“Nəsimi dünyası”nda ruhumuz təzələndi:Ənəlhəqq söylərəm...

    Həyatda çox hadisələr olur ki, unutmaq istəsən də unuda bilmirsən. Amma elə saatlar, elə anlar olur ki, o səni həyatında tamamilə gözləmədiyin bir yüksəkliyə qaldırır. Göylərəmi qalxırsan? Uçursanmı? Sürünürsənmi, dirsəklənib dincəlirsənmi?—Onun da fərqində olammırsan. Göyün yeddinci qatındasan. Oğul istəyərəm ki, səni o qatdan endirə bilsin. Bəs səni ora –o ali mərtəbəyə qaldıran nədir, kimdir? Səsmi? Sözmü? Musiqimi? İfamı? Sualların əlində qalmağa da vaxt yox. “”Ənəlhəq söylərəm, Mənəm həqq söylərəm!”—səni ağuşuna alır... “Məndə sığar iki cahan, Mən bu cahana sığmazam!”—səni fırladır, gözün qaralır... Nəsiminin xəyal dünyası səni hara qaldırırsa, elə oradaca ruhun dincəlir. Ruh aləminin sirrinə alışmamış yeni bir aləmə daxil olursan. Musiqi ruhunu silkələyir... Səs zarıyır, inləyir, yalvarır, gahdan nalə çəkib dağ çayları kimi göyə ucalır, hayqırır, gahdan yerə sərilib sürünür, zildən bəmə keçir...

Bu anları həmin gecə Muğam Mərkəzində yaşadıq. Yaşatdıran isə ustad Nəsimi idi—böyük İmadəddin Nəsimi!...

  Milli Məclisin deputatı Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin, Beynəlxalq Muğam Mərkəzinin və Nəsimi sevdalısı iş adamı Tahir Gözəlin dəstəyilə böyük sufi şairimiz, ustad İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş möhtəşəm “Nəsimi dünyası” adlı gecədə Nəsiminin könül bağçasına  qonaq olduq.   Azərbaycanın tanınmış ictimai xadimləri, alimlər, ziyalılar, QHT və KİV rəhbərləri, bir sözlə, Nəsimi sevərlər həmin gecənin munis mehmanı oldular.

Gecə fərqli hazırlanmışdı. Nəsiminin həyatı, yaradıcılığı ilə bağlı alışdığımız çıxışlar yox idi.

İki gün öncə M. F. Axundov adına Milli Kitabxanamızda Azərbaycan ədəbiyyatının körifey alimi, professor Qəzənfər Paşayevin tərtib etdiyi İmadəddin Nəsiminin  “İraq divanı” kitabının təqdimat  mərasimində Nəsimi ilə bağlı maraqlı çıxışları dinlədik. Professorun əziyyəti Milli kitabxanamızın direktoru Kərim Kərimov, Aşıqlar birliyinin sədri Məhərrəm Qasımlı, professor Rəhim Əliyev və digər ədəbiyyatşünas alimlər, ziyalılar, Nəsimi sevərlərin dəyərli sözləri ilə qiymətləndirildi. Kitabın ərsəyə gəlməsi, kiril əlifbasından sonra latın qrafikası ilə nəşr olunma səbəbindən danışıldı. Qeyd edək ki, Qənirə Paşayevanın mənəvi, iş adamı Tahir Gözəlin maddi dəstəyilə çap edilən divan satış üçün deyil, ədəbiyyat sevərlərə hədiyyə məqsədilə çap olunub. Çıxışlarda universitetlərə, məktəblərə paylanılacaq bu kitabın  gənclərimizin mənəviyyatında oynayacağı əvəzsiz rolu qeyd edildi. O tədbirin davamı olaraq keçirilən bu gecə də məhz Nəsimi sevdalılarını bir araya toplamaq məqsədinə xidmət edirdi.

Ədəbi-bədii gecədə ustad Nəsiminin yaradıcılığı ədəbi-musiqili proqramla tamaşaçılara təqdim edildi, özü də necə?!

... Ruhumuzu oxşayan, təzələyən, özümüzdən alıb, özümüzə qaytaran bir gecə idi...

 Avrasiya Beynəlxalq Araşdırmalar İB-nin sədri Qənirə Paşayeva ustad Nəsimi ilə bağlı bu formatda tədbirin ilk olaraq keçirildiyini vurğulayaraq bildirdi ki, bu isti yay günlərində bu qədər dəyərli insanlarımızın zalı doldurması sözün həqiqi mənasında Nəsimiyə verilən böyük dəyərdir: “Mən Nəsimi dünyasının arxasınca Suriyaya, Hələbə qədər getmişəm. Nəsiminin məzarını ziyarət edəndə içimdə qəribə duyğular keçirirdim. Ümummilli liderimiz Heydər Əliyev ilə xarici ölkələrin birinə səfər zamanı jurnalistlərlə söhbət edəndə Nəsiminin qəbrinin Azərbaycanda olmasını arzuladığımı bildirdim. Ümumilli liderimiz Nəsimi ilə bağlı çox maraqlı məlumatlar danışdı”. Milli Məclisin deputatı qeyd etdi ki, Nəsiminin yaradıcılığının təbliği dövlət siyasətimizdə önəmli yer tutur. Nəsiminin böyüklüyü ondan ibarət idi ki, onun qəzəllərinin əsasında insan dururdu. O, həqiqət mərtəbəsində dayanan böyük bir şəxsiyyət idi. O, insana bir başqa yöndən yanaşırdı. Müsəlman dünyasında Nəsimiyə zülm edənlər bu gün də var: İŞİD, Taliban və s. timsalında. Bunlar hamısı cahillikdəndir. Cahilliklə mübarizənin yolu bu böyük şəxsiyyətlərin yaradıcılığının öyrənilməsindən keçir. Bildirildi ki, böyük şairin dünyasını tanımaq istəyənlərə imkan verən bu proqram televiziya kanalları, KİV-lə  yanaşı, sosial medidada da geniş yayımlanacaq və yaxın gələcəkdə bu repertuarla  bir sıra xarici ölkələrdə də “Nəsimi dünyası” gecələrinin keçirilməsi nəzərdə tutulur. O həmçinin böyük şair və mütəfəkkirimiz İmadəddin Nəsimini gənc nəslin daha geniş öyrənməsinin vacibliyindən danışdı və bu gecədə əməyi keçən hər kəsə təşəkkür etdi. Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov və iş adamı, Nəsimi araşdırmaçısı Tahir Gözələ bu layihəyə verdikləri dəstəyə görə təşəkkür plaketlərini təqdim etdi. O, həmçinin, Facebook və tvitter üzərindən Nəsimi ilə bağlı səhifələrin açıldığını bildirdi və böyük ustadın zəngin irsinin sosial medianın imkanlarından daha geniş istifadə olunacağını vurğuladı. Daha sonra tədbirin təşkilatçılarından olan iş adamı Tahir Gözəl ustad sənətkarın zəngin poetik irsindən, onun yaradıcılığının fəlsəfi tərəflərindən söz açdı. O insanları şairin irsini öyrənməyə çağırdı.

Tədbir iştirakçılarına professor Qəzənfər Paşayevin  hazırladığı və latın  əlifbasında ilk dəfə işıq üzü görmüş İmadəddin Nəsiminin “İraq divanı”  kitabı hədiyyə edildi.

“Nəsimi dünyası” gecəsində  Xalq artisti Nəzakət Teymurova yanıqlı, “Savalan” qrupunun rəhbəri Novruz Novruzlu əsrarəngiz ifaları ilə ruh səltənətimizdə, hər şeyi unudacağın bir məkanda ali  taxt qurdu... Eyvaz Həşimovun rəhbərliyi ilə “Hicaz” qrupu, tanınmış muğam ifaçısı Mütəllim Dəmirov, Əməkdar artist Mehriban Zəki, Əməkdar incəsənət xadimi Əbdül Mahmudov (Şeyx Əbdül), tanınmış qiraət ustaları Məleykə Alovlu, Həlimət Məmmədova (Sultan), Nəsimi araşdırmaçısı Fərəc Əliyev  öz möhtəşəm ifaları ilə tamaşaçıları Nəsimi dünyasına apardılar...

 

...Yüzünü məndən nihan etmək dilərsən, etməgil!

Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!--deyə musiqi qəzəli, qəzəllər musiqini əvəz etdi.

 

...Fitvasından zahidin nahəq səni gör qovdular,

Qəm dəgil səndən, şəha, görcək nəzərlər ağrımaz...

 

...Canımı yandırdı şövqün, ey nigarım, qandasan?

Gözlərim nuru, iki cahanda varım, qandasan?

 

 Nəsiminin yaradıcılığından səslənən qəzəllər və oxunan mahnılar ustad sənətkarın irsinin musiqi və poetikanın vəhdəti tamaşaçılara elə ecazkaranə çatdırıldı ki... O anın və Nəsimi irsinin sehrinə düşən tamaşaçı eşqini alqışlarla çatdıra bildi.

 

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında