“Mədəniyyətlərarası dialoqun və çeşidliliyin təşviqində korporativ sektorun rolu”

 

Mayın 31-də İkinci Ümumdünya  Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəniyyətlərarası dialoqun və çeşidliliyin təşviqində korporativ sektorun rolu” mövzusunda plenar iclas keçirilmişdir.

İclasda dünyanın müxtəlif ölkələrində mədəni müxtəlifliyin qorunması probleminin elmi-nəzəri dərki,  qloballaşma proseslərinin inkişafı şəraitində mədəniyyətlərarası və dinlərarası ziddiyyətlərin kəskinləşməsi, konfessiyalararası əlaqələrin axtarışı və tolerantlılığın təbliği məsələləri müzakirə edilmişdir.

AzərTAc xəbər verir ki, sessiyanın moderatoru Britaniyanın Koventri Universitetinin icraçı direktoru, professor Mayk HARDİ olmuşdur. O, müasir dünyada şirkətlərin irəliləməsində korporativ mədəniyyətin əhəmiyyətindən danışmışdır.

Sessiyada ABŞ-ın “Weyerhaeuser” şirkətinin nümayəndəsi Effenus HENDERSON və Britaniyanın “EF Education First” şirkətinin icraçı direktoru Karl-Yohan VESTRİNQ çıxış etmişlər.

Effenus Henderson keyfiyyətli təhsil, o cümlədən demokratiya, insan və vətəndaş hüquqları  ilə bağlı təhsil imkanlarının təmin olunmasından, hər xalqın öz mədəniyyətinə dair  bilikləri əldə etməsindən və başqa xalqların mədəniyyətini və ənənələrini mənimsəməsindən,  habelə korporasiya və şirkətlərdə müxtəlif millətlərdən və dinlərdən olan insanların fəaliyyətindən danışmışdır.

Onun sözlərinə görə,  qloballaşma şirkət rəhbərləri qarşısında yeni vəzifələr qoyur. Liderlər  müasir çoxşaxəli dünyada müxtəlif millətlərdən və dinlərdən olan insanlarla əlaqələr qurmağı və onlara rəhbərlik etməyi bacarmalıdırlar. Şirkətin irəliləməsi ilə bağlı  ideyaların həyata keçirilməsi onun bütün əməkdaşları ilə  razılaşdırılmalıdır.

Bildirilmişdir ki, işgüzar mədəniyyətlər arasında əlaqələrin qanunauyğunluqlarının  nəzəri baxımdan dərk edilməsinə  İkinci Dünya müharibəsindən sonra başlanmışdır. Əsl  həqiqətdə və  praktikada isə mədəniyyətlərarası menecment problemləri, yəni işgüzar ünsiyyət proseslərinin idarə olunması iqtisadiyyatın özü qədər qədimdir. İşgüzar kommunikasiya həmişə, bütün zəmanələrdə və bütün xalqlarda dünyaya milli baxışa, milli mədəniyyətlərə və milli, o cümlədən iqtisadi mentalitetə söykənir.

Tədqiqatçıların əksəriyyəti hesab edir ki, bu,  ilk növbədə, müharibədən sonrakı bərpa dövründə beynəlxalq iqtisadi əlaqələrin kəskin şəkildə genişlənməsi ilə bağlıdır. Ötən əsrin 60-70-ci illərində bir qrup ABŞ alimi zamanın yeni çağırışlarına cavab verərək praktiki, psixoloji və strateji tövsiyələr işləyib  hazırlamağa başlamışdır. Həmin tövsiyələr transmilli şirkətlərin yaradılması və ABŞ-ın iqtisadi maraqlarının  ön plana  çəkilməsi zamanı itkiləri minimuma endirməli idi. “Korporativ mədəniyyət termini” XIX əsrdə yaranmışdır. Bu termin alman feldmarşalı Moldke tərəfindən yaradılmış  və tətbiq edilmişdir.  Moldke həmin termindən zabitlərin qarşılıqlı münasibətlərini səciyyələndirərkən istifadə etmişdir.

Effenus Hendersen bildirmişdir ki, adətən təşkilatlarda mövcud olan korporativ mədəniyyət kollektivin bütün üzvləri tərəfindən sübutsuz qəbul edilən və ümumi davranış çərçivələrini nəzərdə tutan mürəkkəb təkliflər kompleksidir.

Müasir rəhbərlər öz təşkilatlarının mədəniyyətinə onun bütün bölmələrini və ayrı-ayrı şəxsləri ümumi məqsədlərə istiqamətləndirməyə, əməkdaşların təşəbbüslərini səfərbərliyə almağa və onlar arasında səmərəli ünsiyyəti asanlaşdırmağa imkan verən güclü strateji vasitə kimi baxırlar. Onlar hər bir təşkilatın  özünəməxsus mədəniyyətini yaratmağa çalışırlar ki, bütün qulluqçular onu başa düşüb dəstəkləsinlər. Müasir təşkilatlar bir qayda olaraq çoxmədəniyyətli qurumu təmsil edirlər.

“EF Education First”  şirkətinin icraçı direktoru Karl-Yohan Vestrinq şirkətin fəaliyyətinə həsr olunmuş təqdimatdan sonra qurumun müxtəlif  xalqların nümayəndələrindən olan əməkdaşlarının işindən danışmışdır.

Karl-Yohan Vestrinq demişdir ki, müasir dünyada qloballaşma prosesi zamanı  baş verən siyasi-iqtisadi və mədəni inteqrasiya faktını bu gün heç kəs şübhə altına qoya bilməz. Ölkələr və xalqlar həyatın bütün sahələrində -istər siyasi, istər iqtisadi, istərsə də mədəni sahələrdə  şəxsi ünsiyyətdən tutmuş beynəlxalq görüşlərədək bütün səviyyələrdə informasiya texnologiyalarının son nailiyyətlərindən (telekörpülər, kompyuter şəbəkələri, internet) yararlanaraq fəal əməkdaşlıq edir və qarşılıqlı fəaliyyət göstərirlər.

Bir çoxları bu müxtəlif və çoxsəviyyəli əlaqələri dəstəkləmək üçün ingilis dilini öyrənir, çünki beynəlxalq ünsiyyətdə məhz bu dildən geniş istifadə olunur. Onlar istənilən əcnəbi dili öyrənməyə başlayan kimi  sırf dilçilik normaları və qaydaları (fonetika, qrammatika və sintaksis) ilə bərabər,  başqa mədəniyyətin norma və qaydalarını da mənimsəməli olurlar. “Mədəniyyət” anlayışı  bütövlükdə bütün dünyada,  ayrıca götürülmüş ölkənin daxilində insanların davranışını  başa düşmək  üçün vacibdir. Mədəniyyət və ya insanların mədəni əhatəsi mahiyyət etibarilə mövcud fiziki və bioloji mühitə uyğunlaşmaq üsuludur. Hər bir xalq mövcud olması və inkişaf etməsi üçün zəruri olan adət-ənənələrini,  hamı tərəfindən qəbul edilmiş normalarını nəsildən-nəslə ötürür.

Karl-Yohan Vestrinq vurğulamışdır ki, biz əldə olunmuş mədəniyyətlərarası ünsiyyət təcrübəsi sayəsində dünyaya daha geniş baxır və başqa insanların mədəni müxtəlifliyinə dözümlü yanaşırıq.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında