"Xalq Bank" xalq şairi Hüseyn Arifin seçilmiş əsərləri toplusunu nəşr etdirmişdir
"Xalq Bank" 2010-cu ildən xalqımızın mədəni irsinin təbliği, qorunub gələcək nəsillərə çatdırılması, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədi ilə "Xalq əmanəti" mədəniyyət layihəsini həyata keçirir. Bu silsilədən xalq rəssamları Böyükağa Mirzəzadə və Maral Rəhmanzadəyə həsr olunmuş kitab-albomlar və xalq şairi Məmməd Arazın seçilmiş əsərləri çap olunub, elm, təhsil, mədəniyyət ocaqlarına, sənətsevərlərə hədiyyə edilmişdir. Layihə çərçivəsində buraxılmış yeni nəşr - xalq şairi Hüseyn Arifin şeirlər toplusu "Xalq Bank"ın mərkəzi ofisində təntənəli surətdə ictimaiyyətə təqdim olundu.
Mərasimi giriş sözü ilə açan Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin komitə sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov "Xalq Bank"ın həyata keçirdiyi layihənin önəmini vurğulayaraq bildirdi ki, kiril qrafikalı əlifba ilə nəşr olunmuş kitablarımızın dövlət vəsaiti hesabına latın qrafikalı əlifba ilə buraxılması barədə Prezident İlham Əliyevin sərəncamı kitab mədəniyyətimizin inkişafına layiqli töhfə olmuşdur və bu yöndə özəl təşəbbüslər, əslində, dövlət başçısının xeyirxah missiyasını dəstəkləməkdir. Ədəbiyyatşünas əlavə etdi ki, "Xalq Bank" xalqın pul-maliyyə əmanətlərini qoruduğu kimi, mənəvi varidatının ən yaxşı incilərini də himayə etməklə, mötəbər imicini bir az da möhkəmləndirir. Xalq şairləri Hüseyn Arif və Məmməd Arazın zəngin yaradıcılıqları artıq çoxdan xalqımızın çoxəsrlik ədəbi-bədii irs xəzinəsində layiqli yer tutaraq ölməzlik qazanmışdır.
Təqdim olunan yeni kitabı xalqa layiqli hədiyyə kimi dəyərləndirən professor Nizami Cəfərov Hüseyn Arifin xalq ədəbiyyatından qaynaqlanan və professional şeirimizi zənginləşdirən poeziyasını mövzu, ideya və sənətkarlıq baxımından səciyyələndirdi. O bildirdi ki, gözəllik aşiqi olan şairin təbiətə, insana həsr etdiyi, humanist duyğu-düşüncələri ifadə edən şeirləri dillər əzbəridir. Onun gözəl musiqilərlə qoşalaşan nəğmələri insana həyatın şirinliyini, ömrün nadirliyini anladır. Xalq şairi Səməd Vurğunun istedadlı davamçısı kimi Hüseyn Arifin özünün də bir çox yetirmələri var.
Azərbaycanı, soydaşlarımızın yaşadığı Göyçə, Borçalı, Zəngəzur kimi tarixi bölgələrimizi qarış-qarış gəzən şair el həyatının hikmətini, saz sənətinin ululuğunu poeziyaya gətirməklə, xalqın qəlbində ucalmış, yaddaşlarda silinməz izlər qoymuşdur. "Xalq Bank" Hüseyn Arifin ən yaxşı şeirlərini nəfis bir toplu şəklində buraxmaqla, əslində, bu böyük dəyəri yenidən xalqa qaytarmış olur. Bu həm də o deməkdir ki, 68 il ömür sürüb, 19 il əvvəl dünyadan köçmüş Hüseyn Arifin əsərləri bədii dəyərini qətiyyən itirməyib və bank oxuculara layiqli töhfə seçərkən, ilk sırada onu da yada salır. Ədəbi-mədəni aləm bu faktı nəzərdən qaçırmır. Hüseyn Arifə rəhmət diləyir, "Xalq Bank"a minnətdarlığını bildirir.
Nəşrin tərtibçisi və redaktoru, istedadlı yazar Səlim Babullaoğlu bildirdi ki, "Xalq əmanəti" layihəsinin bütövlükdə dördüncü, poetik toplu kimi isə ikinci kitabının xalq şairi Hüseyn Arifin seçilmiş əsərlərinin olması, bir tərəfdən, şairin poeziyamızdakı layiqli yerinin təsdiqidirsə, o biri tərəfdən, layihənin öz prinsiplərinə sadiqliyinin göstəricisidir. Bu, xalqın əmanətini özünə qaytarmağın, saf və şirin ana dilimizdə yaradılmış şeiriyyəti söz xiridarlarına yenidən çatdırmağın nişanəsidir. Bununla ədabiyyatımız da, oxucular da, Hüseyn Arif irsi də, bank da qazanır.
Kitaba daxil edilmiş əsərləri şeir, poema, qoşma, bayatı, dastan və s. kimi formal keyfiyyətlərinə görə də təsnifləşdirmək olardı, amma biz kitabın tərtibində, bəlkə də, "seçilmiş əsərlər" kimi məlum tipologiyanın ən çətin növünü seçdik - xalqın yaddaşında həmişəyaşar və diri olan Hüseyn Arif şeirlərini mövzularına görə ayırdıq və sıraladıq. Niyə? Yəqin, ona görə ki, xalq heç vaxt xatırlayanda janr və formaya ayıraraq xatırlamır. Onun içini Vətən həsrəti üzürsə, o saat, həmin dəqiqə yaddaşının dərinliyindən Vətənlə bağlı bir şeir tapıb çıxarır və onu yanıqlı bir səslə oxuyur. O aşiqdirsə, bir gözələ vurulubsa çox rahatlıqla, poetik təsnifat və növ haqqında düşünmədən Hüseyn Arifin bu şeirini oxuyur:
Əzizlədim dönə-dönə,
Dönüb yenə əzizlərəm.
Yönün bəri düşər deyə
Yolu-izi təmizlərəm.
S.Babullaoğlu daha sonra dedi ki, oxucuların həmişə sevə-sevə oxuduqları şeirləri seçəndə biz bir nadir məqamla dəfələrlə rastlaşdıq. Bu, Hüseyn Arifin hansısa şeirinin, eyni zamanda, həm Vətənə, həm gözəlliyə, həm də lirik düşüncəyə aid olması və bu bölmələrin hər birində verilə bilməsidir. Hüseyn Arif poeziyası bu baxımdan dünyanın bir sözdən - "ol" kəlməsindən yaradıldığına inamımızı artırır. Onun şeirləri həyatımız üçün ən zəruri olan hava və suyun bədənimizə verdiyi qədər ruhumuza rahatlıq gətirir. Xalqın ruhuna yaxın olan söz onun sənətkarlara etibar etdiyi mənəvi əmanətdir. "Xalq Bank" bu əmanəti öz sahibinə qaytarmaqla xalqın razılığını qazanır.
Kitab nəfis şəkildə buraxılıb, üz qabığında şairin təbiətə vurğunluğunun rəmzi kimi çiçəkli budaq təsviri verilib. Nəhayət, kitaba "ön söz" düşünərkən tərəddüdsüz olaraq, Hüseyn Arif poeziyasının xiridarı, ömrü boyu onunla sıx təmasda olmuş xalq yazıçısı İsmayıl Şıxlının "Elə bağlı sənətkar" məqaləsini seçdik. Bu dəyərli yazı dünən olduğu kimi, bu gün də Hüseyn Arif yaradıcılığına bələdçilik edir. Kitabı hazırlayarkən şairin qızı Zöhrə Hüseynzadənin öz dəyərli məsləhətləri ilə göstərdiyi kömək də faydalı olmuşdur.
Xalq şairi Nəriman Həsənzadə mərasimdə çıxışına şair dostu, ustad Hüseyn Arifin yaradıcılığına "Xalq Bank"ın xüsusi diqqətinin qiymətli bir nəşr hasilə gətirməsindən doğan xoş təəssüratla başladı. O bildirdi ki, Hüseyn Arif kimi şairlər, yazıçılar bir vaxtlar milli varlığımızı yaşatmaqla dövlət müstəqilliyimizin qazanılmasına xidmət etmişlər. İndi azadlığımız bizi maddi və mənəvi sərvətlərimizin həqiqi sahibinə çevirmişdir. Hüseyn Arifin də xalq yaddaşına, milli oyanışa göstərdiyi xidmətin əvəzi "Xalq Bank"ın timsalında şairin özünə qaytarılır. Biz yaradıcı adamlar ürəkdən sevinirik ki, bu gün muğam kimi, saz kimi, sözə də qədir-qiymət verilir. Böyük Füzuli deyirdi ki, sözün qədrini artıran öz qiymətini yüksəldər. "Xalq Bank" Hüseyn Arifi, Məmməd Arazı sevirsə, bu sevgi onun özünə diqqət və hörmət gətirəcək.
Baxın, ölkəmizdə söz azadlığı kimi, iqtisadi sərbəstlik də var. Nə qədər özəl qurum yaranıb. Hərəsi bir dəyərli əsəri çap etdirsə, yaxşı kitablar oxuculardan uzaqda qalmaz. Hüseyn Arif kimi şairlərin unudulmaması bir daha onu göstərir ki, xalqın sevdiyi şairin əsərləri zamandan-zamana keçir. Dədə Qorqud Kitabı, Nizaminin, Nəsiminin, Füzulinin, Vaqifin şeirləri günümüzə bax belə gəlib çatıb. Bu həqiqəti dərk edib ona xidmət etmək müdriklikdir. "Xalq Bank" "Xalq əmanəti" layihəsini gerçəkləşdirməklə, belə bir hikmətə bağlılığını göstərir.
Şair İlyas Tapdıq "Xalq əmanəti" layihəsini təqdir etdi, onun uğurlu davamına inandığını söylədi. O bildirdi ki, dostu Hüseyn Arif Vətəni öz evi, evini isə doğma yurdun bir parçası bilirdi. Buna görə xalqın inamını, sevgisini qazanmışdı. Belə şairlərin əsərlərinə həmişə ehtiyac var. Azərbaycanda elə bir oxucu tapılmaz ki, Hüseyn Arifin yeni kitabına ehtiyac duymasın. Bizdə ən çox çap olunan şairlərdən biri olmuş Hüseynin bütün kitablarının ümumi tirajı 250 mindir. Əlbəttə, çox azdır. Sağ olsun "Xalq Bank"ın rəhbərliyi. İndi ən yaxşı kitabın 500-1000 nüsxə buraxıldığı bir dövrdə Hüseyn Arifin pərəstişkarlarına havayı 5000 gözəl kitab vermək böyük xeyirxahlıqdır.
Şair Çingiz Əlioğlu isə bildirdi ki, Hüseyn Arif sıradan bir şair deyildi. Onun şeirləri xalqımızın genetik yaddaşının pıçıltısı idi. Hüseyn Arifin şeirləri kiçik bir zümzümə ilə nəğmələşir. Bu poetik sərvətdir. Maddi sərvətlərimizi pul dəyərində qoruyan bankın söz incilərini qorumasının qiymət ölçüsü yoxdur. Bu, qeyrət işidir. Layihə ilk nəşrləri ilə rəğbət qazanmışdır. Onun rəhbərlərinə və icraçılarına söz adamlarının təşəkkürünü çatdırırıq.
Mərasimdə Tələbə Qəbulu Dövlət Komissiyasının sədri, professor Məleykə Abbaszadə, "Xəzər" Universitetinin rektoru, professor Hamlet İsaxanlı və digər natiqlər də xalq şairi Hüseyn Arifin poetik irsinin ölməzliyindən söz açdılar, "Xalq əmanəti" layihəsinə uğur arzuladılar.
Şairin qızı Zöhrə Hüseynzadə atasının yaradıcılığına göstərilən diqqətə və "Hüseyn Arif, seçilmiş əsərlər" kitabının nəşrinə görə "Xalq Bank"ın rəhbərliyinə, hüseynsevərlərə minnətdarlığını bildirdi.
Sonda "Xalq əmanəti" layihəsinin rəhbəri Rafiq Haşımov bildirdi ki, ictimaiyyətdən gələn təqdir və xoş rəy onları silsilənin yeni nəşrləri üzərində daha məsuliyyət və həvəslə işləməyə ruhlandırır. "Xalq Bank" xalqın sevib-dəyərləndirdiyi müəllifləri və kitabları himayə etməklə, sənətsevərlərə kiçik bir hədiyyə vermiş olduğunu düşünür.
Mərasimdə Hüseyn Arifin şeirləri səsləndi, sevdiyi saz dilləndi. İştirakçılara yeni kitabın nüsxələri hədiyyə edildi.
{nl}
Tahir AYDINOĞLU, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.