Naxçıvanda Bəhruz Kəngərlinin əsərlərindən ibarət sərgi açılmışdır

Dekabrın 7-də Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinə həsr olunmuş sərgi açılmışdır.

 

Dekabrın 7-də Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinə həsr olunmuş sərgi açılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov sərginin açılışında iştirak etmişlər.

Tədbirdə çıxış edən Ali Məclisin sədri demişdir ki, Azərbaycan Respublikasının Prezidenti 2012-ci il aprelin 13-də “Bəhruz Kəngərlinin 120 illik yubileyi haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən, görkəmli rəssamın yubileyi ölkəmizdə, eləcə də muxtar respublikada silsilə tədbirlərlə qeyd olunur. Qəbul olunmuş Tədbirlər Planına əsasən, yubileylə əlaqədar poçt markası buraxılmış, elmi konfranslar keçirilmiş, yeni tədqiqat işlərinə başlanmış, Bəhruz Kəngərlinin əsərlərindən ibarət ilk albom-kataloq nəşr olunmuş, “Sənətin Bəhruz zirvəsi” adlı sənədli film hazırlanmışdır. Hazırda Bəhruz Kəngərli Muzeyi müasir tələblər səviyyəsində yenidən qurulur.

İlk dəfə olaraq Bəhruz Kəngərlinin əsərlərinin tam külliyyatının sərgiləndiyini bildirən Ali Məclisin sədri demişdir: “Azərbaycan realist rəssamlığının banisi olan Bəhruz Kəngərli istedadlı fırça ustası olmaqla bərabər, eyni zamanda, öz dövrünün reallıqlarını böyük şövqlə ifadə etmiş, xalqımız qarşısında mühüm xidmətlər göstərmişdir. O, xalqımızın tarixi keçmişini və dövrün ictimai-siyasi hadisələrini öz əsərlərində dolğun əks etdirən bir sənətkar kimi yüksək qiymətə layiqdir. Xalqımızın başına gətirilən müsibətləri, doğma yurdundan zorla qovulmuş azərbaycanlı qaçqınların taleyini əks etdirən “Qaçqınlar” silsiləsinə daxil olan əsərləri Bəhruz Kəngərliyə əqidəli vətəndaş və rəssam kimi əbədi yaşamaq hüququ vermişdir. O, incəsənətimizin inkişafı naminə yorulmadan xidmət göstərmiş, öz evində fərdi sərgilər təşkil etmiş, gənclərə rəsm sənətinin sirlərini öyrətmək üçün dərnəklər yaratmış, öz əsərlərinin satışından əldə etdiyi gəlirlə imkansız uşaqların təhsilinə köməklik göstərmişdir”.

Ali Məclisin sədri demişdir: “İncəsənət xəzinəmizə dəyərli sənət inciləri bəxş edən görkəmli rəssamın xalqımız qarşısındakı xidmətləri nəzərə alınaraq onun Naxçıvan şəhərindəki məzarüstü abidəsi bərpa edilmiş, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 1972-ci ildən fəaliyyət göstərən sərgi salonuna rəssamın adı verilmişdir. Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında 2001-ci ildə imzalanan Sərəncama əsasən, Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi yaradılmış, 2002-ci ildə muzeyin təntənəli açılışı olmuşdur. Muzeyin açılış mərasimində iştirak edən ulu öndərimiz Heydər Əliyev Bəhruz Kəngərlinin yaradıcılığına yüksək qiymət verərək demişdir: ”Bəhruz Kəngərlinin əsərləri Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən dəyərli nümunələridir”.

 

Bəhruz Kəngərlinin əsərlərinin Azərbaycan rəssamlıq sənətinin ən dəyərli nümunələri kimi bu gün də qorunub saxlanıldığını və nümayiş etdirildiyini qeyd edən Ali Məclisin sədri sərginin təşkilatçılarına təşəkkürünü bildirmişdir.

Sərgini ölkəmizin mədəni həyatında əlamətdar hadisə kimi dəyərləndirən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev demişdir ki, görkəmli rəssam, istedadlı fırça ustası Bəhruz Kəngərli Azərbaycan milli rəsm sənətinin tanınmış simalarından biridir. O, Azərbaycan bədii sənət xəzinəsinə dəyərli nümunələr bəxş etmişdir. Teatr rəssamlığı, qrafika və digər janrlarda əsərlər yaradan Bəhruz Kəngərli milli rəssamlığın inkişafında özünəməxsus rol oynayan, Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, geniş və rəngarəng yaradıcılıq imkanlarına malik olan böyük sənətkardır. O, Azərbaycan boyakarlığında realizmin əsasını qoymuş, onu yeni ictimai məzmun və janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirmişdir.

Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov Bəhruz Kəngərlinin Azərbaycan mədəniyyəti xəzinəsinə daxil olan zəngin bədii irsinin xalqımızın milli sərvəti kimi qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlərdən danışmış, rəssamın çoxcəhətli yaradıcılığı barədə məlumat vermişdir.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olmuşlar.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev nümayiş etdirilən əsərlər barədə məlumat verərək bildirmişdir ki, Milli İncəsənət Muzeyinin kolleksiyası əsasında təşkil olunmuş sərgidə Bəhruz Kəngərlinin bir-birindən dəyərli sənət əsərləri nümayiş etdirilir. Rəssamın yaradıcılıq nümunələrinin əksəriyyətini mənzərələr təşkil edir. Onun “İlanlı dağ”, “Ağrı dağ”, “Əshabi-kəhf”, “Nəhəcir dağı”, “Qızlar bulağı şəlaləsi”, “Dağ mənzərəsi”, “Mənzərə”, “Qara dəniz” əsərləri yüksək bədii sənətkarlıq nümunələridir.

Bəhruz Kəngərlinin əsərləri içərisində Əcəmi Naxçıvaninin XII əsrdə inşa etdiyi Möminə xatun və Yusif Küseyir oğlunun türbələri, “Nuhun qəbri” və “İmamzadə” əsərləri xüsusi yer tutur. “Nuhun qəbri” və “Atabəy məqbərəsi”ni rəssam bir neçə müxtəlif ölçü və texnikada, günün müxtəlif vaxtlarında, gah etüd, gah da tamamlanmamış şəkildə işləmişdir. Sərgidə nümayiş etdirilən “Naxçıvanda məqbərə”, “Əliabad kəndində alaqapı”, “Yamxana kəndinə gedən yol” kimi əsərlər Azərbaycan incəsənətində realist mənzərə janrının nadir nümunələridir.

Bəhruz Kəngərli bütün yaradıcılığı boyu təbiətə, naturaya sadiq qalan, ona realist rəssam gözü ilə baxan bir sənətkar idi. O, təbiət təsvirlərini yalnız real və inandırıcı deyil, eyni zamanda, ehtirasla, qüvvətli daxili hisslərlə əks etdirirdi. Onun şairanə ilhamla çəkilmiş əsərlərində zəngin lirika, nikbin əhval-ruhiyyə duyulur. Bu isə rəssamın Vətənə, təbiət gözəlliklərinə bəslədiyi sönməz məhəbbətindən doğur.

Sərgi ilə tanışlıqdan sonra Naxçıvan rəssamları ilə xatirə şəkli çəkdirilmişdir.

Sərgi 10 gün davam edəcəkdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında