Qobustan Milli Tarixi-Bədii Qoruğu “Avropada ilin muzeyi” müsabiqəsinin qalibləri sırasında

 

 

Qobustan Milli Tarixi-Bədii Qoruğu 2013-cü il üzrə “Avropada ilin muzeyi” müsabiqəsində qalib olub. Avropanın 41 tanınmış muzeyinin iştirak etdiyi müsabiqədə Qobustan qoruğu mürəkkəb seçim mərhələlərindən keçərək xüsusi mükafata layiq görülüb. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Avropa Muzey Forumu (European Museum Forum) tərəfindən keçirilən “Avropada İlin Muzeyi” müsabiqəsi  dünyada muzey işi sahəsində ən nüfuzlu və böyük tarixi olan müsabiqələrindəndir. 1977-ci ildən bəri hər il onlarla muzey bu yarışmada iştirak edərək, nailiyyətlərini və qabaqcıl təcrübəsini həmkarları arasında paylaşmaq imkanı qazanır. Müsabiqə, eyni zamanda, geniş ictimaiyyətin diqqətini muzeylərdə keyfiyyət səviyyəsinin artmasına və innovasiyalara cəlb etmək məqsədi daşıyır.

 Mövcud şərtlərə görə, müsabiqədə son iki ildə açılmış, yaxud eyni dövrdə əsaslı rekonstruksiya keçmiş, yeni bölüm yaratmış “köhnə” muzeylər iştirak edə bilər. Əsas seçim meyarları muzeyin ictimaiyyətlə sıx əlaqə qura bilməsi, muzey mövzularının və əşyaların təqdimatında yeni və eksperimental üsullardan istifadə etməsi, ümumiyyətlə, əhaliyə yüksək mədəni xidmət təqdim etməsidir.

Qobustan Milli Tarixi-Bədii Qoruğunun yeni muzeyi 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə açılmışdır. Muzey “tarixin təqdim olunmasında və qabaqcıl texnologiyaların istifadəsində yeni yanaşma vasitəsilə regional, milli və beynəlxalq səviyyədə ictimaiyyətin maarifləndirilməsində ibtidai dövrün incəsənətinə marağın və biliyin artırılmasına görə” “Avropada ilin muzeyi” müsabiqəsinin xüsusi mükafatı ilə təltif edilib.

Artıq illərlə təsdiq edilmiş faktdır ki, bu nüfuzlu müsabiqədə uğur qazanan muzeylərə ziyarətçi axını xeyli artır. Məsələn, bu il müsabiqənin təqdimat mərasiminə ev sahibliyi edən Belçikanın Tongeren şəhərindəki Qallo-Roman arxeoloji muzeyi 2011-ci ilin əsas mükafatını aldıqdan sonra onu ziyarət edənlərin sayı ildə 150 minə (bu, kiçik bir əyalət şəhərinin əhalisindən üç dəfə çoxdur) çatıb.

Qısa zamanda ölkəmizdə və onun hüdudlarından kənarda tanınan Qobustan muzeyinin də müsabiqənin münsiflər heyəti tərəfindən mükafata layiq görülməsi onun dünyada daha geniş tanıdılmasına töhfə olacaq.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında