İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın dünyada daha geniş şəkildə tanınmasına və təbliğinə öz töhfəsini verəcəkdir

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə mayın 29-da Bakıda öz işinə başlamış “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” devizi altında İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mətbuat konfransı keçirilmişdir.

Tədbirdə  mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə forumun gündəliyi barədə  məlumat vermişdir.

Diqqətə çatdırılmışdır ki, iyunun 1-dək davam edəcək İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Bakı Forumunun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi nüfuzlu beynəlxalq siyasi, iqtisadi və mədəni güc mərkəzləri çıxış edirlər.

Nazir demişdir ki, bu Forum ölkəmizdə həyata  keçirilən ən böyük mədəni layihələrdəndir. Bu möhtəşəm tədbir çərçivəsində reallaşacaq görüşlər və müxtəlif mövzulu seminarlarda dinləniləcək məruzələr yeni ideyaların, fikirlərin ortaya çıxmasına, dövlətlər və xalqlar arasında mövcud olan münasibətlərin daha da yaxşılaşmasına təkan verəcəkdir.

Diqqətə çatdırılmışdır ki, Forum günlərində paytaxtımıza təşrif buyurmuş 100-dən çox ölkəni təmsil edən qonaqlar Azərbaycanı daha yaxından tanımaq imkanı da əldə edəcəklər.

Azərbaycanın böyük tarixi keçmişə malik olduğunu söyləyən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser belə bir tədbirə himayədarlıq etdiyinə görə Azərbaycan Prezidentinə və hökumətinə  minnətdarlığını bildirmişdir.

Təmsil etdiyi qurumun həyata keçirdiyi layihələrdən söz açan qonaq demişdir ki, Forumun mayın 30-da  keçiriləcək açılış mərasimində bu barədə daha geniş məlumat verəcəkdir.

Bakıda olmasından məmnunluğunu dilə gətirən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri paytaxtımızın günbəgün gözəlləşməsini xüsusi vurğulamışdır.

Tədbirin əhəmiyyətindən danışan İSESCO-nun baş direktoru dünyada baş verən zorakılıqları, dini ayrı-seçkilikləri pisləmiş və Azərbaycanın digərləri üçün model ola biləcəyini söyləmişdir. Bildirmişdir ki, burada müxtəlif dinlərin nümayəndələrinin birgə yaşaması başqaları üçün nümunədir.

Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkələri üçün gördükləri işi yüksək dəyərləndirən Əbdüləziz bin Osman əl-Tüveycri demişdir ki, onlar xalqın hərtərəfli inkişafı, sülh və əmin-amanlıq şəraitində yaşamasında  son dərəcə maraqlıdırlar.

Forumun Bakıda keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirən UNESCO-nun baş direktorunun müavini Katerina Stenou sülh və inkişafla mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik arasında əlaqələrdən danışmışdır. Qonaq xüsusi vurğulamışdır ki, Azərbaycan müxtəlif millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən mehriban dostluq şəraitində yaşadığı tolerant bir ölkədir. Bu isə ölkənin inkişafında vacib amildir. Azərbaycanda yaradılmış bu nadir təcrübə digər ölkələr tərəfindən öyrənilməlidir. Bakıda keçirilən Forum bu inkişafa və müxtəlifliyə yardım edir. Düşünürəm ki, Bakı mədəniyyətlərarası dialoqun paytaxtı ola bilər.

Dünya Turizm Təşkilatının (DTT) Yaxın və Orta Şərq üzrə regional direktoru Əmr Əbdül Qafar isə bildirmişdir ki, turizmin inkişafı üçün sülh, əmin-amanlıq, insanlar arasında qarşılıqlı hörmət kimi amillər vacibdir.

Forumun tolerantlığın inkişaf etdirilməsi nöqteyi-nəzərdən vacibliyinə toxunan DTT təmsilçisi beynəlxalq tədbirin işinə uğurlar arzulamışdır.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

AzərTAc

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında