MUZEY: Yaddaş + kreativlik= sosial dəyişiklik

MUZEY: Yaddaş + kreativlik= sosial dəyişiklik

 Muzey- muzalara həsr edilmiş yer, muzalar məbədi deməkdir. Muzey təbiyyət tarixi, maddi və mənəvi mədəniyyət abidələrini komplektləşdirən, saxlayan, öyrənən və nümayiş etdirən elmi- maarif müəssisədir. Muzey hər bir ölkənin mədəniyyətinin ümumi yüksəlişini əks etdirir və elmi, mədəni sərvətlərdən hərtərəfli istifadə olunmasına imkan verir. Dünya ölkələrinin muzeylərini əlaqələndirmək üçün YUNESKO-nun Beynəlxalq Muzeylər Şurası fəaliyyət göstərir. YUNESKO Beynəlxalq Muzeylər Şurasının qərarı ilə 1978-ci ildən hər il mayın 18-də Beynəlxalq Muzeylər günü dünya miqyasında qeyd edilir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 1993-cü ildən Beynəlxalq Muzeylər Şurasının üzvüdür. Və hər il ənənəvi olaraq bu gündə müxtəlif başlıqlar altında keçirilən tədbirlərlə “Muzeylər gecəsi” aksiyasına qoşulur.

18 mart 2013-cü ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Muzeylər gecəsi” aksiyası çərçivəsində Beynəlxalq Muzeylər günü münasibətilə tədbir keçirilmişdir.

Bu ilki tədbirdə giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək muzey işçilərini  bayram münasibəti ilə təbrik etdi. Muzey materialları əsasında hazırlanmış slayd-şounun müşayiəti fonunda çıxış edən Alla Bayramova maraqlı məlumatlar vermiş, bir sıra məqamlara toxunmuşdur. Qeyd etmək lazımdır ki, tədbir “MUZEY: Yaddaş+ kreativlik= sosial dəyişiklik” devizi altında baş tutmuşdur. Bu başlığı təşkil edən hər bir kopmonent dinləyicilərə öxünəməxsus şəkildə təqdim olunmuşdur.

Böyük tarixə malik milli ədəbiyyatımızın tanınmış şairəsi, Azərbaycan İntibahının parlaq nümayəndəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyi münasibətilə konsert proqramı “YADDAŞ. Məhəsəti Gəncəvi 900” başlığı altında şairənin rübailəri əsasında muğam ilə başladı. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblı və Əməkdar Artist Nuriyyə Hüseynovanın ifasında xalq musiqisi təqdim olundu. Ansamblın bədii rəhbəri sənətşünaslıq namizədi, professor M.Kәrimov, konsertmeyster M. Şərifovdur. Ansamblın ifasında təqdim olunan musiqi orta əsrlər dövrünün abu-havasını canlandırırdı.

Kreativlik mövzusunda Qədim Musiqi Alətləri Ansamblının musiqiçisi Fəzilə Rəhimovanın çəng və Samir Fərəcovun gitarada  sintez etdikləri “ Sarı gəlin” xalq mahnısı təqdim olundu. Yaranma tarixi eramızdan əvvələ təsadüf edən çağdaş dövrümüzə gəlib çatmayan çəng və müasir dövrdə istifadə olunan gitara alətinin bu sintezi olduqca maraqlı idi.

Tədbirin Sosial dəyişiklər bölməsində Muzeyin Klassik Musiqi Həvəskarları Klubunun 5 illik yubileyi münasibətilə “Niyazi arxivinin illüstrasiyalı kataloqu”nun təqdimatı baş tutdu. Qeyd etmək lazımdır ki, Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi “Muzeylər gecəsi” aksiyası çərçivəsində muzeyin nəzdində Klassik Musiqi Həvəskarları Klubunu təşkil etmişdir. Klubun təsis yığıncağı 17 may 2008-ci il tarixində muzeyin fillialı olan Niyazinin mənzil muzeyində keçirilmişdir. 2008-2013 – cü illər ərzində Muzeydə  Asəf Zeynallı, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Muslüm Maqomayev, Soltan Hacıbəyov, İsmayıl Hacıbəyov və başqa musiqi xadimlərinə  həsr olunmuş konsertlər, Firəngiz Əlizadə, Azər Dadaşov, Teymur Göyçayev, Yeganə Axundova, Sevda İbrahimova,  Murad Hüseynov və bir sıra digər musiqiçilərlə görüşlər, Azərbaycan, Avropa və rus klassik musiqi axşamları keçirilmişdir. Özündə not əlyazmaları, sənədlər, proqramlar, afişaları birləşdirən  Niyazi arxivinin illüstrasiyalı kataloqu görkəmli dirijor, bəstəkar, ictimai xadim Maestro Niyazinin yaradıcılığının tədqiqatı üçün olduqca qiymətli materialdır. Qeyd etmək lazımdır ki, təqdim olunan kataloqda Niyazinin ifa olunmamış əsərləri də yer almışdır və bu əsərlər ilə ictimaiyyətin tanış olmasını asanlaşdırmaq məqsədilə muzey onları səsləndirərək, not məcmusu şəklində nəşr etdirmişdir. Kataloq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maddi dəstəyi ilə nəşr olunmuşdur. Layihənin rəhbəri və elmi redaktoru Alla Bayramovadır. Daha sonra Bakı Musiqi Akademiyasının müəllimi, pianoçu, əməkdar incəsənət xadimi, professor Ülviyyə Hacıbəyova Niyazinin “Etüd”unu ifa etmişdir. Qeyd etmək lazımdır ki, olduqca ifadəli, melodik və virtuoz etüd  Niyazinin geniş kütlələr qarşısında səsləndirilməmiş əsərlərindəndir. Daha sonra Ülviyyə Hacıbəyova Niyazinin “Arzu” romansının solo fortepiano üçün işləməsini ifa etdi.

Tədbirdən sonra iştirakçılar üçün interaktiv ekskursiya aparılmış və karaoke ifa olunmuşdur.

 

Şanə Vəlizadə,
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının III kurs tələbəsi, musiqişünas


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında