Kulturologiya sosial və humanitar biliklərin qovuşuğunda formalaşan elmin gənc sahələrindəndir. Formalaşmaqda olan gənc bir elm kimi onun ətrafında elmi mübahisə və toqquşmalar hələ də səngimək bilmir. Hətta bəzi alimlər onu elm hesab etmir. Kulturologiyanın elmiliyini qəbul etməyənlər, ilk növbədə, onun elmi bazasının mövcud olmadığını vurğulayırlar, guya mədəniyyət haqqındakı bütün təhlil və izahlar müəlliflərin öz fərdi baxışlarıdır.
Digər tərəfdən, kulturologiya mədəniyyətin inkişafının obyektiv qanunauyğunluqlarının axtarışına istiqamətləndirilmişdir. Son illər ərzində kifayət qədər dəqiq müəyyənləşdirilmiş anlayış aparatı işlənib hazırlanmışdı, mədəni proseslərin tərif və izahları, müxtəlif kulturoloji məktəb, istiqamətlər və onların tərəfdarları mövcuddur. Beləliklə, mədəniyyət haqqında elm obyekti olan mədəniyyətin özü qədər də ziddiyyətli bir fenomendir. Kulturologiya ilə bağlı diskussiyaların doğurduğu suallardan biri belə bir elmin təşəkkülünün zəruriliyini mümkün edən amillərlərlə bağlıdır. İlk baxışdan bu sualın cavabı, sanki aydındır: həqiqətən də, öyrənilmə obyekti kimi mədəniyyət mücərrəd fəlsəfədən tutmuş, tarixin topladığı (ilk növbədə, incəsənət tarixi qismində) konkret faktologiyaya qədər - bir çox elmlərin tədqiqat predmetinə çevrilmişdir. Öz çərçivəsi daxilində mədəni fenomenləri, mədəniyyət hadisələrinə aid edilən rəngarəng prosesləri öyrənən fənlərin siyahısı kifayət qədərdir. Aydındır ki, mədəniyyətin müxtəlif izahları, şərhləri onun öyrənilməsinin müxtəlif vektor və istiqamətlərini müəyyən edir.
Kulturologiyanın müstəqil elm kimi status əldə etməsi, söylədiyimiz kimi, heç də asan və rahat proses olmamışdır. Kulturologiya gənc olduğu qədər də “qədim” bir elmdir. Bu təsdiqin paradoksallığı hazırkı elmi sahənin öz predmeti ilə izah edilir. Həqiqətən də, bu gün “gənc” kulturologiyanın öyrənməyə can atdığı bütün mədəni fenomenlər qədim dövrlərdən başlayaraq, ənənəvi, “klassik” humanitar elmlər — fəlsəfə, filologiya, tarix və sənətşünaslıq, o çümlədən psixologiya və sosiologiya kimi yeni elmlər tərəfindən tədqiq olunmuşdu. Bununla belə, kulturologiyanın müstəqil elm kimi yaşı, yuxarıda qeyd etdiyimiz kimi, elə də çox deyil. Bu elm XX əsrin yetirməsidir. Kulturologiyanın formalaşması XX əsrin ortalarına aid edilir. Rəsmi şəkildə “tanınması”nın başlanğıcı Qərbdən başlayır.
“Kulturologiya” termini öz mənşəyini amerikalı antropoloq Lesli Uaytın (1900-1975) əsərlərindən götürmüşdü. O, kulturologiyanı ictimai elmlər kompleksində müstəqil elm kimi ayırmışdı. Mədəniyyəti vahid və müstəqil inkişaf edən sistem kimi nəzərdən keçirən Uayt “Mədəniyyət haqqında elm” (1949), “Mədəniyyətin təkamülü (1959), ”Mədəniyyət anlayışı" (1973) əsərlərində kulturologiya terminindən geniş istifadə edir. Digər humanitar-ictimai elmlər kimi kulturologiyanı da həyata tarixi dövrün özü gətirmişdi. Əgər arxaik sivilizasiyalar dünyaya riyaziyyat, astronomiya, antik sivilizasiya fəlsəfə və estetika, ritorika və etika kimi elmləri bəxş etmişsə, müasir sivilizasiya zamanın çağırışına uyğun olaraq mədəniyyət haqqında xüsusi bir elm gətirdi. Kulturologiyanın təzahürünün əsas metodoloji zəminini - mədəniyyətin sosial-siyasi tarixin “kölgəsi” deyil, onun “tarazlayıcısı” olması faktının getdikcə daha dərindən dərki təşkil etdi. Kulturologiyanın bir elm kimi təşəkkülünün digər mühüm şərti Avropa özünüdərkində dönüşün - mədəni avrosentrizmin aradan qalxması faktı oldu.
Bu gün dünyada və eləcə də dünyanın bir parçası olan Azərbaycanda müasir kulturoloji biliklərin formalaşması elmi inkişafın adi dinamikasından fərqli olaraq özünəxas cəhətlərlə baş tutur. Bir qayda olaraq təhsil sisteminə tədris materialı qismində kəskin mübahisələr yaratmayan və özünü qəti və birdəfəlik şəkildə təsdiqləmiş biliklər daxil edilir. SSRİ məkanında kulturoloji biliklərin elementləri hələ ötən əsrin 60-cı illərində daha çox fəlsəfi təhsil ixtisaslaşmalarında marksist tarixi materializmin möhkəm doqmaları fonunda tədris olunduğundan sovet təhsil sistemində müstəqil fənn kimi geniş vüsət tapa bilməmişdi. Ötən əsrin 80-ci illərindən yaranmış və o zamanlar mütəxəssislərin kifayət qədər dar qrupunun məşğələlərinin predmetinə çevrilmiş müasir vətən kulturologiyası öz inkişaf impulsunu ideoloji paradiqmanın dəyişməsi nəticəsində, məhz təhsil sistemindən əldə etdi. Bu elə həmin o səbəblərdəndir ki, prinsipial cəhətdən qeyri-ideoloji fənn olan kulturologiya müasir ictimai biliklər sisteminə sınaq və səhvlər yolu ilə, digər sahələrdən özünə bilik cəlb etməklə daxil olmuşdur. Təhsil sistemindən insanların kollektiv birgəyaşayışı nəzəriyyəsindən, sosiumda insanın rolundan bəhz edən tarixi materializm və dialektik materializmin çıxarılması kulturologiyanın müstəqil elmi fənn kimiu tədrisini obyektiv zərurətə çevirdi. “Kulturologiya” hərfi mənada “mədəniyyət haqqında elmdir”. Müstəqil elm kimi geniş mənada bu elm üç əsas sualın cavablandırılmasına yönəlmişdi: nə mədəniyyət hesab edilir? Mədəniyyət necə qurulmuşdur? Mədəniyyət necə inkişaf edir? Beləliklə, kulturologiya mədəniyyəti, sivilizasiyanı, onun tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini və qarşılıqlı təsirini öyrənir, insanın həyatda öz yerini tapmasında səmərəli rol oynayır. Kulturologiya bir tərəfdən mədəniyyəti, mədəniyyət tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini, digər tərəfdən isə insanın ona təsirini və əks-təsirini öyrənir. Kulturologiya dünyaya, sosial reallığa, mədəni-mənəvi aləmə, insanın oradakı yeri və roluna bir küll halında baxır. Universal dəyərləri, keçmişin mənəvi irsini, cəmiyyətin mövcud bədii-mənəvi komponentlərini real gerçəklik baxımından təhlil edir. Kulturologiyanın elmi mənası bundan ibarətdir ki, o, mədəniyyəti dərindən və hərtərəfli şəkildə öyrənir, onun məzmun və mahiyyətini üzə çıxarır, hansı səviyyələrdə və formalarda mövcud olduğunu müəyyən edir.
Aydındır ki, kulturologiyanın obyekt və predmeti mədəniyyət anlayışının üzərində qərarlaşır. Lakin bu göstərişi də qəti şəkildə qəbul etmək olmaz. Belə ki, öz mürəkkəbliyi və çoxmənalılığına görə “mədəniyyət” anlayışı adi diapozonda istifadədən başlayaraq qlobal kontekstə qədər müxtəlif mənalarda tətbiq olunur. Mədəniyyət fenomeninin mühüm saxlanc yeri olan milli mentalitet, mənəvi dəyərlər sistemi qloballaşan dünyamızda fərqli düşüncə tərzləri ilə üz-üzə gəlir, müxtəlif təsirlərə, hətta təzyiqlərə məruz qalır. Bunun zərərli təsirindən qorunmağın ən etibarlı yolu isə kulturoloji innovasiyaların tətbiqində balanslaşdırılmış siyasət yürütmək, çağdaş bəşəri dəyərləri mövcüd yaşam tərzimizə, cəmiyyətimizin ab-havasına uyğunlaşdırmaqdır. Eyni zamanda öz böyük mədəniyyətimizi də dünya birliyinin diqqətinə çatdırmaq, onu qloballaşma predmetinə çevirmək zəruridir. Bunun üçün isə, mədəniyyətin kulturologiya fənni sayəsində tədrisi mühüm əhəmiyyət kəsb edir. Mədəniyyətin inkişafı, onun istiqamətləndirilməsi, idarə olunması, çağdaş tələblərə cavab verməsi, həm də milli ənənələrin, özünəməxsusluğun qorunub saxlanılması üçün əsas şərtlərdən biri, bəlkə də birincisi mədəni təhsilin keyfiyyətidir. Təhsil millətin gələcəyidir, onun dinamik inkişafının real təminatçısıdır. Mədəniyyət təhsili də bu baxımdan istisna deyil. Ölkəmizdə mədəniyyət təhsilinin müasir standartlara cavab verə bilən səviyyədə qurulması beynəlxalq birliyə uğurlu inteqrasiya etməyimizin mühüm şərtlərindəndir. Bir sözlə, mədəniyyət təhsilimizin müasir tələblər səviyyəsində qurulması günün aktual məsələlərindəndir. Akademik Ramiz Mehdiyev fəlsəfə ilə kulturologiyanın qarşılıqlı əlaqəsindən bəhs edərək yazır: “Kulturologiyanın ən mühüm vəzifəsi dünya mədəniyyətinin tarixi və nəzəriyyəsi məsələlərini öyrənmək, müasir dövrün sosiomədəni meyllərini və proseslərini təhlil etməkdir. Bu elmin predmeti ümumbəşəri və milli-mədəni proseslərin qanunauyğunluqları, insanların maddi və mənəvi həyatının ən mühüm hadisələridir” (Mehdiyev R. Fəlsəfə. Dərs vəsaiti. Bakı, “Şərq-Qərb”, 2010, s. 24). Kulturoloji təhsil formalaşsa da, əldə etdiyimiz müşahidələrə görə, bu sahədə hələ ki, iki çatışmazlıq qalmaqdadır: bunlardan biri eklektik konstruksiyanın üstünlük təşkil etməsi (yəni, kulturoloji nəzəriyyələrdən çox mədəniyyətin tarixi, sənətşünaslıq, estetikanın yüngüllcə pərdələnmiş variantları, fəlsəfə, metodologiya, hermenevtika və bir çox sahələrin elementləri), digəri isə, kulturologiyanın tədris predmetinin olmamasıdır. Aydındır ki, birinci çatışmazlıq ikincisi ilə bilavasitə əlaqədardır. İstənilən yeni tədris sahəsinin daha möhkəm ayaq üstə dayanması üçün predmetin müəyyən edilməsi ən vacib məsələlərdəndir. Zənnimizcə, kulturoloji təhsilin məqəsədəuyğun həyata keçirilməsi üçün bir sıra sualların düzgün cavablandırılmasına nail olmaq lazımdır. Məsələn, belə suallardan biri belədir: tədqiqatçı V.M.Mejuyevin qeyd etdiyi kimi, kulturologiya bir tərəfdən, müasir dünyagörüşüdürsə, digər tərəfdən isə, mədəniyyətlərin müxtəlif tiplərini, ayrıca götürülmüş mədəni hadisələri öyrənən sosial-humanitar elmi fəndir. Sual olunur: tədris prosesində bu iki gerçəkliyi necə nəzərə almalı? Xüsusilə, dünyagörüşü formalaşdırmaq mümkündürmü və əgər mümkünsə, bunu necə etməli? Gənc fənn olmasına baxmayaraq, kulturologiya nəhəng bilik həcminə malikdir və kulturologiyanın müxtəlif konsepsiyaları və kulturoloji diskursları yaranmışdı. Şübhəsiz ki, belə bir zəngin empirik və praktiki bilikləri əhatə edən bir elmi fənnin tədrisi, həm də pedaqoji məsuliyyət tələb edir. Çünki kulturoloji təcrübə bilavasitə bizim gündəlik həyatımızda - regional tikinti, modernləşmə konsepsiyaları və digər onlarla sosial fəaliyyət çərçivələri daxilində baş verir ki, bu da istər-istəməz kulturoloji biliklərin zənginləşməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bununla əlaqədar olaraq təhsildə kulturologiyanın nəzəri və təcrübi yönümlərinin vəhdətinə necə nail olmalı? Sosial-humanitar fənn olaraq kulturologiya dəyər yönümlərinə görə müxtəlif şəxsi ideallara, sosial fəaliyyət və sosial təqdimatların müxtəlif ideallarına istiqamətləndirilmiş elmi fənlərdəndir. Bundan başqa, kulturoloji biliklər, həm də sosial və kulturoloji reallığa əks təsir göstərməklə refleksiv xassəyə malikdir. Bəs, kulturologiyanın bu spesifikasını tədris prosesində necə nəzərə almalı? Kulturologiyanın tədris predmeti mütləq şəkildə müxtəlif məqsədlərə və auditoriyaların tələblərinə cavab verməlidir.
Respublikada kulturoloji təhsilin və bu sahənin müvafiq tədris strukturunun təşkilindəki ilk addımlar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fəaliyyəti ilə bağlıdır. Dövlət səviyyəsində kulturologiya elminə verilən bu qiymət bu elmi fundamental şəkildə tədris edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakultəsinin rolu müstəsnalıq təşkil edir. Kulturologiyanın hərtərəfli şəkildə tədrisini həyata keçirən “Kulturologiya” kafedrası universitetin ən ilk elmi qurumlarından biridir. Kafedra vaxtılə “Mədəni-maarif işi” kimi və sonradan həyatın tələblərindən doğaraq “Kulturologiya” adlandırılmışdı. ADMİU-nun “Kulturologiya” fakültəsi yüksək ixtisaslı kulturoloqların hazırlanması, kulturoloji təhsilin elmi-metodoloji əsaslarının yaradılması və inkişaf etdirilməsi, dünya və milli kulturoloji fikir tarixinin tədqiqi sahəsində respublikada aparıcı mövqe tutur. Keçən əsrin 90-cı illərindən başlayaraq ADMİU-nun “Kulturologiya” fakültəsində müasir tələblərə və beynəlxalq standartlara cavab verən ixtisas kafedraları açılmağa başladı. Yeni unikal ixtisasların və kafedraların açılmasında, fakültənin maddi-texniki bazasının yüksəldilməsində, yüksək ixtisaslı kadrların hazırlanmasında, universitetin kitabxana fondunun zənginləşdirilməsində, mədəniyyət müəssisələri ilə əlaqələrin genişləndirilməsində, fakültənin beynəlxalq mədəni əlaqələrinin qurulmasında (Moskva Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Sankt-Peterburq Mədəniyyət və İncəsənət Universiteti və b.) universitetin rektoru, filologiya elmləri doktoru, prof. Timuçin Əfəndiyevin müstəsna xidmətləri olmuşdur. O, fakültənin yaradıcısı kimi tarixə düşmüşdür. Fakultə professor T.Əfəndiyevin təşəbbüsü ilə “Mədəni-maarif işi” ixtisası əsasında yaradılmışdır. 1995-ci ildə həmin fakültənin “Kulturologiya” adlandırılması, həm də bu tədris qurumunda keyfiyyətcə yeni bir mərhələ üçün əsaslı təkan oldu. Beləliklə, Azərbaycanda mədəni-maarif təhsil sistemindən kulturoloji təhsil sisteminə keçidin əsasını qoydu. Ölkədə kulturoloji təfəkkürün təkmilləşdirilməsi, bu sahə üzrə nəzəri və təcrübi biliklərin inkişaf etdirilməsinin mərkəzinə çevrildi. Kulturologiya üzrə tədqiqatların aparılmasında fakultə respublikada yaradıcılıq laboratoriyası rolu oynamağa başladı ki, burada da Azərbaycanda kulturoloji tədqiqatlar həm nəzəri, həm tarixi, həm də tətbiqi istiqamətlərdə aparılmağa başladı. Universitetin rektoru professor T.Əfəndiyevin gənclərin elmi səviyyəinin gücləndirilməsi məqsədilə, 1998-ci ildən etibarən fakültədə həm bakalavr, həm də magistr pilləsi üzrə mütəxəssis hazırlığına başlanıldı. Həmin dövrdən kulturologiya elmi ilə yaxından məşğul olmağa başlayan yeni-yeni mütəxəssislər və tədqiqatçılar nəsli yetişdi. N.Əfəndiyeva, İ.Hüseynov, Ç.Abdullayev, A.Əlizadə, M.Süleymanlı, S.Əliyeva, Y.Əliyeva, T.Əhmədova, F.Hüseynova, G.Kazımova, A.Eyvazlı, N.Abbasov, E.Kazımzadə və digər alimlər kulturologyanın bir elm kimi formalaşmasına öz elmi tədqiqatları ilə yeni töhfələr vermiş oldular. İnnovasiya prosesləri ilə əlaqədar olaraq fakültədə “Mədəniyyət və muzeyşünaslıq”, “Kulturologiya”, “Sosial-siyasi elmlər”, “İqtisadiyyat və informatika” kimi yeni unikal kafedralar yaradıldı ki, bununla da postsovet məkanının digər müstəqil respublikaları ilə müqayisədə Azərbaycanda kulturologiya elmi daha güclü şəkildə inkişaf etməyə başladı. Eyni zamanda bu ali məktəbdə AAK tərəfindən namizədlik və doktorluq dissertasiyaları üzrə müdafiə şurası yaradılması faktı respublikada kulturoloq kadrların hazırlanmasında mühüm əhəmiyyət kəsb etdi. Hazırda ADMİU-nun “Kulturologiya” fakültəsi məhz kulturoloji təhsil sahəsində respublikamızın yeganə ali təhsil ocağı hesab edilir. Fakültənin professor-müəllim heyəti universitetin elmi nəşri olan “Mədəniyyət dünyası” və “Elmi əsərlər” məcmuələrində müntəzəm şəkildə kulturoloji məsələlərlə bağlı olaraq elmi yazılar çap etdirir, mütəmadi şəkildə respublika və beynəlxalq səviyyəli elmi-nəzəri konfranslarda iştirak edir. Son illərdə fakültədə “Beynəlxalq mədəni əlaqələr”, “Kulturologiya”, “Sosial kulturologiya”, “Mədəniyyət siyasəti və mənəvi dəyərlər”, “Fəlsəfə”, “Mədəniyyət və incəsənət sahələrinin menecmenti”, “Etika”, “Tətbiqi kulturologiya”, “Kulturologiya və onun əsas istiqamətləri”, “Dünya muzeyləri və tarixi mədəniyyət abidələri”, “Muzeyşünaslıq”, “Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti”, lƏnənə və müasirlik”, “Xarici ölkələrdə mədəni fəaliyyətin təşkili”, “Qədim dünya mədəniyyəti”, “Kulturologiya tarixi”, “Dünya mədəniyyət siyasəti” kimi 100-dən çox fundamental dərslik, dərs vəsaiti, monoqrafiya və s. nəşr edilmişdir. Qeyd etmək lazımdır ki, bu dərslik və dərs vəsaitlərinin əksəriyyəti respublikada ilk dəfə nəşr olunmuşdur. Bunlardan professor Maral Manafovanın müəlliflik etdiyi “Mədəniyyət tarixi və nəzəriyyəsi”, “Beynəlxalq mədəni əlaqələr” (I-II hissələr) “Muzeyşünaslıq” dərsliklərini nümunə göstərmək olar. Hazırda kafedra respublikanın kulturologiya sahəsi üzrə çox güclü elmi potensiala malik bir aparıcı elmi müəssisə kimi fəaliyyət göstərir. Tədris, elm, ictimai fəaliyyət sahəsində zəngin təcrübə və ənənəyə malik olan kafedra bu gün respublikanın mədəniyyət sahəsində tanınan onlarla mütəxəssis yetişdirmişdi. Respublikada mədəniyyət tarixi və nəzəriyyəsi, kulturologiya üzrə ilk dərsliklərin müəllifi olan professor Maral Manafova, məhz həmin kafedranın yetişdirməsidir. Hazırda isə, o, universitetin elm və yaradıcılıq işlər üzrə prorektoru kimi məsul vəzifəni daşıyır. Nəinki universitet nəzdində, eləcə də respublikada təşkil olunan bir neçə kulturoloji layihələrdə professor M.Manafova fəal şəkildə iştirak etmişdir. Hazırda kafedraya respublikanın gənc kulturoloq alimlərindən sayılan kulturologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyeva rəhbərlik edir. Kafedranın professor-müəllim heyəti təkcə “Kulturologiya” fakultəsində deyil, universitetin bütün digər fakultələrində mədəniyyətin müxtəlif sahələrində çalışmaq üçün təhsil alan gələcək mütəxəssislərdə kulturoloji təfəkkürün formalaşması, onlarda mədəni vərdiş və bacarıqların aşılanması missiyasını şərəflə yerinə yetirirlər. Kulturoloq-pedaqoqlar tədris etdikləri fənnlər üzrə empirik-nəzəri biliklərlə yanaşı, mədəni insan olmağın sirrlərinin də tələbələr tərəfindən mənimsənilməsinə xüsusi həssaslıqla yanaşırlar. Xüsusilə, incəsənətin müxtəlif sahələri üzrətəhsil alan tələbələrdə- rəssam, aktyor, rejissor, müğənni, menecer, muzeyşünas, kinoşünas, teatrşünaslarda seçdikləri sənətlərə uyğun mədəni davranış, ünsiyyət, nitq üzrə spesifik praktiki vərdişlərin aşılanması da bu kafedra müəllimlərinin üzərinə düşən başlıca vəzifələrdən hesab olunur. Əlbəttə, bütün bu xüsusiyyətlər “Kulturologiya” kafedrasının fəaliyyət məzmununun əhatə diapozonunun çərçivələrinə aydınlıq gətirir. Belə nəticə çıxartmaq olar ki, gələcək mədəniyyət və onun aparıcı qüvvələrinin təməli, məhz elə bu kafedra ilə bağlıdır. Tədris müəssisəsinin rəhbəri kimi universitetin rektoru professor Timuçin Əfəndiyev bu məsələyə böyük həssaslıqla yanaşaraq “Kulturologiya” kafedrasının elmi-yaradıcı potensialının yüksəldilməsinə tələbkarlıqla yanaşır, həmçinin bununla bağlı lazım olan qayğı və diqqətini də əsirgəmir. Kulturoloq-pedaqoqlar respublika və respublikadan kənarda elmi məclislərdə universiteti təmsil edirlər. 2012-ci ilin iyun ayının əvvəllərində Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi Kulturoloqların “Dövlətin inkişafında mədəniyyət siyasətinin rolu” mövzusunda II Beynəlxalq Bakı Forumunda müxtəlif ölkələrin ali təhsil müəssisələrindən nümayəndələri ilə yanaşı, ADMİU-nun da kulturoloq-alimləri maraqlı mövzularla çıxış edərək kulturologiya elminin müasir dövrdə mədəniyyət siyasəti ilə sırf qarşılıqlı əlaqədə olduğunu vurğuladılar. Kulturologiya fakültəsinin professor-müəllim heyətinin nümayəndələri prof. İ.Hüseynov “Kulturologiyanın tarixi bəşəriyyətin mədəni varlığını və təkamülünü tədqiq edən elm kimi”, dos. S.Əliyeva “Mədəniyyət, modellər və qadın problemi”, Y.Əliyeva isə “XXI əsrdə mədəni diplomatiya” mövzuları ilə həmin forumda maraqlı məruzələr etmişdilər. Sevindirici hadisələrdən biri də budur ki, universitetin 90 illik yubileyi ilə əlaqədar olaraq “Kulturologiya” kafedrası “Qloballaşma şəraitndə kulturoloji innovasiyalar və sosial-mədəni inkişaf” mövzusunda yeni bir beynəlxalq elmi-nəzəri konfransa ev sahibliyi etdi. 21-22 dekabr 2012-ci ildə keçirilən konfransda beynəlxalq nümayəndələr də iştirak etdilər. Bütün bunlar “Kulturologiya” fakultəsinin öz fəaliyyətinin çox məhsuldar dövrünü yaşadığını sübut edir.
Leylaxanım ATAKİŞİYEVA,
sənətşünaslıq üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.