Yaşar Məmmədsadıq oğlu Nuriyev

Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Milli teatr və kino sənətinin tanınmış nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, respublikanın xalq artisti Yaşar Məmmədsadıq oğlu Nuriyev 2012-ci il noyabr ayının 22-də ömrünün 62-ci ilində vəfat etmişdir. 
Yaşar Nuriyev 1951-ci il sentyabrın 3-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1968-1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil almışdır.
1971-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunun tədris teatrında aktyor kimi çalışmağa başlayan Yaşar Nuriyev 1974-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilmiş və aparıcı səhnə ustası olaraq sənət fəaliyyətini burada ömrünün sonunadək davam etdirmişdir.
Yaşar Nuriyevin yaradıcılığı müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutur. Hələ erkən yaşlarından aktyorluq sənətinin vurğunu olan sənətkar teatr və kino aləminə qədəm qoyduğu ilk vaxtlardan tanınıb sevilmiş, təkrarolunmaz ifa üslubu ilə qısa müddət ərzində tamaşaçıların qəlbinə yol tapmışdır. Əlliyə yaxın bədii filmdə, yüzdən çox tamaşa, bədii kompozisiya və satirik səhnəcikdə onun böyük ustalıqla canlandırdığı obrazlar öz incə yumoru və dərin psixoloji yozumu ilə səciyyələnmişdir. Son dərəcə təbii və müasir ruhlu rollarda komik məqamları məharətlə üzə çıxarması sayəsində o, gülüşün böyük tərbiyəvi əhəmiyyətə malik olduğunu bir daha sübuta yetirmiş, milli teatrın bu istiqamətdə ənənələrini daha da zənginləşdirmişdir.
Azərbaycan teatr məktəbinin formalaşdırdığı parlaq irsə həmişə sadiq qalan Yaşar Nuriyev səhnədə hər dəfə yenidən yaşaya-yaşaya, bütün daxili potensialını səfərbər edərək koloritli və bir-birindən maraqlı obrazlar yaratmışdır. Sənətkarın klassik və müasir Azərbaycan ədəbiyyatına, milli və dünya dramaturji irsinə müraciətlə səhnə həyatı verdiyi qəhrəmanlar özlərinə xas davranış tərzləri, şux danışıqları ilə yaddaşlara həkk olunmuşdur.
Yaşar Nuriyevin kinematoqrafiyanın imkanlarından istifadə etməklə ekranda canlandırdığı dolğun və rəngarəng surətlər Azərbaycan kinosunun unudulmaz səhifələrindəndir. Təbiiliyi və inandırıcılığı ilə seçilən bu kinofilm qəhrəmanları aktyorun sənətin incəliklərinə necə dərindən bələd olduğunu nümayiş etdirmişdir.
Televiziya tamaşalarında sənətkarın baş rolların ifaçısı kimi yaratdığı personajlar milli televiziyanın fondunda sənət nümunələri olaraq qorunub saxlanmaqdadır.
Yaşar Nuriyevin Azərbaycan mədəniyyətinin inkişafı sahəsində göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. O, bir sıra mükafatlara və respublikamızın xalq artisti fəxri adına layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatı olan "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Tanınmış gülüş ustası, qayğıkeş və səmimi insan Yaşar Məmmədsadıq oğlu Nuriyevin işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!

{nl}

İlham ƏLİYEV Artur RASİZADƏ, Oqtay ƏSƏDOV, Ramiz MEHDİYEV, Elçin ƏFƏNDİYEV, Hacıbala ABUTALIBOV, Fatma ABDULLAZADƏ, Əbülfəs QARAYEV, Arif ALIŞANOV, Azər Paşa NEMƏTOV, Şəfiqə MƏMMƏDOVA, Eldar QULİYEV, Vaqif MUSTAFAYEV, İsrafil İSRAFİLOV, Mərahim FƏRZƏLİBƏYOV, Amaliya PƏNAHOVA, Siyavuş ASLAN, Firəngiz MÜTƏLLİMOVA, Bəsti CƏFƏROVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında