AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli Rasim Balayevin 70 illik yubileyi qeyd olunub. “Rasim Balayev. Milli yaddaşda qəhrəman obrazı” adlanan tədbirdə Mədəniyyət Nazirliyinin, AMEA-nın, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının, “Veysəloğlu” şirkətlər qrupunun əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri, aktyorun sənət doğmaları, Türkiyədən olan sənətçilər, KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan MEK direktoru Leyla İmanova bildirib ki, MEK fondlarında “Rasim Balayev” kateqoriyasına aid edilmiş kitab, jurnal, dissertasiyalar, eləcə də Rasim Balayevin çəkildiyi filmlər və verilişlər Mərkəzi Elmi Kitabxananın elektron kataloqu ilə yanaşı, Milli Rəqəmsal Bazasına daxil edilib və istifadəçilərin ixtiyarına verilib. Leyla İmanova qeyd edib ki, MEK informasiya istehsalçısı olaraq, nəzdində yaradılan Vikipediya Metodik Mərkəzi, “Qorqud” Viki-könüllülər qrupu “Şəms” Tərcümə Xidmətləri Mərkəzi ilə birlikdə Rasim Balayevin azərbaycandilli vikipediyadakı səhifəsini redaktə edib, ərəb, fars, türk və gürcü dillərində olan vikipediyalarda xalq artistinin viki-səhifəsini yaradıb.
Eyni zamanda, MEK tərəfindən Rasim Balayevə həsr olunan film hazırlanaraq, MEK-in Youtube kanalında yerləşdirilib. MEK-in direktoru ö Rasim Balayevin yaratdığı Beyrək, Babək, Nəsimi obrazlarının--dünənin qəhrəman obrazlarının gənc nəslə təsir imkanlarından danışıb. Qeyd edib ki, kino tariximizdə mühüm yer tutan bu filmlər gənc nəslin milli düşüncə tərzinin formalaşmasına da öz təsirini göstərir. Çünki xalq artisti Rasim Balayevin yaratdığı Nəsimi, Beyrək, Babək, Mirzə Fətəli Axundov, Cavid kimi tanınmış şəxsiyyətlərin obrazları tamaşaçıların rəğbətini qazanıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışıq kafedrasının müəllimi, Rasim Balayevin tələbəsi olmuş Əlizaman İknurun təqdimatından sonra MEK-in Xalq artistinin həyat və yaradıcılığını əks etdirən “Rasim Balayev. Milli yaddaşda qəhrəman obrazı” adlı videoçarx nümayiş olunub.
Mədəniyyət Nazirliyinin nümayəndəsi Elşad Əliyev görkəmli aktyorun sənətindən, yaradıcılığından danışıb. O, yubilyarı təbrik edərək aktyora can sağlığı, yaradıcılıq uğurları arzulayıb.
Sonra musiqili tədbirin tərtibatına uyğun olaraq incəsənət və mədəniyyət xadimlərinin çıxışları və ifaları dinlənilib. Çıxış edənlərdən Xalq artistləri –Nurəddin Mehdixanlı, Hacı İsmayılov, Azər Paşa Nemətov, Əməkdar incəsənət xadimləri - şair Baba Vəziroğlu, kinorejissor Şeyx Əbdül Mahmudov, Əməkdar artistlər - İstanbul şəhər bələdiyyə teatrının müdir müavini Məlahət Abbasova, Ötkəm İsgəndərov, Musiqili Dram Teatrının aktyoru Nadir Xasıyev Rasim Balayev şəxsiyyətinin və sənətinin parlaq cizgiləri haqqında öz düşüncələrini bölüşüblər. Muğam ifaçılarından, Xalq artistləri - Zabit Nəbizadə, Teyyub Aslanov, Əməkdar artist Elnarə Abdullayeva, Muğam müsabiqəsinin qalibi Abgül Mirzəliyev, xanəndə Elbrus Niftəliyev, bəstəkar-müğənni Qasım Xəlilov Azərbaycan musiqisinin ecazkar nümunələri ilə məclisi rövnəqləndiriblər. Xalq artistinin tələbə yoldaşları Vaqif Əsədov, Könül Axundzadə, Elmi Mirzəliyev aktyor haqqında maraqlı və xoş xatirələrini yada salıblar. “Veysəloğlu” şirkətlər qrupu adından şirkətin vitse-prezidenti İlqar Nuri də çıxış edərək Xalq artisti Rasim Balayevi yubiley münasibəti ilə təbrik edib. Daha sonra Rasim Balayevin oğlu Ülvi Balayev çıxış edərək tədbir təşkilatçılarına və iştirakçılara minnətdarlıqlarını bildirib. Sonda Xalq artisti Rasim Balayev öz ürək sözlərini bölüşüb, yubiley gecəsinin təşkilatçısı olan MEK-ə və bütün sənət dostlarına xüsusi minnətdarlığını və ehtiramını bildirib.
Qeyd edək ki, “Rasim Balayev” adlı elektron resurs artıq MEK istifadəçilərinin ixtiyarındadır.
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.