Xınalıqda 2500 il yaşı olan qədim nekropol aşkarlanıb

science.gov.az-da verilən xəbərə görə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi arxivinin müdiri, arxeoloq, tarix üzrə fəlsəfə doktoru İdris Əliyevin rəhbərliyi ilə Quba rayonunun inzibati ərazisinə daxil olan Xınalıq kəndinin cənub-şərqində eramızdan əvvəl I minilliyin ortalarına və ikinci yarısına aid edilən qədim nekropol aşkarlanıb.

Xınalıq arxeoloji ekspedisiyasının rəhbəri İdris Əliyev bildirib: “Hələ ötən il Arxeologiya və Etnoqrafiya İnstitutunda aparılmış müzakirələrdə Azərbaycanın arxeoloji xəritəsində hələ də tədqiqata ehtiyacı olan regionlar sırasında Xınalıq kəndinin yerləşdiyi Böyük Qafqaz dağları silsiləsinin Baş Qafqaz və Yan silsilələri arasındakı çökəkliyin daxil olduğu zona da xüsusi qeyd edilmişdi. Dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşən Xınalıq kəndi, həmçinin “Xınalıq” tarixi-memarlıq və etnoqrafik qoruğu ərazisində yerüstü, o cümlədən memarlıq abidələri qeydə alınmışdı. Amma ərazi arxeoloji cəhətdən faktiki tədqiq olunmayıb. Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimovanın bilavasitə təşəbbüsü ilə 2017-ci ildə Xınalıq ərazisində ilkin arxeoloji kəşfiyyat işləri aparıldı, yerüstü materiallar toplandı, kəşfiyyat xarakterli şurflar qoyuldu və tədqiqatlar üçün münasib sahələr qeyd edildi”.

Onun sözlərinə görə, Xınalıq arxeoloji ekspedisiyası tərəfindən bu ilin tədqiqat mövsümündə Xınalıq kəndinin cənub-şərqindəki ərazidə eramızdan əvvəl I minilliyin ortalarına və ikinci yarısına aid edilən nekropol aşkarlanıb. Coğrafi şəraitdən və relyefdən qaynaqlanan obyektiv çətinliklərə baxmayaraq ekspedisiya əhəmiyyətli nəticələrə imza atıb.

İlkin aşkar edilmiş və tədqiq olunmuş 12 qəbir əsasən şərq-qərb istiqamətlidir, daş plitə parçaları ilə divarları üzlənib. Aşkarlanmış skeletlərin kəllələri şimal-qərbə istiqamətlənib. Skeletlər və onlardan nümunələr antropoloji analizlər üçün götürülüb.

Tədqiq edilmiş qəbirlərdə zəngin dəfn inventarı aşkarlanıb. Dəfn inventarı içərisində tunc və dəmirdən hazırlanmış silahlar, tuncdan bəzək əşyaları, çoxsaylı əqiq, pasta mənşəli muncuqlar və digər maddi mədəniyyət nümunələri tapılıb.

“Nekropolda tədqiq edilmiş 12 qədim qəbirin tarixini təqribən eramızdan əvvəl I minilliyin ortalarına və ikinci yarısına, ehtimalımıza görə eramızdan əvvəl V-III əsrlərə aid etmək olar. Bu ehtimalı qəbirlərin quruluşu, dəfn inventarındakı materiallar əsasında irəli sürə bilərik. Amma gələcəkdə ərazidə daha geniş arxeoloji və arxeometrik araşdırmalar nekropolun sərhədlərini və zaman çərçivəsini dəqiqləşdirəcək. Həmçinin nekropolun mövcudluğu yaxınlıqda qədim məskənlərin də olmasına işarə edir”, - deyə Xınalıq arxeoloji ekspedisiyasının rəhbəri İdris Əliyev bildirib.

İdris Əliyev qeyd edib ki, Xınalıq nekropolunun aşkarlanmasını Azərbaycan arxeoloji xəritəsində daha bir “boşluğun” aradan qaldırılması kimi dəyərləndirmək olar. İndiyə qədər özünəməxsus coğrafi mövqeyinə və relyefinə görə bu zonanın qədim dövrdə izolə edilmiş ərazi olması barədə fikirlər mövcud idi. Tədqiqatların böyük elmi əhəmiyyəti ondan ibarətdir ki, əldə edilmiş materiallara görə son tunc-ilk dəmir dövrünün sonu ilə antik dövrün ərəfəsi arasındakı zaman kəsiyində ərazidə və bütövlükdə regionda ciddi məskunlaşmanı, qarşılıqlı mədəni münasibətləri ehtiva edən intensiv proseslərin getdiyi barədə tam yeni bir fikir irəli sürmək mümkündür.

 

 

İsaq Əmənullayev
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında