Belə məqamda ulu Füzulinin “Artıran söz qədrini, sidq ilə qədrin artırar” misrası yada düşür. Ustad deyirdi ki, söylədiyin sözün, verdiyin vədin qədrini, dəyərini artırdıqca, bu sədaqətlə öz qədrini, dəyərini də artırmış olursan. Bu baxımdan biz də “Xalq qəzeti” olaraq daim dediyimiz sözün, verdiyimiz vədin dəyərini unutmuruq. Elə bu sətirlərin qələmə alınması da məhz həmin məsuliyyətin nəticəsidir.
Qəzetimizin 6 may 2018-ci il tarixli 102-ci sayında “Tellərə bağlı talelər” adlı yazısında bir ailədən olan üç mahir kamança ifaçısından biri, Xalq artisti, professor Şəfiqə Eyvazova haqqında oxucularımıza geniş məlumat vermişdik. Həmin qəzet materialının sonunda da qeyd etmişdik ki, gələcəkdə bu ailənin digər üzvləri haqqında da yazacağıq. Vədimizə əməl edərək, sözə hörmət, əhdə vəfa, sənətkara ehtiram istəyi ilə qələmə aldığımız növbəti yazı həmin sənətkarlar ailəsinin digər üzvü– peşəkar ifaçı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Arif Murtuza oğlu Əsədullayev haqqındadır.
İlk addımlar
1949-cu il yanvar ayının 17-də Bakının Buzovna kəndində ziyalı ailəsində dünyaya göz açan Arif erkən yaşlarından musiqiyə, xüsusən də kamança sənətinə maraq göstərmişdir. Dayısı, Əməkdar müəllim, tanınmış xanəndə, pedaqoq Nəriman Əliyevin evi daim qonaq-qaralı olmuşdur. Arifin yaxın qohumu, tanınmış qoboy ifaçısı, Xalq artisti Kamil Cəlilov, eləcə də, respublikanın bir çox tanınmış sənət korifeyləri bu evin qonağı olmuş, ustad xanəndədən dəyərli məsləhətlər almışlar. Belə bir mühitdə böyüyən Arif özündən böyük qardaşı Asifin tar çalmağını, Cavidin gözəl səsini dinlədikcə, musiqiyə daha dərindən bağlandı və o, gələcəkdə mütləq musiqiçi olacağına özündə inam yaratdı. Elə bu məqsədlə də 1957-ci ildə sənədlərini qonşu Maştağa kənd 10 saylı musiqi məktəbinə verib kamança sinfinə daxil olur. Balaca Arif fitri istedadı və zəhmətsevərliyi nəticəsində dərs proqramını az bir zamanda mənimsəyir. Məktəbin bütün ictimai işlərində, konsertlərdə fəal iştirak edir. Hər dəfə məktəb illərindən söz düşərkən ixtisas müəllimləri Fazil Osmanovun və Validə Babayevanın adını fəxarətlə çəkir. Ulu muğam sənətini mənimsəməsində əvəzsiz rolu olan əziz müəllimi Firuz Əlizadənin adını xüsusilə qeyd edir.
Kiçik yaşlarında bədii özfəaliyyət kollektivlərinə baxış müsabiqələrində uğurla çıxış edir. Məktəb tədbirlərində, konsertlərdə solo nömrələrlə çıxışlar edir, müsabiqə və festivalların qalibi olur. Bu gün evini bəzəyən diplom və tərifnamələri, təşəkkürnamələri gənclik illərinin ən xoş xatirəsi kimi qoruyub saxlayır. Məhz belə konsertlərin birində Xalq artisti, görkəmli tarzən Əliağa Quliyev Arifin çalğısını bəyənir və onu Azərbaycan Dövlət Filarmoniyası nəzdində fəaliyyət göstərən, özünün rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblına dəvət edir.
– O günü sevincimdən yata bilmədim. O vaxt cəmi 14 yaşım vardı. 14 yaşlı bir gənc üçün belə mötəbər sənət məbədgahında işləmək həm böyük fəxarət, həm də həddən böyük məsuliyyət idi. 6 il bu kollektivdə çalışdım. Respublikanın bir çox tanınmış xanəndə və ifaçıları ilə yaxından tanış olub, yaradıcılıq əlaqələri saxladım, solo ifalarla yanaşı, ansambl fəaliyyətində də müşayiətçilik təcrübəsinə dərindən yiyələnməyə çalışdım–deyə ötən illəri yada salır.
İstedad təhsillə parlaq olarmış
Az bir zamanda özünü peşəkar ifaçı kimi təsdiq edir. Lakin bütün bu uğurlara baxmayaraq, sənətdə arxaynlığa yol vermir. Ali təhsil almağı da unutmur. 1967-ci ildə sənədlərini Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinə verir. 1970-ci ildə məktəbi fərqlənmə diplomu ilə bitirir. Məktəbdə oxuya-oxuya məktəb rəhbərliyi ona çox böyük etimad göstərir. Tələbəykən pedaqoji fəaliyyətlə məşğul olmasına şərait yaradılır. Elə həmin il də Əməkdar artist, ustad tarzən Əhsən Dadaşov Arifi özünün rəhbərlik etdiyi “Xatirə” xalq çalğı alətləri ansamblına dəvət edir. Gündəlik məşqlər, pedaqoji fəaliyyət gənci yorsa da, sənətə olan inamını, sədaqətini qıra bilmədi. Əksinə daha da alovlandırdı. 1970-ci ildə sənədlərini Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına verir və qəbul olunur. 1975-ci ildə xalq musiqisi kafedrasının kamança sinfini fərqlənmə diplomu ilə bitirir.
Arif Əsədullayev Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, İslam Rzayev, Elmira Rəhimova və onlarca digər tanınmış ifaçıları müşayiət edərək təkcə öz adını deyil, ulu kamança alətinin də nəyə qadir olduğunu göstərməyə çalışmışdır. Dünyanın 20-dən artıq ölkəsində qastrol səfərlərində olmuş peşəkar kaman ustası hər yerdə Azərbaycan incənətini, milli musiqimizi layiqli təmsil etmişdir.
Kamança professoru
1967-ci ildən ifaçılıqla bərabər pedaqoji fəaliyyətlə də məşğul olan Arif Əsədullayev 1997-ci ilə qədər Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbində müəllim, elə həmin ildən də bu günə kimi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının baş müəllimi, professorudur.
50 illik pedaqoji təcrübəyə malik olan Arif Əsədullayev bu illər ərzində bir çox tədris proqramlarının, elmi məqalələrin, “Cahargah” dəstgahı adlı tədris video filminin (1999), böyük muğam bilicisi, ustad xanəndə və pedaqoq, Əməkdar müəllim Seyid Şuşinski məktəbinin layiqli davamçısı Nəriman Əliyevin anadan olmasının 70 illiyinə həsr edilmiş “N. Əliyev–70” CD diskinin Azərbaycan instrumental muğamları “Humayun”, “Bayatı Şiraz”–2003, “Rast”, “Cahargah”–2005, “Şur”, “Süstər” və “Zabul-segah”–2006 dərs vəsaitlərinin, eləcə də, instrumental muğamlarının, xarici ölkə bəstəkarlarının kamança ilə fortepiano üçün işlənmiş irihəcmli əsərlərinin, Xalq artisti, professor Eldar İsgəndərovla birlikdə “7 klassik Azərbaycan muğamı” solo violoncel üçün işlənmiş dərs vəsaitinin, “Əhsən Dadaşovun rəngləri” metodik tövsiyələr, 2014-cü ildə “İnstrumental muğamlar və onların ifaçılıq məziyyətləri” monoqrafiyasının müəllifidir. Arif Əsədullayev Azərbaycanda 7 instrumental muğamı nota almış ilk ustad kamanca ifaçısıdır.
Muğamlar nota çevrildi
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi və şəxsi dəstəyi ilə 2009-cu ildə nəşr olunmuş “Azərbaycan muğamı” interaktiv indivizual sistemin muğam notları bölməsində Azərbaycanın 7 əsas muğamının notları təqdim olunmuşdur. Sevindirici haldır ki, Arif Əsədullayev tərəfindən nota alınmış bu qədim muğamların notları gələcək nəsillər tərəfindən daim öyrəniləcək və əsrlərlə yaşayacaqdır. Arif Əsədullayev 2007-ci ildə professor Ramiz Zöhrabovun rəhbərliyi ilə “İnstrumental muğamlar və onların ifaçılıq nəzəriyyəsi” adlı dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş “Musiqi sənəti” ixtisası üzrə sənətşünaslıq namizədi (fəlsəfə doktoru) alimlik dərəcəsinə yiyələnmişdir.
İfaçılıq, pedaqoji və musiqi elmi sahəsindəki xidmətləri nəzərə alınaraq, Arif Əsədullayev 2011-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülür. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 12 oktyabr 2012-ci il tarixli qərarı ilə Arif Murtuza oğlu Əsədullayevə Azərbaycan Xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrası üzrə professor elmi dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə I-II-III-IV respublika müsabiqələrinin münsiflər heyətinin üzvü, eyni zamanda, 2016-2018-ci ildə “Kamança hazırlanması və ifaçılıq sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə” reprezentativ siyahısına daxil olmasına həsr edilmiş Habil Əliyev adına gənc kamança ifaçılarının II respublika müsabiqəsinin sədri olmuşdur.
Bu gün Azərbaycan Dövlət Teleradio Qapalı Səhmdar Cəmiyyətinin səsyazma studiyasında sənətkarın ifasında “Şur”, “Süstər”, “Rahab”, “Humayun”, “Zabul segah”, “Rast”, “Cahargah” və bir çox digər muğam təsnif və dəraməd nümunələri qorunub saxlanılır.
Muğam sənətinin qorunub saxlanmasında müstəsna xidmətləri olan Arif Əsədullayevin nota aldığı muğamlar, onun elmi ilə bağlı müxtəlif monoqrafiyalar, müəllim və tələbələrin, geniş musiqi ictimaiyyətinin, musiqi üzrə təhsil alan tələbələrin arxalana biləcəyi çox önəmli tədris vəsaiti olaraq qalacaq.
Böyük bəstəkarımız Arif Məlikovun sözləri ilə desək, Arif Əsədullayevin gördüyü iş təkcə sənətşünaslıq baxımından deyil, bir vətəndaş xidməti kimi də çox mühümdür. Muğamların Azərbaycanda nota alınaraq nəşr edilməsi, onların milli mənsubluğu ilə bağlı sərvətimizə uzanan qərəzli xain əllərin bir dəfəlik kəsilməsi deməkdir.
Qarşıdan sevimli sənətkarın anadan olmasının 70 illik yubileyi gəlir. Yaşının bu vədəsinə baxmayaraq, bir gün də olsun nə sevdiyi kamançadan, nə də pedaqoji fəaliyyətindən qalır. Bakı Musiqi Akademiyasının professorudur. Arif müəllimin tələbələri bu gün respublikanın bir çox tanınmış musiqi kollektivlərində çalışırlar. Bir qismi respublikanın ən yüksək fəxri adlarına layiq görülüblər. Bu ömrün 50 ilini pedaqoji fəaliyyətə, bir o qədər də kamança sənətinin təbliğinə həsr etmiş sənətkarın üzərinə 70 yaşı da əlavə etsək, edər 170 yaş. Yumruq boyda bir ürəkdə əgər Vətənə, sənətə, sevdiyi müəllim peşəsinə bu qədər sevgi varsa, demək – hələ yaşamağa dəyər.
Rafiq SALMANOV,
Əməkdar mədəniyyət işçisi,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.