayın tarixi barədə məlumat verilmişdir.

Forum iştirakçıları sarayın həyətində Şəki Musiqi Kollecinin kamera ansamblının ifasında klassik Avropa və Azərbaycan musiqilərindən parçalar dinləmiş, xatirə şəkilləri çəkdirmişlər.

Şəkiyə səfərləri çərçivəsində Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Kiş kəndində yerləşən qədim alban məbədini də ziyarət etmişlər.

Qonaqlara məlumat verilmişdir ki, məbəd eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində inşa edilmişdir. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. Məbəd tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.

Burada saxlanılan qədim və nadir nümunələr qonaqların böyük marağına səbəb olmuşdur.

Səfər çərçivəsində forum iştirakçıları XIX əsrə aid tarixi-memarlıq abidəsi Şəki Cümə məscidi və XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilmiş “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə də tanış olmuşlar. Məlumat verilmişdir ki, Şərq memarlığı üslubunda tikilmiş bu karvansaray 300-ə yaxın otaq və zirzəmidən ibarətdir. Hazırda bu abidə mehmanxana kimi fəaliyyət göstərir.

Qonaqlar abidənin həyətində Şəkinin milli mətbəx nümunələrini dadmışlar.

İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şəkidən xoş və zəngin təəssüratlarla ayrılmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında