Bakıda “Heydər Əliyev və sənət müasirləri” mövzusunda sərgi açılmışdır

 

 

Mayın 7-də Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiya zalında ümummilli liderin 90 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və sənət müasirləri” mövzusunda sərgi açılmışdır.

Sərginin açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ulu öndər Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri olduğunu bildirmişdir. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi ulu öndər Heydər Əliyevin müdrikliyi, möhkəm iradəsi, qətiyyəti və uzaqgörənliyi müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin etmişdir. Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə hörmət, elmin, təhsilin, mədəniyyətin inkişafı məhz ümummilli liderin adi ilə

bağlıdır.

Mərasimdə Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, akademik Ömər Eldarov çıxış edərək sərginin əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan danışmışlar. Bildirmişlər ki, ümummilli lider mədəniyyətimizin, təsviri sənətimizin inkişafı üçün böyük işlər görmüşdür. Ulu öndər Azərbaycanın tanınmış sənət adamları ilə dəfələrlə şəxsən görüşərək onlarda milli mədəniyyətimizin daha da zənginləşdirilməsi üçün ruh yüksəkliyi yaratmışdır.

Sonra tədbir iştirakçıları ümummilli liderin Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğını əks etdirən fotoşəkillərdən ibarət sərgi ilə tanış olmuşlar.

Sərgidə 70-dən artıq foto nümayiş olunur. Fotolarda ulu öndər Heydər Əliyevin mədəniyyətlə bağlı iştirak etdiyi tədbirlərdən bir qismi nümayiş etdirilir. Xalq rəssamı Ömər Eldarovun 2012-ci ildə ağ mərmərdən hazırladığı “Heydər Əliyevin portreti” əsəri də burada sərgilənir. Bundan əlavə, sərgidə xalq rəssamı Tahir Salahovun “Heydər Əliyevin portreti” əsəri nümayiş olunur.

Sərgidə nümayiş etdirilən əsərlər ümummilli liderin uzun illər boyu ünsiyyətdə olduğu sənət adamlarının yaradıcılığında önəmli yer tutur. Ümummilli lider Heydər Əliyev bu əsərlərin bir çoxu ilə bilavasitə tanış olmuş, onların yaradılması prosesində öz tövsiyələrini vermişdir. Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından seçilmiş bu rəsmlər boyakarlıq, qrafika və heykəltəraşlıq əsərləridir. Həmin əsərlərin arasında portret, natürmort, mənzərə janrlarını görmək mümkündür.

Sonra “Heydər Əliyev və muzeylərimiz” adlı film nümayiş etdirilmişdir.

Daha sonra muzey işçilərinin respublika müşavirəsi keçirilmişdir.

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev çıxış edərək bildirmişdir ki, müşavirənin məqsədi Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıqla və zəruri eksponatlarla təchizinə dair xüsusi tədbirlər planının icrası ilə bağlı vəziyyətin müzakirəsidir.

Nazir son illərdə ölkəmizdə mədəniyyət və turizm sahəsində görülən işlər, bu sahədə qəbul olunan dövlət proqramlarının yerlərdə icrası, eləcə də mövcud problemlər və qarşıda duran vəzifələr barədə danışmışdır. Diqqətə çatdırılmışdır ki, son illər ölkəmizdə mədəniyyətlə bağlı qanunvericilik bazası daha da təkmilləşdirilmişdir. Regionlarda yeni muzey binaları inşa olunmuş, onların ekspozisiyaları yenilənmiş, Bakıdakı bir neçə muzeyin fəaliyyəti təkmilləşdirilmişdir və bu proses hazırda davam etdirilir. 

Qeyd edilmişdir ki, Azərbaycan muzeyləri artıq dünya miqyasında tanınmağa başlanmışdır. Regionlarda, xüsusilə də Naxçıvanda muzeylərimizin səviyyəsi məmnunluq doğurur. 

Müşavirədə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, müavini Sevda Məmmədəliyeva, AMEA-nın Milli Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və başqaları çıxış edərək görülmüş işlərdən, qarşıdan duran vəzifələrdən danışmışlar.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında