“Bölgələrdən-bölgələrə” yaradıcılıq festivalı regionların mədəni irsinin təbliğinə xidmət edir

Azərbaycan tarixən qədim və zəngin mədəniyyəti ilə geniş şöhrət qazanıb. Ölkəmizə gələn səyyah və coğrafiyaşünaslar mədəni-mənəvi dəyərlərimizin rəngarəngliyini xüsusi qeyd ediblər.
 
Bu gün Azərbaycan mədəniyyəti ulu babalarımızın yaratdığı möhkəm təməllər üzərində inkişaf etdirilir, təbliğ olunaraq dünyaya tanıdılır. Ölkəmiz öz müstəqilliyinə qovuşduqdan sonra digər sahələrdə olduğu kimi, xalqımızın əsrlərdir formalaşan mədəni irsinin qorunub inkişaf etdirilməsi, tanıdılması istiqamətində də böyük işlər görülüb. Son illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə bölgələrimizin mədəni irsinin tanıdılması üzrə bir sıra layihələr icra olunub, festivallar keçirilib. Hazırda nazirlik tərəfindən bu yöndə həyata keçirilən tədbirlər uğurla davam etdirilir. 
Mədəniyyət ­Nazirliyinin fəaliyyətinin də başlıca istiqamətlərindən biri regionlarla bağlıdır. Mədəniyyət evləri, muzey, kitabxana, musiqi və incəsənət məktəblərinin yenidən qurulması, tarixi-mədəni abidələrin təmir-bərpası ilə yanaşı, dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsində təcrübəsi nəzərə alınaraq yeni proqramlar hazırlanıb həyata keçirilir. Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, təbliği və təşviqi məqsədilə 2010-cu ildən reallaşdırılan “Xalq yaradıcılığı paytaxtları” proqramı bu qəbildəndir. Regionların mədəni həyatına yeni ilmələr qazandıran proqram çərçivəsində beş il ərzində 15 şəhər və rayon “əfsanələr” (Gəncə, Şabran, Gədəbəy, Xaçmaz, Qəbələ), “folklor” (Lənkəran, Qazax, Masallı, Zaqatala, Balakən) və “sənətkarlıq” (Şəki, İsmayıllı, Quba, Göygöl, Abşeron) nominasiyaları üzrə “paytaxt” seçilib, çoxsaylı tədbirlər, layihələr həyata keçirilib. 2015-ci ildə “Ədəbiyyat paytaxtı” (Şamaxı) və “Milli mətbəx paytaxtı” (Qax) nominasiyaları üzrə layihələr gerçəkləşib. 
Bundan əlavə, 2015-2016-cı illərdə nazirlik tərəfindən reallaşdırılan “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində şəhər və rayonlarımızın mədəni irsi Bakıda nümayiş olunub. Eyni zamanda, ayrı-ayrı regionlar arasında bu qəbildən mədəni mübadilə həyata keçirilib, konsert və sərgilər təşkil edilib.
 
Regionlararası mədəni mübadilə
 
İyunun 25-də Mədəniyyət Nazirliyi yeni layihəyə – “100 illik tariximiz” devizi altında “Bölgələrdən- bölgələrə” adlı yaradıcılıq festivalına başlayıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunan layihə zəngin dövlətçilik ənənələrinə malik xalqımızın mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayişi, bölgələrarası mədəniyyət mübadiləsinin gücləndirilməsi məqsədini daşıyır. Layihə çərçivəsində ölkəmizin bütün rayonları nazirliyin 15 regional mədəniyyət idarəsi vasitəsilə təmsil olunur. 
“Bölgələrdən- bölgələrə” yaradıcılıq festivalı Masallıdan start götürüb. İyunun 25-də Masallı şəhərindəki Heydər Əliyev parkında təşkil olunan tədbirdə Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin hər birinin festival çadırı qurulub, şəhər və rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri, rəsm əsərləri, suvenirlər və digər əl işləri sərgilənib.
Festivalın açılış mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, Masallı rayon rəhbərliyi, regional idarələrin rəhbərləri, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 
Tədbir iştirakçıları əvvəlcə şəhər və rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri və əl işləri ilə tanış olublar.
Mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov festivala bu bölgədə start verilməsini rayon sakinlərinə göstərilən yüksək etimad kimi dəyərləndirib, tədbir iştirakçılarına yaradıcılıq uğurları arzulayıb.
Mədəniyyət Nazirliyinin nümayəndəsi Pərviz İsgəndərli Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan layihənin məqsəd və vəzifələrindən danışıb. Bildirib ki, Masallı rayonunun beynəlxalq festivallar keçirilməsində zəngin təcrübəsi var. O, iki il əvvəl nazirliyin “Bölgələrdən paytaxta” layihəsinə də məhz Masallıdan start verildiyini deyib.
Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş videoçarx nümayiş olunub. Sonra Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsinin bədii özfəaliyyət kollektivləri, folklor və rəqs qrupları konsert proqramı ilə çıxış ediblər.
Festival iştirakçılarının çıxışları tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb. Rayon sakinləri bölgələrdə bu cür festivalların keçirilməsinə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər. 
Müxtəlif şəhər və rayonlardan gəlmiş sənətkarlar, rəngarəng əl işlərini həvəslə nümayiş etdirən ustalar da festivalın təşkilindən, belə bir layihədə iştirak etməkdən məmnun qaldıqlarını bildiriblər.
 
“Festivalın AXC yubileyinə həsr olunması keçmişimizə ehtiramdır”
 
“Bölgələrdən- bölgələrə” yaradıcılıq festivalı ilə bağlı təəssüratlarını bölüşən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Lətifə Mövsümova layihənin əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, Mədəniyyət Nazirliyi tərəfindən keçirilən yeni yaradıcılıq festivalı bölgələrimizin mədəni potensialının nümayişi, mədəni irsinin təbliği və tanıdılması ilə yanaşı, bu sahədə regionlararası yaradıcılıq əlaqələrini daha da genişləndirəcək: “Bu, həqiqətən də, böyük layihədir. Respublikamızın bütün bölgələri – regional mədəniyyət idarələrinin əhatə etdiyi şəhər və rayonlarımızın nümayəndələri bu gün bizim qonağımızdır. Sənətkarların əl işlərinin nümayişi, həmçinin bölgələrimizin bar-bərəkətinin təqdim olunması həm yerli sakinlər, həm də qonaqlar tərəfindən maraqla qarşılandı. Mən burada rayon ictimaiyyətinin marağını xüsusi qeyd etmək istəyirəm. Bu, olduqca önəmli məqamdır. İnsanlarımız bölgələrimizin təqdimat çadırlarındakı sərgilərə baxır, konsert proqramlarını həvəslə izləyir, ölkəmizin digər bölgələrinin mədəni həyatı ilə daha yaxından tanış olurlar. Festivalın növbəti tədbirlərində biz də o biri regionlara qonaq gedəcəyik”. 
Lətifə Mövsümova festivalın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmasının önəmini də vurğulayıb. Bildirib ki, zəngin tarixə, dövlətçilik ənənələrinə malik xalqımızın mədəni irsinin təbliği hər zaman diqqətdə saxlanılır: “Xalq Cümhuriyyətinin 100 illiyi geniş qeyd olunur. Bu festivalın da yubiley tədbirləri çərçivəsində təşkili çox mühüm hadisədir. Son illərdə bizim regionumuzda da maraqlı mədəniyyət tədbirləri təşkil olunub. Nazirliyin “Bölgələrdən paytaxta” adlı layihəsində də Masallı rayonu xüsusi həvəslə iştirak etmişdi”. 
Regional idarənin rəisi xatırladıb ki, bir neçə il əvvəl nazirliyin “Xalq yaradıcılığı paytaxtları” proqramı çərçivəsində Masallı “Folklor paytaxtı” seçilmiş və geniş tədbirlər keçirilmişdi: “Eyni zamanda? rayonumuzda beynəlxalq folklor festivalları təşkil olunub. Bu cür tədbirlər regionlarımızda mədəniyyətin daha da inkişaf etdirilməsinə töhfədir. İnanıram ki, yeni layihə də ölkə boyu daha da geniş şəkildə təşkil olunacaq və vətəndaşlarımız, eyni zamanda? ölkəmizə gələn qonaqlar tərəfindən maraqla qarşılanacaq”.
 
“100 illik tariximiz” mədəni irs işığında 
 
İyunun 26-da “100 illik tariximiz” devizi altında keçirilən “Bölgələrdən- bölgələrə” yaradıcılıq festivalının iştirakçıları Lənkərana gəliblər.
Lənkəran şəhərindəki Heydər Əliyev parkında da Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrinin festival çadırları qurulub, bölgələrimizin mədəni irsini, xalq sənətkarlığını əks etdirən sərgi nümayiş etdirilib. Regionlarımızın təmsilçiləri bir-birlərinin çadırlarını gəzərək nümayiş olunan əl işlərinə baxıblar. Yerli sakinlər də Azərbaycanın bölgələrinin mədəni zənginliyi ilə maraqla tanış olublar.
Sonra hər bir regional idarə üzrə folklor qrupları, incəsənət kollektivləri öz istedad və bacarıqlarını nümayiş etdiriblər. Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Onlar Lənkəranda belə bir tədbirin təşkilindən məmnunluqlarını ifadə ediblər.
Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli “Bölgələrdən- bölgələrə” festivalını Azərbaycanın şəhər və rayonlarının zəngin mədəni irsinin təbliğ olunması baxımından əhəmiyyətli hadisə olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanın digər bölgələri kimi, Lənkəran və regional idarənin əhatə etdiyi digər rayonlar da öz mədəni zənginliyi ilə seçilir. Eyni zamanda ölkəmizin 15 regionunun mədəni irsinin bir arada nümayiş olunması yerli sakinlərin və qonaqların xüsusi marağına səbəb olub: “Lənkəranda təşkil olunan tədbirdə 15 regional idarənin stendləri qurulmuşdu. Hər bir region yüksək səviyyədə öz mədəni potensialını nümayiş etdirdi. Burada ölkəmizin hər yerindən gəlmiş sənətkarların əl işlərinin, dekorativ-tətbiqi sənət nümunələrinin satış-sərgiləri keçirildi, eyni zamanda, kənd təsərrüfatı məhsulları nümayiş olundu”.
Vüsal Nəsirli Cümhuriyyətin 100 illiyi şərəfinə gerçəkləşən festivalın ölkəmizin mədəniyyəti, el sənətkarlığı, incəsənəti ilə tanış olmaq üçün böyük imkanlar açdığını deyərək, bu tədbirin bölgələr arasında mədəni mübadilənin daha da dərinləşməsinə təkan verəcəyini bildirib: “Festival Lənkəran sakinləri tərəfindən maraqla qarşılandı. Sakinlərimiz gün ərzində bayram əhval-ruhiyyəsində festivalı ziyarət edirdilər. Regional mədəniyyət idarələrinin bədii kollektivləri, folklor və rəqs qruplarının konsert proqramı festivalı daha da yaddaqalan etdi”.
 
 * * *
İyunun 30-da Salyan şəhərində, iyulun 1-də Sabirabad rayon mərkəzində keçiriləcək “Bölgələrdən- bölgələrə” Yaradıcılıq Festivalı daha sonra digər regionlarda (ümumilikdə regional idarələr üzrə 15 şəhər və rayonda) davam edəcək. Beləliklə, layihə çərçivəsində ölkəmizin regionlarının mədəni irsi geniş şəkildə bütün ölkə boyu təqdim və təbliğ olunacaq.
Xatırladaq ki, ötən illərdə nazirlik tərəfindən həyata keçirilən “Bölgələrdən- paytaxta” layihəsi çərçivəsində ayrı-ayrı şəhər və rayonların mədəni irsi nümayiş olunmuşdu. Cümhuriyyətin 100 illiyi şərəfinə reallaşdırılan "Bölgələrdən bölgələrə" yaradıcılıq festivalı ilk dəfə Azərbaycanın bütün regionlarını əhatə etməklə yanaşı, şəhər və rayonlara bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradacaq, bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə zəmin olacaq.
M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında