Dinlər və mədəniyyətlər arasındakı münasibətlər Avropa Şurası Parlament Assambleyasında (AŞPA) vaxtaşırı müzakirə edilən problemlərdəndir. Yaz sessiyasının üçüncü iş günündə bu mövzu yenə gündəmdə idi. İtaliyalı deputat Luka Volonte və Türkiyənin millət vəkili Toğrul Türkeşin hazırladıqları məruzə “Dini icmalara qarşı zorakılıqlar” adlanırdı və həmin məsələ ətrafında müzakirələrə başqa məruzələrlə müqayisədə xeyli geniş vaxt ayrılmışdı. Günün birinci yarısı boyu davam edən müzakirələrdə 50 nəfərə yaxın deputat mövqeyini bildirdi.
Müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da Assambleya üzvlərinin maraqla qarşıladığı çıxış etdi. Din və cəmiyyət münasibətlərinin bir sıra həssas məsələlərinə toxunan Rafael Hüseynov bu kontekstdə Azərbaycandakı dini tolerantlıq mühitinə də xüsusi diqqət yönəldərək dedi: “Dinlərin, inancların insanları birləşdirmək və ayırmaq kimi iki fərqli keyfiyyəti vardır. Din siyasətlə qarışdırılmayanda, dindən hansısa gizli məqsədlər üçün istifadə edilməyəndə din məhz insanları və xalqları bir-birinə yaxınlaşdırmağa, anlaşmaya, sülhə, əməkdaşlığa zəmin yaradır. Lakin istər arxada qalan tarixdə, istər müasir dövrdə müxtəlif ölkələrdə dini icmalara və bütövlükdə dinə, onun müqəddəslərinə, rəmzlərinə münasibətdə ortaya çıxan bəzi mənfi məqamları araşdıranda mütləq bunun arxasında hansısa xoş olmayan siyasi, iqtisadi, ya digər maraqların dayandığı üzə çıxır.
Son bir neçə ildə Avropa Şurasında dinlərarası dialoqla bağlı ardıcıl olaraq məruzələrin hazırlanması, müzakirələrin aparılması həm də onun göstəricisidir ki, bu istiqamətdə hər halda problemlər mövcuddur, vəziyyətin arzu etdiyimiz yüksək səviyyəyə çatması üçün hələ çox çalışmaq lazımdır. İndiyə qədər hətta bir sıra beynəlxalq təşkilatlarda belə bəzən dini fərqliliyə görə fərqli münasibətlər müşahidə edilirsə, deməli, görüləsi işlər çoxdur, bu mövzu da hələ xeyli müddət gündəmdə qalmalıdır.
Din, əqidə, inanc seçimindəki azadlıq insanın fundamental hüquq və azadlıqları sırasında ön yerdə dayananlardandır. Lakin onu da görməmək mümkün deyil ki, ayrı-ayrı dini sektalar vasitəsilə bəzən din pərdəsi altında ekstremist fəaliyyətlər də gerçəkləşdirilir, ruh azadlığına qətiyyən aidiyyəti olmayan məqsədlər də güdülür və onlara qarşı ayrı-ayrı ölkələrdə dövlətin, cəmiyyətin təhlükəsizliyi baxımından zəruri tədbirlər görüləndə isə, bunu qeyri-qanuni təzyiq, insan haqlarına, din azadlığına həqarət kimi qələmə verməyə cəhd olunur.
Mənim ölkəm Azərbaycan müxtəlif dinlərin bir-biri ilə yanaşı, bir-birinə hörmət və əməkdaşlıq şəraitində mövcudluğuna çox uğurlu nümunə, model sayıla bilər. Həm də bu model uzun tarixi olan klassik bir modeldir. Azərbaycanın paytaxtı Bakının mərkəzində qədim şəhər yerləşir və orada bəzisi indi muzey, bəziləri elə ibadətgah kimi fəaliyyət göstərən və yüz illərlə yaşı olan dini abidələr mövcuddur. Burada atəşpərəstlərin atəşkədəsi, xristianların kilsəsi, müsəlmanların məscidləri bir-birindən 30-40 metr məsafədə yerləşir və min ildən çoxdur ki, belədir. Əgər min ildən artıq müddətdə bu ibadətgahlar beləcə bir-birinə mane olmadan, bir-birini rədd etmədən yanaşı dayanıblarsa, bunun özü bu məkanda dinlərarası dialoqun daim davam etməsinə əyani sübutdur. Bu nümunəni gətirməkdə məqsədim ondan ibarətdir ki, istər mədəniyyətlər, istər dinlər arasında dialoqun arzu olunan səviyyədə yaşaması üçün fərqli dini icmaların təzyiqlərə, təqiblərə məruz qalmadan ortaq məkanda varlığından ötrü cəmiyyətdə belə bir ənənənin olması da mühümdür. Çünki əqidə, mənəviyyatla bağlı məsələlərdə yalnız təbliğatlarla, çağırışlarla ideal nəticəyə çatmaq çətindir. Əlbəttə, təbliğat da, çağırışlar da lazımdır, lakin bunlar o qədər sistemli və ardıcıl olmalıdır ki, ənənəyə çevrilsin. Bu tərbiyə dərsliklərdə əksini tapmalı, ilk uşaqlıq illərindən beyinlərə həkk olunmalıdır. Bu xətt, bu yol dinlərə bağlı bütün fobiyaların, bütün tərəddüd və qərəzlərin tam aradan gedəcəyi vaxtlara qədər davam etdirilməlidir. Bu, bütün böyük dinlərin də, bütün tərəqqipərvər cəmiyyətlərin də daimi, köhnəlməyən arzusudur”.
Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarova çıxışında bildirmişdir ki, dini tolerantlıq, dini dözümlülük müasir sivilizasiyada insanların təhlükəsiz şəraitdə yaşamasının ən mühüm şərtlərindən biridir. Tolerantlıq milli dövlətlər üçün ən zəngin xəzinə və dəyərdir.
Mən öz ölkəmin timsalında bunun nə qədər əhəmiyyətli olduğunu söyləyə bilərəm. Bildiyiniz kimi, Azərbaycan çox mürəkkəb coğrafi məkanda yerləşir. Regionda təkcə siyasi baxımdan deyil, dini və milli mənsubluq baxımından da kifayət qədər həssaslıq vardır. Lakin bütün bu məsələlərə rəğmən Azərbaycan dini və milli tolerantlıq baxımından bölgə dövlətləri arasında liderlik edir. Ölkəmizin ətrafında və daxilində digər dinlərin daşıyıcısı olan xeyli sayda millətlərin nümayəndələri yaşayır. Azərbaycanda bütün dinlərə və digər millətlərə mənsub olan toplumlara tarixən tolerant münasibət bəslənilib. Bu münasibət, təbii ki, inzibati metodlar hesabına formalaşdırılmayıb və formalaşdırılması da mümkün deyildir. Çünki tolerantlıq hər kəsin fərqli ifadə tərzinə hörmətlə ziddiyyət təşkil etsə belə, onun fikirlərinə dözümlü yanaşmaqdır. Bu isə Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri və bütövlükdə türk millətinin xarakteri ilə bağlı olan məsələdir.
Azərbaycanda müsəlmanlarla bərabər xristianlıq, iudaizm və digər qeyri-ənənəvi dinlərə mənsub xeyli sayda vətəndaş və vətəndaşlığı olmayan insanlar yaşayır. Həmçinin burada ənənəvi dini bağlılıqları olmayan toplumlar, məsələn, qaraçılar da yaşayır. Hər hansı bir başqa dinə və millətə mənsub olduğuna görə Azərbaycan ərazisində insanlara cəmiyyət tərəfindən radikal münasibət göstərilməyib.
Azərbaycanda din dövlətdən rəsmən ayrıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.
Azərbaycanda müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisinə və bərpasına fərqli dini icmaların nümayəndələrinin maddi və mənəvi dəstək verməsi dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycanda xristian məbədlərinə paralel olaraq yəhudi sinaqoqları da bərpa olunmuş, yeniləri inşa edilmişdir.
Eyni zamanda, Azərbaycan bütün dünya ictimaiyyəti tərəfindən örnək göstərilir və ölkəmizdə, o cümlədən paytaxt Bakıda hər il dinlərarası dialoqa həsr olunmuş beynəlxalq konfranslar, dünyanın dini liderlərinin toplantıları keçirilir. Beləliklə, çox strateji bir bölgədə yerləşən Azərbaycan bir çoxlarından fərqli olaraq dini fərqliliyini nümayiş etdirən bir paradoks deyil, barışığı, birliyi, dostluğu, birgə yaşayışı stimullaşdıran müqəddəs bir vasitə hesab edir. Bu da təbiidir. Əgər başqa dinlərə qarşı dözümlü olsaq, onda biz təxribatçıların əlindən bu fürsətlərini almış olarıq. Unutmamalıyıq ki, özümüzü sevmək, özümüzə hörmət etmək başqasını sevə bilmək və başqasına hörmət etmək qabiliyyətindən asılıdır.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Strasburq
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.