Bakıda "Eurovision-2012"nin keçiriləcəyi arena may ayına qədər tam hazır olacaq

"Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi "Baku Crystal Hall" müsabiqəyə qədər tam hazır olacaq.
"Biz "Baku Crystal Hall"un bünovrəsinin tikintisinə avqustun ortalarında başladıq. Bu işlər sentyabrın sonunda başa çatdı və oktyabr ayında quraşdırma işlərinə başladıq. Hazırda zalın və damın quraşdırılması başa çatıb". Bunu "Trend"ə müsahibəsində "Baku Crystal Hall"un tikintisini həyata keçirən "ALPINE Bau Germany AG" şirkətinin texniki direktoru Günter Vihinq demişdir.
Qeyd edək ki, 57-ci "Eurovision" mahnı müsabiqəsi Bayraq Meydanında inşa olunan "Baku Crystal Hall"da baş tutacaq. Yeni tikilən "Baku Crystal Hall" 23 000 tamaşaçı tutur. 16 minə yaxın tamaşaçı isə müsabiqənin yarımfinalları və finalını böyük monitordan canlı izləyə biləcəklər.
Vihinqin sözlərinə görə, hazırda şirkət kompleksin örtük işlərini həyata keçirir və fasadın işıqlandırılması üzərində işlərə başlayıb. O, həmçinin qeyd edib ki, zalın içərisində mexaniki və elektrik işləri, istilik və ventilyasiya sisteminin, kondisionerlərin quraşdırılması davam edir.
Vihinq bildirib ki, məkan may ayına qədər tam hazır olacaq. Əsas işlər mart ayının sonuna, qalan işlər isə aprelin ortalarına qədər başa çatacaq. "Aprelin ortalarında "Brainpool GMBH" şirkəti işıqların və səhnənin quraşdırılmasına başlayacaq".
"ALPINE Bau Germany AG" şirkətinin layihə üzrə tərəfdaşı İsveçrənin "Nüssli International AG" şirkətinin planlaşdırma işləri üzrə direktoru Rayner Kventser isə bildirib ki, bu cür möhtəşəm bir məkanın tikintisinin qısa müddət ərzində başa çatdırılması üç əsas komponentin paralel olaraq istehsal edilməsi, buraya gətirilməsi və quraşdırılması nəticəsində mümkün olub. Bu komponentlər kompleksin özəyi olan "Modular Stadia", daxili tavan və üst fasaddır.
O, qeyd edib ki, "Baku Crystal Hall"un fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, onun işıq saçan büllur görünüşü olacaq: "Fasad üzərində müxtəlif rənglərdə 45 minə yaxın işıq çalarları olacaq. Fasad özü də şou üçün istifadə olunacaq". Dizayn işləri Avropa Yayım Birliyinin tələblərinə uyğun həyata keçiriləcək.
Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən "Eurovision" müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb. May ayının 22-si və 24-də "Eurovision-2012"nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında