Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri başlayıb.
Mədəniyyət günləri çərçivəsində iyulun 14-də Kanndakı Festivallar və Konqreslər Sarayında Azərbaycanın görkəmli rəssamları Lətif Feyzullayevin və Vəcihə Səmədovanın əsərlərindən ibarət “Məhəbbət tandemi” sərgisinin açılış mərasimi olub.
Sərginin açılışında Kann şəhər merinin müavini Frank Şıkli, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev çıxış ediblər.
F.Şıkli Kannda artıq ənənəvi olaraq keçirilən Azərbaycan mədəniyyəti günlərinin əhəmiyyətindən danışaraq qeyd edib ki, bu layihə hər iki xalqı bir-birinə yaxınlaşdırmaqla yanaşı, mədəniyyət xəzinəmizi, tariximizi dərindən tanımağa imkan yaradır, ikitərəfli münasibətləri daha da zənginləşdirir.
A.Ələkbərov belə əlamətdar gündə - 14 iyul Fransanın milli bayramında açılışı keçirilən Azərbaycan mədəniyyəti günlərinin dostluq, qarşılıqlı maraq və hörmətə əsaslanan, müxtəlif sahələri əhatə edən əlaqələrə dayandığını bildirib. Birinci vitse-prezidentin köməkçisi iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyəsindən, son illər ölkələrimiz arasında mövcud olan bütün münasibətlərin strateji əməkdaşlıq xarakteri daşımasından söz açıb.
Heydər Əliyev Fondunun icraçı direktoru mədəniyyət sahəsindəki əlaqələrin əhəmiyyətinə toxunaraq, bu istiqamətdə əməkdaşlığın bugünkü səviyyəyə çatmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük əməyi olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Mehriban Əliyeva Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri olduğu dövrdə, Heydər Əliyev Fondunun prezidenti kimi, hazırda isə ölkəmizin Birinci vitse-prezidenti kimi Azərbaycan-Fransa əlaqələrinin möhkəmlənməsinə həmişə xüsusi önəm verib. Məhz onun şəxsi təşəbbüsü və dəstəyi ilə bir çox genişmiqyaslı layihələr uğurla həyata keçirilib.
“2018-ci il Azərbaycan xalqı üçün çox əlamətdar bir ildir. Bu il biz müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edirik. Məhz 100 il bundan əvvəl Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə nümayəndə heyətinin iştirak etdiyi Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlət kimi tanınmışdı. Heydər Əliyev Fondu ölkəmiz və xalqımız üçün əlamətdar olan bu hadisəyə həsr edilmiş silsilə tədbirlər keçirir. Təsadüfi deyil ki, bu tarixi hadisəyə həsr olunmuş ilk tədbir məhz Fransanın paytaxtı Parisdə keçirilib”, - deyə A.Ələkbərov vurğulayıb.
Bildirilib ki, “Məhəbbət tandemi” sərgisi Azərbaycanın Əməkdar incəsənət xadimi Lətif Feyzullayevin anadan olmasının 100 illik yubileyinə həsr olunub. Lətif Feyzullayev və Vəcihə Səmədova cütlüyünün yaradıcılıq irsi ölkəmizin gözəl məkanlarını və xalqımızın həyat tərzini əks etdirir. Sərgidə bu cütlüyün 50-dən çox əsəri nümayiş olunur.
Səfir Rəhman Mustafayev Heydər Əliyev Fondunun Fransada həyata keçirdiyi layihələrdən danışıb, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə verdiyi töhfələri xatırladıb. Azərbaycan mədəniyyət diplomatiyasının əsas özəyi olan Heydər Əliyev Fondunun iki xalqın yaxınlaşmasında oynadığı rolun əhəmiyyətindən danışan diplomat Birinci vitse-prezident Mehriban Əliyevanın Kannda mədəniyyətimizin təşviqinə və bu şəhərlə əlaqələrin inkişafına verdiyi töhfələrdən söz açıb.
Çıxışlardan sonra “Məhəbbət tandemi” sərgisinin açılışı olub. Tədbir iştirakçıları sərgini ziyarət ediblər.
Sərgidə Lətif Feyzullayevin və Vəcihə Səmədovanın doğma yurdumuzun gözəlliyini, soydaşlarımızın həyat tərzini, qayğılarını və əməyini əks etdirən əsərləri böyük maraqla qarşılanıb. Həmçinin hər iki rəssamın həyat yolundan bəhs edən videoçarxlar nümayiş olunub.
Sərgiyə gələn sənətsevərlərə Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti, musiqisi haqqında fransız dilində nəşrləri hədiyyə edilib.
“Məhəbbət tandemi” sərgisi avqustun 4-dək davam edəcək.
Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində ziyafət də təşkil edilib. Gecədə Azərbaycanın tanınmış musiqiçiləri – Xalq Artisti Ənvər Sadıqov və Əməkdar Artist Emil Əfrasiyabın iştirakı ilə konsert proqramı təqdim olunub, milli musiqimizin inciləri səsləndirilib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kann şəhərində Azərbaycan mədəniyyəti günləri 2013-cü ildən keçirilir. Azərbaycan tarixi, mədəniyyəti və incəsənətinin təbliği, ölkələr və xalqlar arasında əlaqələrin genişlənməsinə xidmət edən layihə çərçivəsində mütəmadi olaraq müxtəlif sərgilər, konsert proqramları təşkil edilir.
Ümumiyyətlə, Heydər Əliyev Fondu Fransanın müxtəlif regionlarında, şəhərlərində ənənəvi şəkildə Azərbaycan mədəniyyətini təqdim edən tədbirlər keçirir. Sevindirici haldır ki, ölkəmizi tanıdan, Azərbaycan reallıqlarını çatdıran tədbirlər çox böyük maraqla qarşılanır.
Şəhla Ağalarova,
AZƏRTAC-ın
xüsusi müxbiri
Kann
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.