Olimpiya ümidlərimiz

Çoxnövçülükdə Avropa və dünya çempionatlarının ilk azərbaycanlı mükafatçısı
Londonda XXX Yay Olimpiya Oyunlarının açılış mərasiminə yarım ildən bir qədər çox vaxt qalır. İyulun 27-dən avqustun 12-dək bütün planetin nəzərləri İngiltərə paytaxtına - dünya idmançılarının ən ali məclisinə yönələcək. Olimpiada əsl sınaq və şöhrət meydanıdır. Bu meydanda fəxri kürsüyə yüksələnlər həyatlarında ən böyük idman uğurlarının sevincini yaşayır və öz ölkələrində əsl qəhrəmanlara çevrilirlər.
Əlbəttə, Azərbaycan idmançıları da London startlarını böyük ümidlərlə gözləyirlər. Olimpiadadan Olimpiadaya daha geniş nümayəndə heyəti, daha mübariz komanda ilə təmsil olunan və vətənə daha çox medal gətirən idmançılarımız qarşıdakı Oyunlarda da ölkəmizin şərəfini layiqincə qorumaq əzmindədirlər. Bildiyiniz kimi, idmanımızın ən yaxşı nümayəndələri 2011-ci ili 28 lisenziya ilə başa vurmuşlar. Olimpiadaya növbəti, 29-cu vəsiqəni isə bu yaxınlarda Şakir Şıxəliyev (idman gimnastikası) qazanmışdır.
Bu gün biz yaxınlaşmaqda olan növbəti olimpiya təsnifat yarışlarını gözləyərkən Londona "biletləri" artıq özlərinə təmin etmiş Azərbaycan idmançılarını bir daha xatırlayıb, onların keçdikləri yola ötəri nəzər salaq. İlk qeydlərimiz 1 nömrəli bədii gimnastımız, çoxnövçülükdə Avropa və dünya çempionatlarının ilk azərbaycanlı mükafatçısı Aliyə Qarayeva haqqındadır.
Azərbaycan idmanında adı böyük hörmətlə çəkilən ən məşhur simalardan biri, ölkəmizdə bədii gimnastikanın lideri Aliyə Qarayeva öz zəngin mükafatlar kolleksiyası ilə haqlı olaraq fəxr edə bilər. Ustalığı beynəlxalq gimnastika dairələrində yüksək qiymətləndirilən Aliyə dünyanın müxtəlif şəhərlərinin əzəmətli idman saraylarında bir çox mötəbər yarışda çıxışlarını zəriflik və gözəllik idmanı pərəstişkarlarının alqışları altında başa vurmuş, fəxri kürsüdə təbrikləri və medalları qəbul etmişdir.
2010-cu ilin sentyabrında Moskvada keçirilmiş dünya çempionatında onun bir növ rekord hesab edilə biləcək böyük müvəffəqiyyəti nəyə desən dəyər. Zarafat deyil, Rusiya paytaxtında planetin ən parlaq gimnastika ulduzları ilə rəqabətdə Azərbaycan idmançısına birdən-birə dörd bürünc medal təqdim olunmuşdur. Qarayeva bu mükafatlardan üçünü ayrı-ayrı təmrinlərdə, birini isə komanda yarışlarında qazanmışdır.
Bundan bir qədər əvvəl, apreldə Bremendə (Almaniya) təşkil edilən Avropa çempionatında Aliyə həyatında və ümumiyyətlə, Azərbaycanda bədii gimnastika tarixində ilk dəfə olaraq çoxnövçülükdə bürünc medalın sevincini yaşamışdı. Çoxnövçülük yarışlarının isə Olimpiya oyunları proqramında xüsusi yeri var. Məşhur mütəxəssis, Rusiya yığma komandasının baş məşqçisi İrina Viner bununla əlaqədar öz ölkəsinin "Ves sport" agentliyinə müsahibəsində demişdi: - Bu müvəffəqiyyət Azərbaycan kimi Şərq ölkəsi üçün çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycanlı gimnast beynəlxalq meydanda uğur qazanmışdır. Bu, həm bizim idman növümüz, həm də bütün Azərbaycan üçün çox əlamətdar hadisədir.
İstedadlı idmançının həmin uğurlarına bir sıra digər nailiyyətlərini, məsələn, Brno (Çexiya), Berlin (Almaniya), Moskva və Holonda (İsrail) "Qran-Pri" yarışlarından ölkəmizə "bol məhsulla" qayıtdığını, Tartuda (Estoniya) keçirilmiş beynəlxalq turnirdə halqa, top və gürzlərlə təmrinlərdə 3 qızıl medal qazandığını və s. qələbələrini də əlavə etmək olar.
Aliyə Qarayeva tarixdə olimpiyaqabağı il kimi qalacaq 2011-ci ildə də uğurlu çıxışlarını davam etdirmişdir. Ötən il o, Olimpiadaya lisenziya qazanmaq vəzifəsini müvəffəqiyyətlə həll etmişdir. Sentyabrda Fransanın Monpelye şəhərində təşkil edilən Olimpiya oyunlarına lisenziya xarakterli dünya çempionatı bütün iştirakçılar kimi, Aliyə üçün də ikiqat məsuliyyətli yarış idi. Bu səbəbdən də gimnastımızın olimpiya lisenziyası və çoxnövçülüyün finalında layiq görüldüyü bürünc medal təkcə onun özünə yox, bütün ölkəmizə böyük sevinc gətirdi. Qarayeva respublikamızda bədii gimnastika tarixində ilk dəfə olaraq dünya çempionatında çoxnövçülükdə Azərbaycana medal qazandırmışdır. İndi isə Aliyə İngiltərə paytaxtından olimpiya medalı ilə qayıtmaq arzusu ilə yaşayır. Əgər gimnastımız bu gözəl arzusuna da çatsa, onun olimpiya mükafatı çox mühüm hadisəyə, böyük bayrama çevrilər.
Göründüyü kimi, Qarayeva öz idman həyatında əsl yüksəliş dövrünü yaşayır. Şübhəsiz, belə bir yüksəlişə o, Azərbaycanda idmanın, o cümlədən gimnastikanın inkişafına dövlətimiz tərəfindən göstərilən böyük qayğı, məşq və yarışlar üçün yaradılan ideal şərait sayəsində nail olmuşdur. Aliyə özü də söhbətlərində, ölkə mətbuatına müsahibələrində bunu dəfələrlə qeyd etmiş, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Gimnastika Federasiyasının onun və rəfiqələrinin təlim-məşq prosesinə gündəlik diqqətini xüsusi vurğulamışdır.
Bu qeydləri yekunlaşdırarkən yəqin xatırlatmaq yerinə düşər ki, Azərbaycan bədii gimnastları Olimpiya oyunlarında ilk dəfə 2004-cü ildə Afinada təmsil olunmuşlar. Yunanıstan paytaxtında Anna Qurbanova 14-cü nəticə göstərmişdi. Bundan dörd il sonra Pekin - 2008-də "səhnəyə" Aliyə Qarayeva, Dinarə Gimatova və qrup hərəkətləri komandası çıxdı. Onların hamısı idmanımızın şərəfini layiqincə qorudu. Xüsusən də Aliyənin hələ təsnifat mərhələsində çöxnovçülüyün yekununda 24 rəqib arasında yeddinci olması, finalda isə bu nəticəni bir qədər də yaxşılaşdırıb Olimpiadanı fəxri kürsünün yaxınlığında, altıncı yerdə başa vurması təmsilçimizin böyük uğuru idi.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında