Oqtay Yusif oğlu ŞIXƏLİYEV

 

{nl}

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycanın xalq rəssamı, Prezident təqaüdçüsü Oqtay Yusif oğlu Şıxəliyev 2012-ci il yanvarın 31-də ömrünün 81-ci ilində vəfat etmişdir.
Azərbaycanın ilk professional monumentalçı rəssamlarından olan Oqtay Şıxəliyev 1931-ci il sentyabrın 3-də Bakı şəhərində anadan olmuşdur. O, əvvəlcə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində (1947-1952) təhsil almış, sonra isə V.İ.Muxina adına Leninqrad Ali Bədii Sənaye Məktəbinin bədii keramika şöbəsini (1952-1958) dekorativ-tətbiqi sənət ixtisası üzrə bitirmişdir. Yaradıcılığının ilk illərindən müxtəlif sərgilərdə iştirak edən rəssamın əsərləri tamaşaçıların diqqətini cəlb etmişdir. 1957-ci ildə Gənclərin Ümumittifaq sərgi festivalında dekorativ sənət üzrə birinci mükafata layiq görülmüşdür.
O.Şıxəliyev 1960-cı ildə Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul olunmuşdur. 1963-1967-ci illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, 1967-1969-cu illərdə Azərbaycan Teatr İnstitutunda müəllim, 1969-cu ildən baş müəllim vəzifələrində işləmişdir. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin rəsm kafedrasının dosenti, 1993-cü ildə həmin kafedranın professoru seçilmişdir. 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəsm kafedrasının, 2005-ci ildən akademik rəsm kafedrasının, 2011-ci ildən ömrünün sonunadək isə rəsm kafedrasının professoru vəzifəsində çalışmışdır.
Oqtay Şıxəliyev 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar rəssamı, 1992-ci ildə isə xalq rəssamı fəxri adlarına layiq görülmüşdür. Prezident təqaüdçüsü idi.
O.Şıxəliyev keçən əsrin 60-cı illərindən etibarən bir çox ictimai binaların - idman sarayı, məktəb, zavod, metrostansiya, park və s. bədii tərtibatını vermiş və binaların eksteryeri və interyerində insanların zövqünü oxşayan kompozisiyalar yaratmışdır. Yaradıcılığında milli və müasir monumental rəssamlıq sənəti ənənələrinin sintezini peşəkarlıqla əlaqələndirən rəssamın əsərlərində etnoqrafik elementlər, folklor motivləri, parlaq rənglərin əlvan çalarları tamaşaçıda xüsusi bədii-estetik zövq yaradan forma və kompozisiyalar üstünlük təşkil edir.
Rəssamın monumental yaradıcılıq nümunələrinə Bakıdakı 18 saylı məktəb, Bakı Dövlət Sirki, Bakı Məişət Kondisionerləri zavodu, "Azərbaycan" nəşriyyatının binası, Bakıda "Uşaq dünyası" universal mağazası, "Novbahar" restoranı və digərlərini misal göstərmək olar.
O.Şıxəliyev dəzgah rəngkarlığının müxtəlif janrlarında bir-birindən maraqlı əsərlər yaratmışdır. "Çənlər" (1969), "Kürün ram edilməsi" (1970), "Ancaq sülh" (1970), "Sallaqxana" (1970), "Mənim buketim" (1971), "Kapella" (1980), "Muğam" (1982) və s. əsərləri rəssamın tematik tablolarının əsas bədii xüsusiyyətlərini əks etdirir.
Onun portret və mənzərə janrında yaratdığı "Mənim qaracam" (1970), "Tarzən Bəhram Mansurov" (1972), "Rəssam Rasim Babayev" (1975), "SSRİ xalq artisti Mirzəağa Əliyev" (1974), "Nigar" (1975), "Rəssamın ailəsi" (1976), "Qobustan daşları" (1966), "Sumqayıt boruları" (1970), "Meksika həyəti" (1982), "Aydın səma" (1974) və s. rəssamın yaddaqalan uğurlu əsərlərindəndir.
Bir çox xarici ölkələrdə - Meksika, Almaniya, Kanadada və s. yaradıcılıq ezamiyyətlərində olmuşdur. Onun əsərləri dünyanın müxtəlif ölkələrindəki nüfuzlu muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır.
O, istedadlı rəssam və pedaqoq olmaqla yanaşı, həm də qayğıkeş və səmimi insan idi.
Azərbaycanın xalq rəssamı Oqtay Yusif oğlu Şıxəliyevin işıqlı xatirəsi sənətsevərlərin və onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin!

{nl}

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında