Türkiyədəki uşaq bayramından yüksək təəssüratlarla

 

 

Hər il olduğu kimi, bu il də qardaş Türkiyədə 23 aprel Uşaq  bayramı böyük təntənə və coşğu ilə qeyd edildi. İllərdir, ənənə halını alan bu bayram təkcə Türkiyə uşaqlarına deyil,  dünyanın müxtəlif ölkələrindən olan azyaşlılara böyük sevinc,

mənalı gülüşlər bəxş edir.

Builki şənliklərdə iştirak etmiş bir qrup azərbaycanlı uşaq da Türkiyənin İzmit şəhərində keçirilmiş şənliklərdə milli rəqslərlə çıxış etmiş, Vətənə böyük təəssüratlarla qayıtmışlar. Onlardan biri “Natiq” rəqs qrupunun üzvü, 11 yaşlı məktəbli Həbib Əliyevlə söhbətləşdik. Onun bayram təəssüratlarını və rəqsə olan marağını öyrəndik.   Həbib Əliyev Bakı şəhəri, 54 saylı orta məktəbin 5-ci sinfində oxuyur. Dərslərinə məsuliyyətlə yanaşır, boş vaxtlarında isə rəqslə məşğul olur. Müəllimi Natiq Dadaşovdan milli rəqslərimizin sirlərini öyrənir. “Rəqs etmək xoşuma gəlir. Hər dəfə milli rəqslərimizin incəliklərini öyrəndikcə çox sevinirəm. Türkiyənin İzmit şəhərində keçirilən şənliklərdə də bizim rəqslərimizi çox gözəl qarşıladılar. Şənliklər çox möhtəşəm idi. Dünyanın bir çox ölkələrindən bizim kimi uşaqlar gəlmişdilər. Onlar da öz rəqslərini ifa etdilər. Orada bizi öz doğma balaları kimi qarşıladılar. Çoxlu dostlar qazandım. Xatirə hədiyyələri və diplomla təltif edildik. Ümid edirəm ki, oradakı dostlarım da Bakıya gələndə mən də onlara doğma Bakımızı tanıdacam.” Türkiyədən  böyük təəssüratlarla qayıdan  Balaca Həbib “Böyüyəndə də rəqqas olacaqsan?” – sualına “Yox, prokuror” – deyə cavab verir. Ancaq hansı sənətə yiyələnsə də, rəqslərimizi sevməsi və tanıtması onun üçün müsbət haldır.

Qeyd edək ki, Mustafa Kamal Atatürkün təsis etdiyi 23 aprel bayramı sonradan daha geniş şəkildə qeyd edilmiş, beynəlxalq bayrama çevrilmişdir. Belə ki, UNESKO-nun  1979-cu ili “Uşaq ili” elan etməsiylə TRT Radio və Televiziya Qurumu TRT Beynəlxalq  23 Aprel Uşaq şənliyi təşkil etmiş, rəngarəng rəqs və kompozisiyalarla uşaqlara sevinc yaşatmışlar.  Həmin ildən başlayan  bu ənənə davam edir, şənliklərə müxtəlif ölkələrdən istedadlı uşaqlar dəvət edilir.

Əfsanə BAYRAMQIZI,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında