Həsən Həsənovun “Birinci respublikaya aparan yolda” adlı Azərbaycan tarixi oçerkləri kitabı çapdan çıxıb

Azərbaycanın tanınmış siyasi və dövlət xadimi, tarix elmləri doktoru Həsən Həsənovun oxuculara təqdim edilən “Birinci respublikaya aparan yolda” tarixi oçerklər kitabı onun Vətənimizin taleyi ilə bağlı çoxillik əmək və düşüncələrinin məhsuludur. 
“Muxtariyyət uğrunda mübarizə. Azərbaycan milli komitəsi”, “Müstəqillik uğrunda mübarizə” adlı iki hissədən ibarət monoqrafiya Azərbaycan və bütün müsəlman dünyası tarixində ilk demokratik respublikanın yaranması prosesini əks etdirir. 
 
Ölkə tarixşünaslığında istifadə olunmamış mənbələrin tədqiqata cəlb edilməsi 
 
Monoqrafiyanın birinci hissəsində Azərbaycan dövlətinin təşəkkül tapması ərəfəsində mühüm tarixi hadisələrə ətraflı nəzər salınır. Müəllif Azərbaycanın Rusiya imperiyası tərəfindən müstəmləkəyə çevrilməsi tarixinə ekskurs edir və I Pyotrun İran yürüşlərindən başlayaraq 1918-ci ildə müstəqilliyin elan olunmasına qədərki tarixi dövrü beş mərhələyə bölür: “Birinci dövr müstəmləkəçiliyə yönəlmiş qeyri-mütəmadi cəhdlərdir, buraya I Pyotrun iki yürüşü də daxildir. İkinci dövr (1783-1801-ci illər) dinc vasitələrlə müstəmləkəçilik cəhdləridir. Üçüncü dövr 1801-ci ildən 1828-ci ilə qədər davam edir. Bu dövrdə müasir Azərbaycanın praktiki olaraq bütün ərazisi silah yolu ilə işğal edilir. Dördüncü dövr 1828-ci ildən başlayıb 1848-ci ilə qədər davam edir. Bu vaxt formal olaraq Azərbaycan xanlıqları mövcud olsa da, artıq müstəqil dövlət statusu daşımırdılar. 1848-ci ildən başlayıb 1917-ci ilin fevralında tamamlanan beşinci dövrü Azərbaycan xalqının öz tarixi torpaqlarında tam hüquqsuzluğu dövrü adlandırmaq olar”. 
Kitabda Azərbaycan xalqının əsası XIX əsr maarifçiləri M.F.Axundzadə, M.Kazımbəy, H.Zərdabi, S.Ə.Şirvani tərəfindən qoyulan, M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, Ə.Ağayev, N.Nərimanov və başqaları tərəfindən davam etdirilən milli özünüdərkin inkişafına xüsusi diqqət yetirilir. Müəllif Ə.Topçubaşovun geniş oxucu kütləsinə az məlum olan “Azərbaycanın təşəkkülü” məqaləsini çox yerində xatırlatmaqla və ondan sitatlar gətirməklə, oxucunun diqqətini Rusiya hakimiyyəti tərəfindən xüsusən də müsəlman xalqlarına qarşı assimilyasiya və milli heysiyyətin tapdanması siyasətinə yönəldir. Ə.Topçubaşov yazırdı ki, “ucqar ərazilərə göndərilən məmurlar Rusiyanın özündə heç bir işə yaramayan və rüşvətxorluğun ağır günahları içində batan ən pis rus qulluqçuların arasından seçilirdi”. 
Monoqrafiyada vurğulanır ki, belə mühitdə xalqın milli maraqlarını ifadə edən təhsilli adamların meydana çıxması vətəndaş fədakarlığı idi və bu, imperiyanın süqutundan sonra özünü çox aydın göstərirdi – məhz həmin şəxslər müsəlman Şərqində ilk demokratik respublikanın yaradılması üçün nəhəng məsuliyyəti çiyinlərinə götürürdülər.      
Heç də sadə olmayan dövrün gözlənilməz dəyişikliklərini Həsən Həsənov 1917-ci ildə Rusiyada baş verən hadisələrin, o cümlədən mütləqiyyətin yıxılması, Müvəqqəti Hökumətin elan olunması, bolşeviklərin iyun qiyamı, Kornilovun hücumu, nəhayət, oktyabr çevrilişinin fonunda təsvir edir. 
Müəllifin həmin hadisələrin milli ucqarların, o cümlədən Azərbaycanın taleyinə necə təsir etməsinə baxışları diqqət çəkir. Onun ölkə tarixşünaslığında praktiki olaraq istifadə edilməmiş mənbələrə - A.İ.Denikinin, U.Çörçillin memuarlarına, türk, amerikalı, hətta yapon tarixçilərin əsərlərinə, Üzeyir və Ceyhun Hacıbəylilərin naməlum və az məlum məqalələrinə əsaslanaraq çıxardığı nəticələr böyük maraq kəsb edir. 
 
Dəqiqlik və ardıcıllıq 
 
Monoqrafiyada birinci respublikaya aparan çətin və əzablı yolun mərhələləri dəqiqlik və ardıcıllıqla verilib. Müəllif mütləqiyyətdən sonrakı Rusiyada və Azərbaycanda yeni hakimiyyət orqanlarının yaranmasını, Azərbaycan Xalq Cümhuriyyətində qanunverici və icra hakimiyyətlərinin gələcək orqanlarının əsasını təşkil edən ilk siyasi təşkilat və partiyaların formalaşması prosesini izləyir. Qafqaz və Ümumrusiya müsəlmanlarının 1917-ci ilin aprel və mayında keçirilmiş qurultaylarının materiallarının azərbaycanlı nümayəndələr tərəfindən Cənubi Qafqazda elan olunan milli-ərazi muxtariyyəti ideyasının qələbəsinin qanunauyğunluğunu təsdiqləyən bəzi mübahisəli anlara aydınlıq gətirən türk mənbələrinin əsasında çox dəqiqliklə aparılmış tədqiqat xüsusilə diqqətəlayiqdir. 
Müəllifin 1917-ci ildə milli drujinalar və Tatar alayı şəklində formalaşan, sonralar müstəqil respublikanın milli ordusunun özəyini təşkil edəcək Azərbaycan milli hərbi hissələrinin yaranmasının əsaslarını göstərmək cəhdləri maraq doğurur. Həsən Həsənov bununla bağlı ilk dəfə olaraq 1917-ci ilin sentyabrında Kiyevdə keçirilən, Rusiyada federativ respublikanın yaranmasına, həmçinin milli hərbi hissələrin formalaşmasına qərar verən Rusiya xalqlarının qurultayının materiallarına ətraflı nəzər salır. 
1917-ci ilin oktyabr çevrilişindən sonrakı hadisələr Cənubi Qafqaz xalqları üçün xüsusi əhəmiyyət kəsb edir və müəllifin hərtərəfli təhqiqat mövzusudur. Həmin hadisələr kitabın “Müstəqillik uğrunda mübarizə” adlı ikinci hissəsində yer alıb. 1917-ci il dekabrın 2-də Dördlük İttifaqı ilə bağlanan atəşkəs, hərbi hissələrin cəbhəni tərk etməsi, generallar Kornilov, Denikin və Alekseyevin Donda bolşeviklər əleyhinə hərəkatı, Brest-Litovsk danışıqlarının başlanması kimi hadisələrin nəticəsində Rusiyada yaranan siyasi xaos, təbii ki, Cənubi Qafqazda da özünü göstərib.
 
Yetərincə dərindən öyrənilməyən məşhur beynəlxalq müqavilələr araşdırma obyekti qismində 
 
Əsərdə Cənubi Qafqaz xalqları üçün taleyüklü əhəmiyyəti olan və indiyədək yetərincə dərindən öyrənilməyən məşhur beynəlxalq müqavilələrə xeyli diqqət ayrılır. Türkiyə ilə həmin vaxt formalaşmış Zaqafqaziya Komissarlığı arasında bağlanan Ərzincan müqaviləsinə görə, rus ordusu özünü buraxılmış elan edir, milli hərbi hissələrin formalaşdırılmasına icazə verilir. Bu, Petroqradda bolşevikləri təşvişə salmaya bilməzdi. Dekabrın 6-da Xalq Komissarları Sovetinin iclasında Stalin Zaqafqaziyadakı vəziyyətlə bağlı məruzə edir, sonra isə Stepan Şaumyanın Qafqazın fövqəladə komissarı təyin edilməsi haqqında qərar qəbul olunur. Kitabın müəllifi bu seçimi bir sıra məsələlər, ilk növbədə isə S.Şaumyanın erməni millətçi təşkilatları ilə sıx əlaqədə olmasında görür. Müəllifin fikrincə, S.Şaumyanın əsas missiyası, sadəcə, Zaqafqaziyada bolşevik hakimiyyəti qurmaq deyil, həm də bölgədən hərbi və siyasi amil kimi Türkiyəni kənarlaşdırmaq idi. 
Bununla belə, Ərzincan müqaviləsi 1917-ci il 5 (18) dekabr tarixində imzalandı və şübhəsiz ki, bu, bir tərəfdən Cənubi Qafqazı “müvəqqəti olaraq bolşevik rejimi dövrü”ndə qeyd-şərtlə olsa da, bolşevik hökumətindən asılı olmadan çıxış etməyə, digər tərəfdən isə gələcəkdə bolşevik hökuməti tərəfindən 1918-ci ilin martında imzalanacaq Brest-Litovsk müqaviləsini tanımağa məcbur edən Türkiyənin diplomatik uğuru idi. 
 
Eyni tarixi hadisələrə müxtəlif rakursdan baxış
 
Müəllif yazır ki, bütövlükdə 1918-ci il I Dünya müharibəsində Almaniyanın və müvafiq olaraq həm də Türkiyənin məğlubiyyətinə qədər Türkiyə diplomatiyası üçün uğurlu olub. Türkiyə Cənubi Qafqazda mövqelərini möhkəmlədib və faktiki olaraq Zaqafqaziya hakimiyyət orqanlarının, yekunda isə Rusiya dövlət quruluşundan asılı olmayan ilk Zaqafqaziya Federasiyasının formalaşmasına imkan yaradıb. Həmin dövrün hadisələrinin son 15 ildə əhatəli öyrənilməsinə baxmayaraq, müəllif ən müxtəlif mənbələrdən bir çox yeni faktlar əldə etməyə və tarix elminə məlum olan hadisələrə tamamilə gözlənilməz yanaşma nümayiş etdirməyə nail olub. Bu, az öyrənilmiş 1918-ci ilin Şamxor hadisələrinə də, 31 mart 1918-ci ildə azərbaycanlıların soyqırımına da, Trabzon və Batum konfranslarının keçirilməsinin nüanslarına da, müstəqillik əldə edilən dövrdə azərbaycanlı, gürcü və erməni tərəflərinin tutduğu mövqelərə də aiddir. Monoqrafiyada deyilir: “XX əsrdə azərbaycanlıların taleyi bu cür yazılıb. Onlar silahsızdırsa, qurbanlığa çevrilirlər – XX əsrin əvvəlində bolşevik-daşnak blokunun, XX əsrin sonunda Yerevan və Kreml kommunistlərinin blokunun. XX əsrin əvvəlində bolşevik-daşnak bloku azərbaycanlıları qırmaqla bizi sovet hökumətinin qurulmasına yol vermək istəməməkdə, XX əsrin sonunda isə Yerevan və Kreml kommunistlərinin bloku bizi sovet hökumətinə qarşı çıxmaqda ittiham edirdi. Beləliklə, mahiyyətinə görə XX əsrin əvvəlində də, sonunda da qarşıdurma blokları, cəhdlər eyni idi – azərbaycanlıları ərazilərindən və dövlətçiliyindən məhrum etmək, azərbaycanlılar isə öz torpaqlarını qoruyub saxlamağa və milli dövlətçiliyini bərqərar etməyə can atırdılar”.
Müəllifin eyni tarixi hadisələrə müxtəlif rakurslardan yanaşması da maraqlı və diqqətəlayiqdir. Buraya Cənubi Qafqaz, o cümlədən Azərbaycan siyasətində rus, türk və alman amilləri, azərbaycanlı, gürcü və erməni siyasətçilərin son məqsədlərindəki fərqləri parlaq şəkildə üzə çıxaran hadisələr daxildir. Müəllif həm də Azərbaycanın 1917-ci ilin fevralından 1918-ci il mayın 28-dək qısa tarixini dövrləşdirməyə cəhd göstərir, bu vaxt hadisələrə yeni baxış və fərqli yanaşma nümayiş etdirir.   
Həsən Həsənovun monoqrafiyasının “Müstəqilliyə doğru sonuncu addım və tariximizin dörd günü” adlı sonuncu fəsli xüsusilə diqqətəlayiqdir. Görkəmli alim Azərbaycanın müstəqilliyinin elan edilməsi haqqında qərarın hansı mürəkkəb beynəlxalq situasiyada və daxili ziddiyyətlər şəraitində verildiyini günbəgün və saatbasaat izləyir, həmin tarixi hadisələrdə hər bir iştirakçının rolunu xarakterizə edir. O, fundamental əsərini 1918-ci ilin mayı ilə bitirir ki, bu da olduqca rəmzidir, çünki həmin tarix Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsinə layiqli töhfə sayılacaq kitabın adında əks olunduğu kimi, əvvəlcə muxtariyyət, sonra isə müstəqillik uğrunda mübarizənin qanunauyğun yekunudur. 
Kitabdan o da aydın görünür ki, “müstəqillik” şüarı birbaşa yaranmayıb, “mədəni”, “mədəni-milli”, “milli-ərazi” muxtariyyət ideyalarından müstəqil respublika üsuli-idarəsinə qədər inkişaf edərək müəyyən təkamül yolu keçib. Kitabda Rusiyada mütləqiyyətin devrilməsindən sonrakı proseslərdə, xüsusilə də xalqların milli azadlıq hərəkatı ilə bağlı hadisələrdə Azərbaycanın vacib rol oynadığı əsaslı şəkildə izah olunur. 
Elmi redaktoru tarix elmləri doktoru İradə Bağırova olan kitab ilk dəfə 2010-cu ildə “Şərq-Qərb” nəşriyyatı tərəfindən “Na puti k pervoy respublike” adı ilə çap olunub. Əsərin Azərbaycan dilində variantı “Şərq-Qərb” nəşriyyatının orijinalı əsasında TEAS Press Nəşriyyat evində tərcümə edilərək çapa hazırlanıb.  
Tarix elmləri doktoru Həsən Həsənov “Makedoniyalı İsgəndər və Atropat”, “Bakı Qız qalası”, “Bakı tanrıçılıq kompleksi” və digər kitabların, çoxsaylı elmi məqalələrin müəllifidir.
AZƏRTAC

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında