Bu il Lənkəran şəhəri "Azərbaycanın folklor paytaxtı"elan edilmişdir
Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" proqramına uyğun olaraq cari ildə "Azərbaycanın folklor paytaxtı" elan edilmiş Lənkəranda təntənəli mərasimlər, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans, "dəyirmi masa", konsert, müsabiqə, festival, sərgi və sair tədbirlərin təşkili ardıcıl reallaşdırılır. Bu sıradan "Tarixin canlı şahidləri" adı altında qocaman el sənətkarları ilə görüşlər, "Bayatı axşamları", "Nənələr və nəvələr" folklor gecələri, "Lənkəran mətbəxi" festivalı və digər tədbirlər yaddaqalan olmuşdur.
Lənkəranın ərazisi başdan-başa folklor qaynağıdır. Elə şəhərə çathaçatdakı dairənin yaxınlığında "Xalq yaradıcılığı mərkəzi" ilk baxışdan diqqət çəkir. Buradakı heykəllər, qədim etnoqrafik eskizlər, rəmzi Qala divarları və nizəli-qalxanlı gözətçilər, "Samovar" abidəsi adamı əsrarəngiz bir aləmə qovuşdurur. Balıqçı obrazını canlandıran abidə hər bir istəyi yerinə yetirməyə hazır olan qızıl balıq haqqındakı nağıl epizodlarını yada salır. Bir qədər gedəndən sonra, Lerik yolunun üstündə "Ay lolo" şadlıq sarayı görünür. İstər-istəməz məşhur "Nənələr" folklor kollektivini xatırlayırsan.
"Lənkərandan İstanbula yar gələr,
Gümüş kəmər incə belə dar gələr..."
Ötən əsrin əvvəllərində Qori seminariyasını yenicə bitirən, sonralar görkəmli bəstəkar olan Müslüm Maqomayev bir müddət Lənkəranda dərs deyib. O, şagirdlərinə bayatı və nəğmələr topladar, mahnıları xorla oxumağı öyrədərdi. Bir dəfə lənkəranlı dostlarından biri ondan soruşur:
- Müslüm müəllim, neçə ildir çəltik zəmilərində oxuyan qızlardan, qadınlardan nəğmələr toplayırsan. Bəs, bu nəğmələr yığılıb qurtarmadımı?
M.Maqomayev cavab verir:
- Nə dəryada balıq qurtarar, nə də Talışda nəğmə...
Tarixdən daha bir fakt: hələ 1930-cu ildə ilk dəfə Üzeyir Hacıbəyli Lənkəran zonası xalq mahnılarını toplayaraq onların dördünün əsasında şedevr xor əsəri yaratmışdır.
Xalqımızın musiqi, rəqs və eləcə də ifaçılıq sənətində bu zonanın folkloru geniş yer tutur. Folklor ekspedisiyaları zamanı nota yazılıb toplanan materiallardan görünür ki, burada uzun müddət ərzində yaranıb, bu gün də yaşayan mahnı, rəqs və digər musiqi nümunələri forma, məzmun, melodiya və ritmik cəhətdən diqqəti cəlb edir. İfaçılıq üslubuna görə isə bunlar kollektiv mahnılar adlandırıla bilər. Qadınlar üz-üzə cərgələrdə dayanıb unison şəklində oxuyurlar: birinci iştirakçılar nəqaratı, ikincilərsə kupleti ifa edirlər. Toy adət-ənənələri ilə bağlı mərasimlər, lirik mahnılar, əmək, təbiət təsviri, vətənpərvərlik və sair mövzulu nəğmələr üstünlük təşkil edir.
Hamının maraqla dinləyib zövq aldığı "Yaxşı bəzək vurun bizim gəlinə", "Göndərin, hamama göndərin", "Əllərə xına yaxarlar", "A nimtənə, nimtənə", "Kinəlim", "Ağ alma, qızıl alma", "Ağlama, ceyran balası, ağlama", "Yar gəldi", "Lampanı yanar qoydum" kimi el nəğmələri məhz Lənkəranın folklor bulağından süzülüb gələnlərdir.
İki gəmi gəlir Lənkəran üstə,
Birində şabalıd, birində püstə...
("Ay dili-dili")
Düz 21 il öncə "Lənkəran" adlı sanballı bir kitab yazmış Böyükağa Hüseynbalaoğlu ilə Mirhaşım Talışlı folklor və xalq sənəti sahələrinə də işıq tutmuş, maraqlı məlumatları qələmə almışlar. Ensiklopedik kitabın müəllifləri ötən əsrin əvvəllərində məşhur "Molla Nəsrəddin" jurnalının açıq-gizli imzalarla yazan müəlliflərindən, eləcə də Lənkəranın məzhəkəçi və hazırcavablarından da ətraflı bəhs etmişlər.
Lənkəranlılar 1977-ci ildə Polşanın Zakopani şəhərində keçirilmiş beynəlxalq folklor festivalında "Şənlik" ansamblının "Qızıl balta" mükafatını qazanmasını, yəqin ki, yaxşı xatırlayırlar. Cavad Rəcəbovun "Nur" ansamblı, Şağlaser kəndinin "Avesta" talış folkloru kollektivi də xalq yaradıcılığının təbliğində az rol oynamayıb. Tanınmış soprano, xalq artisti Həqiqət Rzayeva, əməkdar artistlər Cahan Talışinskaya, Münəvvər və Həşim Kələntərlilər, həmçinin mərhum xalq artisti Gülağa Məmmədov, eləcə də Ağasaleh Abbasəliyev, Yalçın Rzazadə, Canəli Əkbərov, Nazim Ağayev, Eldar Axundov, Oqtay Ağayev, bəstəkar Azər Rzayev və başqaları Azərbaycan mədəniyyətinin fəxrləri sayılırlar.
Lənkəran şəhər mədəniyyət və turizm şöbəsinin əməkdaşı İlqar Əzimov il çərçivəsində keçirilmiş tədbirlərdən ətraflı bəhs etdi:
- Şəhərimizin "Azərbaycanın folklor paytaxtı" elan olunması xalqımızın, o cümlədən cənub bölgəsi əhalisinin şifahi xalq ədəbiyyatını, adət və ənənələrini bir daha dünyaya tanıdır, mədəniyyət tariximizdə yeni bir səhifəyə çevrilir. Bu əlamətdar hadisə ilə əlaqədar təşkilat komitəsinin tədbirlər planı təsdiqlənmiş, "Folklor paytaxtı"nın rəsmi loqosu hazırlanaraq şəhərin bir neçə yerində vurulmuşdur. İlk tədbirimiz mart ayında Heydər Əliyev xatirə parkında təşkil olunmuşdur. Burada el sənətkarlarının əl işlərinin, suvenirlərin sərgiləri nümayiş etdirilmiş, idmançıların çıxışları təşkil olunmuş, milli mətbəximizin nümünələri nümayiş olunmuşdur. Tədbir çərçivəsində qədim oyun növləri olan kəndirdartma, milli güləş yarışları unudulmaz təsir bağışlamışdır. Bayramın aparıcısı, dastan obrazı Dədə Qorqud, icra hakimiyyətinin başçısı Tofiq İbrahimova nazirliyimiz tərəfindən hazırlanmış kuboku təqdim etmişdir.
Tədbirin bədii hissəsində "Nağıllar dünyasına səyahət" başlığı altında folklor kollektivləri, el sənətkarları, rəqs ansamblları, C.Cabbarlı və H.Rzayeva adına uşaq musiqi məktəblərinin folklor kollektivləri, mədəniyyət evlərinin özfəaliyyət təmsilçiəri və müğənnilərin iştirakı ilə maraqlı konsert proqramı təşkil olunmuşdur. Separadi kənd mədəniyyət evinin "Nənələr" folklor mahnı və rəqs kollektivinin, Uşaq evi klubunun "Şənlik", Girdəni kənd mədəniyyət evinin "Vənəşə", Boladı və Vilvan kənd klublarının qızlardan ibarət rəqs ansamblının çıxışları, qədim folklor bayramı "Novruz"un atributları olan Kosa ilə Keçəlin zarafatları, Bahar qızın faytonla gəlməsi maraqla qarşılanmışdır.
Liman şəhər klubunda, Girdəni, Türkəkəran, Şağlaser, Separadi, Şıxəkəran, Göyşaban, Mamusta, Hirkan, Gərmətük kənd mədəniyyət evlərində, Haftonu, Vilvan, Kərgəlan, Veravul, Boladi, Xanbulan, İsti-su, Sütəmurdov kənd klublarında da özfəaliyyət kollektivləri konsertlər vermişlər. Heydər Əliyev muzeyi, Tarix-diyarşünaslıq və H.Aslanovun ev muzeyində bayram münasibətilə açıq qapı günləri keçirilmiş, qonaqlara folklorumuz, milli adət-ənənələrimiz haqqında geniş məlumat verilmişdir.
Həmin ayın sonunda mərkəzi kitabxananın zalında qədim folklor adətlərimizi tanıtmaq məqsədi ilə folklorşünas alim Y.Ağazadə ilə görüş təşkil olunmuş, "Folklorumuz və müasir mədəniyyət" başlığı altında mühazirə oxunmuşdur.
Apreldə şöbəmiz tərəfindən tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi təşkil olunmuşdur. El sənətkarlarının yaratdığı dulusçuluq nümünələri, həsirlər və s. sərgilənmişdir. Tədbirin bədii hissəsində "Nənələr" folklor mahnı və rəqs, "Vənəvşə" folklor rəqs kollektivləri, uşaq musiqi məktəblərinin muğam ifaçiları çıxış etmişlər. Lənkəran uşaq rəssamlıq məktəbində "Folklorumuz və adətlərimiz uşaqların gözü ilə" adlı sərgidə gənc fırça ustalarının milli folklorumuza, adət-ənənələrimizə aid rəsmləri nümayiş olunmuşdur.
May ayında IV Ümumrespublika ənənəvi kitab bayramında dövlət rəsmiləri, şəhər sakinləri, yaradıcı ziyalılar, müharibə veteranları iştirak edirdilər. Tədbirin keçirildiyi Mərkəzi kitabxananın qarşısına diqqəti cəlb edən tərtibat verilmiş və müxtəlif sərgilər təşkil olunmuşdu. Tədbir çərçivəsində 2011-ci il üçün Lənkəran şəhərinin "Azərbaycanın folklor paytaxtı" elan olunması ilə bağlı tətbiqi sənət ustalarının və el sənətkarlarının əl işlərindən ibarət açıq hava sərgisində dulusçuluq nümünələri, həsir toxuma və gildən düzəldilmiş müxtəlif əşyalar nümayiş etdirilmişdir. Eyni zamanda, kitabxananın qarşısında gənc rəssamların əsərləri, milli adətlərimizə həsr olunmuş nəşrlər göstərilmişdir. Tədbirdə çıxış edən folklorşünas alımlər, yazıçılar, təhsil işçiləri kitabın həyatımızda rolu, milli adətlərimizin təbliği barədə geniş məlumat vermişlər.
Avqustun 13-də "Lənkəran şəhəri Azərbaycanın folklor paytaxtıdır" adı altında açıq havada folklor axşamı təşkil olunmuşdur. Milli Məclisin deputatı Hadı Rəcəbli, folklorşünas alim Mirhaşım Talışlı, ağsaqqallar şurasının cədri Sərhəd Məmmədov və başqaları çıxış etmiş, Lənkəranda folklor və milli adət-ənənələrin tarixi haqqında məlumat verilmişdir. "Bacılar" talış folklor mahnı və rəqs kollektivi qədimdə Lənkəranda ifa olunan nəğmələri oxumuşdur. Qocaman mədəniyyət işçisi, el sənətkarı Surxay Əliyev qədim nəfəsli alətdə maraqlı musiqi nömrələri ifa etmiş və bu alətin tarixi haqqında məlumat vermişdir. Tədbir çərçivəsində el sənətkarlığı nümünələri də nümayış etdirilmişdir. Tanınmış müğənni Cavad Rəcəbovun mahnıları maraqla qarşılanmışdır. Bütün tədbirlər mətbuat və televiziyada geniş işıqlandırılmışdır...
İlin sonuna qədər "Azərbaycanın folklor paytaxtı"nda daha bir sıra maraqlı tədbirlərin təşkili nəzərdə tutulur.
{nl}
Əli NƏCƏFXANLI, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.