Mayın 30-da Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Tarixin tədrisi vasitəsilə mədəniyyətlərarası dialoq: ən yaxşı təcrübələr və çətinliklər” mövzusunda işçi sessiya keçirilmişdir.
AzərTAc xəbər verir ki, işçi sessiya Avropa Şurası Şimal-Cənub Mərkəzi icraçı direktorunun müavini Roman ÇLAPAKIN moderatorluğu ilə keçirilmişdir.
Tədbirin əhəmiyyətindən danışan R.Çlapak bildirmişdir ki, tarix mədəniyyətlərarası dialoqu dəstəkləyən bir alətdir. Tarix və tarixin tədrisi həmişə Avropa Şurasının təhsil sahəsində fəaliyyətinin əsasını təşkil etmişdir. Sessiya tarixin tədrisində qazanılmış təcrübələrin və uğurların paylaşılmasında böyük rol oynayacaq, bu sahədə qarşıya çıxan çətinliklərin birgə araşdırılmasına, mədəniyyətlərarası dialoqun genişləndirilməsinə təkan verəcəkdir.
Avropa Şurasının Azərbaycan ilə münasibətlərə böyük əhəmiyyət verdiyini qeyd edən R.Çlapak demişdir ki, Azərbaycan bu qurumun, eləcə də Şimal-Cənub Mərkəzinin üzvüdür. Bir sıra qlobal problemlərin həlli istiqamətində mühüm işlər görən Mərkəzin fəaliyyətində təhsil və gənclər məsələsi bu gün diqqəti daha çox cəlb edən məsələlərdəndir. Əminəm ki, Bakıda artıq ikinci dəfə keçirilən Forum bizi gələcəyə doğru daha inamla addımlamağa stimul verən yeni ideyalar ilə tanış edəcəkdir.
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl CABBAROV çıxışında bildirmişdir ki, bir çox ölkələrin və millətlərin tarixin tədrisindən özlərinin müəyyən mənafelərinə nail olmaq üçün istifadə etmələri bəşər tarixində artıq adət halını almışdır. Bu isə dünyanın bir çox yerlərində münaqişələrin yaranmasına səbəb olur, onların ədalətli və dözümlü həllinə əngəl törədir. Təəssüflər olsun ki, bizim regionumuz da bu cür hallardan istisna deyildir. Bir çox hallarda tarixin tədrisindən tarixi birtərəfli və qərəzli şəkildə təqdim etmək üçün istifadə edilir. Bütün bunlar məhz belə bir ideya uğrunda cərəyan edir və bu, sivilizasiyalar arasındakı dialoq məsələsini gündəmə gətirir.
Nazir artıq 20 ildən çoxdur ki, Azərbaycanın Ermənistan tərəfindən təcavüzə məruz qaldığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu təcavüz milli ekstremist qüvvələr tərəfindən həyata keçirilmişdir. Mədəniyyətlərarası uzlaşma qarşılıqlı hörmət və anlaşmadan irəli gəlir. Tarix xalqları körpü kimi birləşdirməli, arada maneələrin olmasına imkan verməməlidir. İnsanlar arasında ədavət, nifrət, düşmənçilik toxumlarının səpilməsinin qarşısını almaq üçün tarixin tədrisi sahəsində xüsusi mexanizmlərin yaradılması, bu istiqamətdə gənclərin potensialından istifadə edilməsi zəruridir. Çünki dünyada baş verən təbii fəlakətlərin, qlobal proseslərin fonunda bu gün insanların birləşmələrinə daha çox ehtiyac vardır.
Türkiyənin İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Mərkəzinin baş direktoru Halit EREN təmsil etdiyi qurumun Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi layihələrdən danışmışdır.
Forumun əhəmiyyətindən söz açan H.Eren demişdir ki, mədəniyyətlərarası dialoq zəngin mədəniyyətə malik xalqlar arasında əlaqələrin genişlənməsinə kömək edir. Bu, həm də tarixin tədrisi ilə bağlı bir məsələdir. Bu baxımdan beynəlxalq təşkilatlar arasında tərəfdaşlığın böyük əhəmiyyəti vardır. Tarix ictimaiyyətə açıq olmalıdır. Beynəlxalq tərəfdaşların əməkdaşlığı tarixin tədrisi sahəsində yeni kurikulumun işlənib hazırlanmasına kömək edə bilər. Əminəm ki, burada tarixin tədrisi sahəsində bilik və təcrübələrin paylaşılması mədəniyyətlərarası dialoqun güclənməsinə öz töhfəsini verəcəkdir.
İşçi sessiyada Avropa Tarix Müəllimləri Assosiasiyasının təmsilçisi xanım Yok van der LYU-ROD, Avropa Şurasının eksperti Brayan KARVEL, Livandakı Adyan Fondunun sədri Fadi DAOU, Fələstinin Betlehem Universitetinin professoru Sami ADVAN, Ukrayna Tarix və Sosial Tədqiqatlar Assosiasiyasının nümayəndəsi Polina VERBİTSKA, mərakeşli professor Mustafa HƏSƏNİ İDRİSİ və başqaları çıxış edərək Bakıda keçirilən İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən danışmış, müasir dövr üçün belə vacib tədbirin təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında müzakirələr aparılmışdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.