Mərakeş, Səudiyyə Ərəbistanı, Suriya, Mozambik və Tunisin nazirləri İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya gələcəklər

 

 

Bu il mayın 29-dan iyunun 1-dək Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham

Əliyevin himayəsi ilə “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” şüarı altında İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkdir.

Forumun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı çıxış edirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 27 may tarixli Fərmanı ilə forum hər iki ildə bir dəfə Bakıda keçirilir və tədbirin əlaqələndirici qurumu kimi Mədəniyyət və Turizm Nazirliyi təyin edilmişdir.

Bu platformanın qlobal beynəlxalq əhəmiyyəti, Azərbaycanın Şərq ilə Qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi nəzərə alınaraq ilk dəfə olaraq İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dünya Forumu Nazirlər Konfransı keçiriləcəkdir.

Forumda beynəlxalq qurumların rəhbərləri, bir neçə ölkənin hazırkı və keçmiş prezidentləri, dünyanın 100-dən çox ölkəsindən nazirlər, ekspertlər, beyin mərkəzlərinin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edəcəklər.

Artıq xəbər verdiyimiz kimi, Əfqanıstanın mədəniyyət və informasiya naziri Səyid Makdum Rahin, Banqladeşin mülki aviasiya və turizm naziri Məhəmməd Faruk Xan, Burundinin gənclər, idman və mədəniyyət naziri Adolf Rukenkanya, Litvanın mədəniyyət naziri Sarunas Birutis, Montenegronun mədəniyyət naziri Branislav Mikunoviç, bu ölkənin  elm naziri Sanja Vlahoviç Bakı Forumunda iştirak edəcəklərini bildirmişlər.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən  AzərTAc-a bildirmişlər ki, daha bir neçə ölkənin, o cümlədən Mərakeşin mədəniyyət naziri Məhəmməd Amin Sbihinin, Səudiyyə Ərəbistanının mədəniyyət və informasiya naziri Əbdülaziz bin Mohiyəddin Xocanın, Suriyanın mədəniyyət naziri Lubanah Muşavehin, Mozambikin mədəniyyət naziri Armando Artur Joaonın və Tunisin mədəniyyət naziri Mehdi Mabroukun forumda iştirak etmək üçün Bakıya gələcəkləri məlum olmuşdur. 

Forumun proqramına “Dünyanın gələcəyini birgə necə qurmaq lazımdır?”, “Qloballaşmanın yeni erası: dəyişən dünyada mədəniyyətdə hibritləşmə”, “Mədəni müxtəliflik üçün ictimai dəstəyi necə qurmaq lazımdır?”, “Qlobal vətəndaşlıq: mədəniyyətlərarası fəaliyyətlərə doğru”, “Cənub-Şərqi Avropa, Qara dəniz və Qafqaz regionunda mədəni dəhlizlər-birgə irs, ümumi vəzifələr, davamlı gələcək”, “Tarixin tədrisi vasitəsilə mədəniyyətlərarası dialoq: ən yaxşı təcrübələr və çətinliklər”, “Müsəlman və Qərb dünyası arasında mədəniyyətlərarası dialoqun təşviq olunması”, “XXI əsr üçün mədəniyyətlərarası bacarıqların qurulması”, “Turizm - insanlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşma və tolerantlığın əsas aparıcısı kimi”, “Mədəniyyətlərarası dialoq: etiqad və elm”, “XXI əsrdə müxtəliflik üçün urbanizasiya siyasəti: mədəniyyətlərarası şəhər paradiqması”, “Mədəniyyətlərarası dialoq, çeşidlilik və təmsilçiliyin təşviqində vətəndaş cəmiyyətinin rolu”, “Mədəniyyətlərarası dialoqun və çeşidliliyin təşviqində korporativ sektorun rolu” sessiyaları daxildir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında