Srebrenitsa və Xocalı harayı: Sarayevodan boylanan abidə

İyulun 11-i Srebrenitsa soyqırım qurbanlarının xatirəsini anma günüdür.  1995-ci ilin iyulunda Srebrenitsa şəhərində baş vermiş  soyqırım ən az  8.372 günahsız bosniyalı müsəlmanın qətlə yetirilməsi ilə nəticələnib. General Ratko Mladiçin tabeçiliyində olan və ağır silahlarla təchiz edilmiş serb ordusu tərəfindən törədilmiş soyqırım zamanı mülki insanlar, xüsusilə də qadın və uşaqlar  qətlə yetirilmiş, soyqırım qurbanları kütləvi məzarlıqlarda dəfn edilmişdir. Soyqırımda serb ordusuyla yanaşı "Əqrəblər" adı ilə tanınan Serbiya xüsusi təhlükəsizlik dəstələri də qətliamın törədilməsində iştirak etmişlər. BMT-nin Srebrenitsaya 400 silahlı Hollandiya sülhməramlısı yerləşdirməsinə baxmayaraq soyqırımın qarşısını almaq mümkün olmamışdır.

Bu gün dünyanın hər yerində olduğu kimi, Srebrenitsa başda olmaqla, bütövlükdə Bosniya-Hersoqovinada, digər ölkələrdə də  dərin ehtiramla anılır. 

Srebrenitsa soyqırımı II dünya müharibəsindən sonra Avropada baş vermiş ən irimiqyaslı qətliam hesab edilir.  Srebrenitsa soyqırımı həm də II dünya müharibəsindən sonra Avropada hüquqi cəhətdən ilk dəfə sənədləşdirilmiş soyqırım aktıdır.

2009-cu il yanvarın 15-də  Avropa Birliyinin Parlamenti böyük səs çoxluğu ilə (556 leyhinə, 9 əleyhinə və 22 tərəfsiz) 11 iyulu Avropa Birliyində Srebrenitsa soyqırımı günü kimi yad edilməsi ilə bağlı qətnamə qəbul edib.

Azərbaycan və  Bosniya-Hersoqovina dostluq və əməkdaşlıq əlaqələrinin nəticəsidir ki, Xocalı və Srebrenitsa kimi dəhşətli soyqırımlar yaşamış  iki müsəlman və dost xalqları bu istiqamətdə də işlər görür, gələcək nəslin insanlığa qarşı olan  bu cür qanlı cinayətlərin təkrarlanmaması üçün layihələr həyata keçirir. 2012-ci ilin fevralında Heydər Əliyev Fondunun təşəbbüsü və onun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə  Sarayevo şəhərində, Dobrunya çayının sahilindəki  “Dostluq parkı”nın yenidən qurulması və Bosniya və Herseqovinada 1992-1995-ci illər müharibəsinin və 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin  açılması  bunlardan biridir.

Layihə "Xocalıya ədalət" kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Respublikasının maliyyə dəstəyi, Sarayevonun Novi Qrad bələdiyyəsinin və Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyinin dəstəyi ilə reallaşıb.

Abidənin müəllifi heykəltaraş Natiq Əliyevdir və onun yaratdığı iki dərdli ananın - yaşlı və cavan qadının obrazı sanki simvolik olaraq azərbaycanlı və bosniyalı ananın dərdləşməsi olaraq təqdim edilir. Sözügedən abidə Qarabağ həqiqətlərinin Bosniya-Hersoqovina ictimaiyyətinə çastdırılması baxımından olduqca əhəmiyyətli layihədir. Srebrenitsa soyqırımının da Azərbaycan ictimaiyyətinə daha geniş çatdırılması, gələcəkdə müxtəlif səpgili layihələrin keçirilməsi və Bakıda xatirə kompleksinin ucaldılması iki xalq arasında ictimai-mədəni əlaqələrin inkişafına töhfə ola bilər.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında