İnsanın tərbiyə olunmasında, mədəni-intellektual baxımından formalaşmasında ailənin rolu nə qədər önəmlidirsə, xalqın da mənəvi cəhətdən kamilləşməsində, informasiya tələbatının ödənilməsində telekanalların təsiri o qədər yüksəkdir.
Azərbaycan Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin bazasında son illərdə yaradılmış və ilk gündən geniş tamaşaçı auditoriyasının rəğbətini qazanmış “Mədəniyyət” kanalı bu gərəkli missiyanın öhdəsindən uğurla gəlir.
Kanalın əsas məqsədi Azərbaycan mədəniyyətinin milli və bəşəri dəyərlərini ölkəmizdə və xaricdə yaymaq, dünya mədəniyyəti incilərini xalqımıza çatdırmaq, yeni nəslin bədii-estetik zövqünü yüksəltməkdir.
“Mədəniyyət” kanalının məhz Azərbaycan Teleradio Qapalı Səhmdar Cəmiyyətinin nəzdində yaradılması da təsadüfi deyil. AzTV təkcə mədəni-texniki imkanları ilə deyil, həm də yaradıcılıq baxımından ölkə teleməkanında ən güclü bazadır. Bundan əlavə, Azərbaycan Televiziyasının texniki imkanlarının dünya standartlarına tam cavab verməsi, proqramların bütün dünyaya yayımlamaq imkanı, mədəniyyət mövzusunda uzun illər yaradılan və qorunan video xəzinənin yalnız AzTV-nin fondunda olması “Mədəniyyət” kanalının məhz Azərbaycanın ilk televiziyasının nəzdində yaradılmasını zəruri etdi.
Beləcə, “Mədəniyyət” kanalı fəaliyyətə başladı və beynəlxalq auditoriyaya yayımlandı. Bu isə öz növbəsində mədəniyyətimizin dünya miqyasında daha geniş tanıdılması deməkdir. Azərbaycan Teleradio Qapalı Səhmdar Cəmiyyətində yaradılan Televiziya Akademiyası da “Mədəniyyət” kanalının peşəkar fəaliyyətinə dəstək oldu.
Ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, incəsənətinin, milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılması istiqamətində gördüyü misilsiz işləri bu gün dövlət başçısı İlham Əliyev uğurla davam etdirir. Son illər Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən respublika televiziya muğam müsabiqələri, Qəbələ musiqi festivalı musiqi mədəniyyətimizin yüksəlməsinə xidmət edir və “Mədəniyyət” telekanalı ilə geniş işıqlandırılır.
Dövlət başçısı İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 15 ildə həyatın digər sferalarında olduğu kimi mədəniyyət sahəsində də əsaslı keyfiyyət dəyişikliklərinə nail olmuşdur. Kino, teatr, musiqi, tətbiqi sənət, tarixi abidələrin qorunması və bərpası ilə bağlı qəbul olunan dövlət proqramları və cənab Prezidentin mədəniyyət sahələrinin inkişafı ilə bağlı sərəncamları bir daha təsdiq edir ki, ölkəmizdə mədəniyyətin, mənəvi dəyərlərin yüksəlməsi dövlətin diqqət mərkəzindədir. “Mədəniyyət” kanalının açılması da dövlətimizin, onun başçısı İlham Əliyevin mədəniyyətə, incəsənətə göstərdiyi böyük diqqət və qayğının nəticəsidir. Bu gün Azərbaycan Teleradio QSC-nin qızıl fondunda milli mədəniyyətimizin, incənəstimizin inkişafında xüsusi xidmətləri olan insanlar haqqında müxtəlif illərdə lentə alınmış kino və video filmləri, görkəmli sənətkarlarımızın ifasında yazılmış muğam nümunələri, bəstəkar mahnıları, müxtəlif tamaşalarda çəkilmiş nadir parçalar qorunub saxlanılır.
“Mədəniyyət” kanalı fəaliyyətə başladığı gündən mədəni həyatımızın güzgüsü olmaq vəzifəsini uğurla yerinə yetirir. Ölkəmizin dilbər guşələrində Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən müxtəlif mədəni tədbirlər məhz “Mədəniyyət” kanalı vasitəsilə tamaşaçılara çatdırılır. Bu sırada Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən respublika və televiziya muğam müsabiqələrini, Qəbələ musiqi festivalını xüsusi qeyd etmək lazımdır. Hazırda “Mədəniyyət” kanalı elmin, maarifçiliyin, Azərbaycan dilinin, tarixinin, mədəniyyət və incəsənətinin tanıdılma məkanına çevrilib. “Mədəniyyət” kanalının film siyasəti böyük maraq doğurur. Bu kanalda insan mənəviyyatına mənfi təsir göstərən filmlərə rast gəlmək mümkün deyil. Burada dünya kinosunun inciləri sayılan, insanı mənəviyyatca saflaşdıran, ona ali hisslər aşılayan filmlər nümayiş etdirilir.
Yaxın gələcəkdə kanalın efir vaxtının 24 saata çatdırılması da nəzərdə tutulub. Gündəlik fasiləsiz iş qrafiki kanala öz potensialını tam göstərməyə imkan verəcəkdir.
Ümummilli liderimiz Heydər Əliyevin təkrar-təkrar qeyd etdiyi “Xalqın mədəniyyətini qorumaq təkcə mədəniyyət xadimlərinin, bu sahədə çalışan insanların, ziyalıların işi deyil, eyni zamanda dövlət rəhbərlərinin, rəsmi qurumların vəzifəsidir. Mədəniyyət millətin vizit-kartıdır.
Arif MƏLİKOV, bəstəkar, SSRİ Xalq artisti, akademik:
– Şəxsən mənim verilişlərini daha çox izlədiyim televiziya kanalı “Mədəniyyət”dir. Bu kanal mədəniyyətimizin bütün sahələrinə işıq salır. O cümlədən milli və dünya musiqisinə geniş yer ayırır. Kanalın bu mövzuda həm özünün hazırladığı, həm də müxtəlif ölkələrdə çəkilmiş dəyərli verilişlərinə böyük maraqla baxılır. “Mədəniyyət” kanalının uğurlu fəaliyyətinə gələcəkdə daha məzmunlu və əlvan yaradıcılıq arzulayıram.
Fərhad BƏDƏLBƏYLİ, SSRİ Xalq artisti, professor:
– Çox istərdim ki, kanalda gələcəkdə dünya teatrlarında baş verən yeniliklərlə, premyeralarla bağlı verilişlərə daha da geniş yer ayırılsın.
Fidan QASIMOVA, SSRİ Xalq artisti, professor:
Ziyad SƏMƏDZADƏ, Milli Məclisin deputatı, akademik:
“Mədəniyyət” kanalının həyata keçirdiyi layihələr çox diqqətə layiqdir. Mən orada tez-tez görkəmli sənət adamlarını görürəm. Onların yaradıcılığı ilə bağlı hazırlanan verilişlərə maraqla baxıram. “Mədəniyyət” kanalının layihələri, yayımladığı proqramlar o qədər rəngarəngdir ki, onlar haqqında nə qədər desən danışmaq olar.
– Yalnız yüksək mədəniyyətə malik xalq öz incəsənəti, musiqisi, sözü və ifası ilə milli mənsubiyyətini sübut edib yaşaya bilər. Azərbaycan Teleradiosunun bazasında yaradılmış “Mədəniyyət” kanalının daimi izləyicisiyəm. Heydər Əliyev Sarayında keçirilən T. Quliyevin əsərlərindən ibarət “Könül nəğmələri” mahnı çələngi, Xalq artisti Ramiz Mirişlinin əsərlərindən ibarət konsert, Dədə Şəmşirin xatirəsinə həsr olunmuş “Sevindim” adlı konsert, qəzəlxan şair Əliağa Vahidin yaradıcılığına həsr olunmuş “Böyük Füzulinin yadigarı mən özüməm”, eləcə də Azərbaycan Dövlət Filarmoniyasında keçirilən Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestrinin 85 illiyinə həsr olunmuş konsert, SSRİ Xalq artisti Fikrət Əmirovun yaradıcılıq gecəsi və s.
Oqtay MİRQASIMOV, kinorejissor, Xalq artisti:
– Sual oluna bilər, nədən “Mədəniyyət” kanalının verilişləri belə baxımlı və maraqlıdır?
Mədəniyyət çoxşaxəli anlayışdır, çox mürəkkəbdir. Onu dərk etmək, anlamaq üçün vaxt, bilik və düşüncə lazımdır. Hər bir xalq milli mənsubluğunu, özünü qorumalıdır. “Mədəniyyət” kanalına nəzər salsaq, görürük ki, doğma mədəniyyətimizi təbliğ edir. Eyni zamanda, bu kanalda bəstəkar əsərləri, caz musiqisi, aşıq sənəti , ulu muğamatımız da vaxtaşırı efirdə öz yerini tapır. Bu isə tolerantlıq baxımından çox vacindir. Bir millət olaraq yalnız öz musiqimizə qapılsaq o zaman inkişaf edə bilmərik. Sizə uğur olsun.
Əlibaba MƏMMƏDOV, xanəndə Xalq artisti:
– Çoxdan çəkilmiş, yaddan çıxmış, unudulmuş konsertləri, mahnıları, lent yazılarını üzə çıxarmaq, yenidən efirə vermək əsl fədakarlıqdır. Çünki musiqisevərlər, xüsusən də gənc nəsil belə verilişlərlə keçmişdə baş vermiş qiymətli mədəniyyət hadisələri ilə xəbərdar olurlar. Bir ağsaqqal, mədəniyyət xadimi kimi kanalın bütün əməkdaşlarına yeni-yeni nailiyyətlər arzulayıram.
“Mədəniyyət” kanalı haqqında söz demək istəyən ziyalılarımız çoxdur. Lakin gəlin, tələsməyək. Qarşıda kanalın çox möhtəşəm layihələri var. Hələlik adlarını açıqlamaq istəmirik. Əminik, yaxın gələcəkdə tamaşaçılar bu layihələrlə də tanış olacaqlar.
Rafiq SALMANOV,
“Xalq qəzeti”,
Əməkdar mədəniyyət işçisi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.