Portretlərin melodiyası

 

 

 

 

Qəbələ şəhərində keçirilən 3-cü

Beynəlxalq İncəsənət Sərgisi davam edir

 

Heydər Əliyev  90

Qəbələ son illər beynalxalq tədbirlərə ev sahibliyi etməklə, dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilir. Bəlkə də bu, bir qanunauyğunluqdur. Çünki  Qəbələ qədim dünyaya səs salmış Albaniyanın paytaxtı olub. Elə dünyanın mədəniyyət paytaxtlarından birinə çevrilmək istəyi də, yəqin ki, bu tarixi həqiqətdən qaynaqlanır. Son illər burada keçirilən beynalxalq musiqi festivalları və incəsənət sərgiləri dünyanın mədəni həyatında əks-səda doğurmaqdadır. Ona görə ki, bu tədbirlərdə çağdaş dünyanın mədəniyyətində imzasını qoyan ünlü sənət adamları iştirak edirlər.

Mayın 5-də xalqımızın ümummilli lideri H.Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş SEBA - (Seul -Bakı) Azərbaycan - Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı  ilə Qəbələ şəhərində keçirilən “Portretlərin melodiyası” adlı 3-cü Beynəlxalq İncəsənət sərgisi də böyük maraqla qarşılandı. Tədbirdə 23 ölkənin  rəssamları iştirak edirdilər. Bu möhtəşəm sərgi, istər- istəməz, böyük Cavidin sözlərini yada salırdı:

Turana qılıncdan daha kəsgin, ulu qüvvət

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyət.

Tədbir  ulu öndərin Qəbələ şəhər mərkəzindəki, heykəlinin ziyarəti ilə başladı. Ümummilli liderimizin belə bir fikri var: “Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər”. Elə bu fikrə istinad edərək, sərgini giriş sözü ilə açan SEBA (Seul-Bakı) Azərbaycan - Koreya Mədəniyyət Mübadiləsi  Assosiasiyasının sədri  Ruhəngiz Heydərova ulu öndərimizin Azərbaycan dövlətçiliyinin inkişafındakı misilsiz xidmətlərindən, o cümlədən  mədəniyyətimizin  tanıdılması istiqamətində gördüyü böyük işlərdən söz açdı.

Azərbaycan Mədəniyyət Fondunun Prezidenti YUNESKO və İSESKO -nun  xoşməramlı səfiri Mehriban xanım Əliyevanın tədbir iştirakçılarına ünvanlanmış məktubu maraqla qarşılandı. Dünya ölkələri mədəniyyətlərinin qarşılıqlı münasibətləri, sivilizasiyaların dialoqu və  Azərbaycanın tarixən bu proseslərə verdiyi töhfələr məktubda vurğulanan əsas fikir idi.

Sonra Azərbaycan Rəssamlar İttifaqının sədri F.Xəlilov, akademik T. Salahov, digər dövlət və mədəniyyət xadimləri və Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli  səfiri  Çoi Suk- İnn çıxış etdilər.

Məşhur fırça ustası T.Salahov Qəbələnin mədəniyyət mərkəzlərindən birinə çevrildiyini sevindirici hal adlandırdı. O dedi ki, sərgi iştirakçıları mənsub olduqları xalqın mənəvi dünyasını əks etdirən əsərlərini Azərbaycanda  tanıtmaqla yanaşı, həm də ölkəmizin tarixi, mədəniyyəti haqqında geniş məlumat alırlar. Çox istərdik ki, belə tədbirlər bu gözəl məkanda tez -tez keçirilsin və bu diyar rəssamların və incəsənət xadimlərinin daimi  görüş yerinə çevrilsin.

Həqiqətən, dünyanın 23  ölkəsindən gələn müxtəlif qitələri  və irqləri əhatə edən, düşüncələri, yaradıcılıq üslubları ilə bir - birindən fərqlənən rəssamlar bir ideyada, bir fikirdə qovuşurdular: dünyanın xilası mədəniyyətdədir.

Zaman və məkanın melodiyasını eşitmək, onu rənglərin ifadəsində görmək və son nəticədə sənət əsərinə çevirmək çox çətindir. İraqlı rəssam Əsna Əhməd Dovlatin, almaniyalı Tereza Mariyanın yaratdıqları portretlər melodiyalar kimi bir-birindən seçilsə də, mahiyyət etibarı ilə böyük insani məqamda birləşirlər. Elə bil  onları iranlı rəssam Əli İsmayılpurun qlobus, skripka və çiçəkləmiş albalı budağının təsvir olunduğu “Həyat musiqisi’’ əsəri tamamlayır. İsmayıl belə deyir: “Kənar bir yerdə insanla musiqinin mövcudluğu və onların albalı ağacı ilə görüşü bizə gözlənilən gizli möcüzənin hekayətini söyləyəcəyinə işarə edir.

“Koreyalı rəssam Can Huk Kimin fleyta çalan əllər təsvir olunmuş “İşıq və səs” əsərində isə sanki insanın möcüzə ilə görüşmək məqamı əks olunur. Rəssam səsə və işığa olan sevgisini belə dilə gətirir: “Fleyta çalmaq, düşmənin geri çəkilməsini, xəstəliklərin sağalmasını, dəniz və dalğaların sakitləşməsini ifadə edən bir rəvayətdir”.

Başqa bir rəvayət isə ağ - qara təsvirlər ilə diqqəti çəkir. Bu əsərlər  Heydər Əliyev Fondunun  vitse - prezidenti Leyla Əliyevanın “Güləşçilər” və “Sirr” adlı qrafik işləridir. Rəssam gözəl, zərif, dramatik və emosional - lirik obrazları ilə tamaşaçıların marağına səbəb olan əsərlərində hisslərin, duyğuların rəvayətindən söz açır. Qeyd edim ki, bu əsərlər də geniş tərkibli münsiflər heyətinin rəyi ilə mükafata laiq görüldü.

Sərgidə yaponiyalı rəssam İvasaki Nagi təəssüratlarını  bölüşərkən bunları söylədi: “Mən Uzaq Şərqdən gəlmişəm. Belə genişmiqyaslı bir sərgi çox nadir hallarda keçirilir. Özümü xoşbəxt hiss edirəm ki, belə bir sərginin iştirakçısıyam. Bu, bizim xalqların arasındakı dostluq tellerini daha da sıx bağlayan bir sərgidir. Mənim “Sado gəmisi- Bütün insanlar üçün Güggentenheym” əsərim mükafat aldı. Bu mənim üçün çox sevindirici bir haldır.

Görkəmli bir şəxsiyyətə — Heydər Əliyevə həsr olunmuş mötəbər bir  tədbirdən ölkəmə uğur və sevinc aparıram”.

Artıq 2-ci dəfədir ki beynəlxalq sərgidə iştirak edən rəssam Rəna Məmmədova ilə həmsöhbət olduq. O dedi ki, bu sərginin gözəlliyi və əhəmiyyəti, rəngarəngliyi ilə yanaşı, mövzunun konkretliyindədir. Portret bir janr kimi məni daha çox cəlb edir. Bu sərgidə mən həyat yoldaşım - Eldar Qurbanın portreti ilə çıxış edirəm. Niyə məhz həyat yoldaşımın? Çünki onu hamıdan yaxşı tanıyıram.

Hər melodiya bir portretdir. Və hər portret də bir zaman kəsiyində yaranır. Bu sərgidə nümayiş olunan əsərlər müxtəlif məkanlardan baş alıb gələn çaylar kimi, bir dənizdə birləşir. Bu, bir mədəniyyət  ümmanıdır ki, üfüqlərinə baxdıqca insan qəlbi ilahi bir rahatlıq tapır.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunan “Portretlərin melodiyası” sərgisi mayın 19-a qədər davam edəcək. Ancaq onun insanlara bəxş etdiyi  işıqla sevgi hələ uzun müddət qəlblərdə əks- səda verəcək.  

Nigar MƏNSİMLİ, jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında