Sülh və tərəqqi şəhəri

Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında özünəməxsus möhtəşəm rol oynayıb. İctimai-siyasi quruluşlardan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədə müşahidə edilib. Bütün bunlar da xalqımızın geniş dünyagörüşünə, zəngin mənəviyyata, humanist mövqeyə, yüksək əxlaqa malik olduğunu sübut edir. Əsrlərcə Azərbaycanda müxtəlif xalqlar bir ailə kimi mehriban yaşayıblar. Hətta sovet dövründə belə Bakı “beynəlmiləl tərbiyənin beşiyi” adlandırılırdı. Bu, sadəcə, epitet deyildi. 
 
Bakıda müxtəlif dinlərə məxsus insanlar yaşamaqdadır. Onlar yalnız birgə yaşamaqda, işləməkdə, təhsil almaqda, həkimə müraciət etməkdə, məişət məsələlərində deyil, həm də özlərinə məxsus dini məbədlərdə ibadətlə məşğul olmaqda da azadlığa sahibdirlər. Bu səbəbdən də Azərbaycanda müxtəlif xalqların icmaları sərbəst fəaliyyət göstərir. 
Prezident İlham Əliyevin Bakının tarixi keçmişi ilə bağlı dediyi bir fikir çox düşündürücüdür: “Azərbaycan qədim tarixə və mədəniyyətə malik olan ölkədir…Əsrlər boyu insanlar Azərbaycanda yaşayıb-yaratmışlar. Bizim tarixi abidələrimiz bunun əyani sübutudur. Bizim ədəbiyyatımız, musiqimiz, incəsənətimiz, tarixi abidələrimiz, doğma Azərbaycan dilimiz bunlardır – Azərbaycan xalqının mənəvi əsasları. Bu möhkəm əsaslar üzərində biz müasir dövlət qururuq. Dövlət quruculuğu fəaliyyətimiz buna yönəlmişdir ki, möhkəm tarixi, mənəvi əsaslar üzərində müasir dövlət quraq, dövlətçiliyi, müstəqilliyi möhkəmləndirək, əbədi, dönməz edək və beləliklə, Azərbaycanın hərtərəfli inkişafına nail olaq. Bu işlərdə bizim böyük uğurlarımız var. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan tam şəkildə müstəqil ölkədir, öz müstəqilliyini qoruyub saxlaya, daha da möhkəmləndirə bilmişdir.”
Dövlət müstəqilliyi qazandıqdan sonra ölkəmizdə dinlərarası münasibətlər yeni müstəviyə yüksəldi. Dövlət tərəfindən təşkil olunan bütün tədbirlərdə müxtəlif dinlərin nümayəndələri iştirak edərək birgə fəaliyyət və qarşılıqlı anlaşma göstərirlər. Onlara bu ünsiyyət və imkanları, təbii ki, Azərbaycan dövlətinin başçısı yaradır. Bakıda keçirilən müxtəlif tədbirlər, müsabiqələr, beynəlxalq festivallar rəngarəngliyi, əhatə etdiyi mövzunun aktuallığı ilə seçilərək yaddaşlarda dərin iz salır. Yəni Avropa ilə İslam dünyası arasında münasibətlərin möhkəmləndirilməsində yaranan qarşılıqlı əlaqələr çox zəngin tarixi, qədim mədəniyyəti olan paytaxtımızın dünya birliyində möhtəşəm yerini bir daha təsdiqləyir.
Hər il Novruzla bağlı paytaxtımızdakı şənliklərdə iştirak edən əcnəbilər bu qədim və əsrarəngiz bayrama valeh olurlar. Bayramın səs-sorağı ölkələrə yayılır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyəti nəticəsində Novruz bayramının, eləcə də aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına düşməsi və 21 martın dünyada beynəlxalq Novruz günü kimi keçirilməsi çox mətləblərdən xəbər verir. Dünya ölkələrinin sevdiyi milli bayramımız indi Avropada da təntənə ilə qeyd edilir.
Vətəndaş cəmiyyətinin formalaşmasında, eləcə də sabitliyin bərqərar olunmasında millətlərarası münasibətlərin yüksək səviyyədə qurulması ön plana çəkilib. Bu işə dini qurumlarla bərabər, dövlət tərəfindən müntəzəm diqqət və qayğı göstərilir. Bütün bölgələrdə olduğu kimi, milli azlıqların yaşadıqları yerlərdə də sosial və iqtisadi problemlərin həllinə səy göstərilir. 
İSESCO-nun dəstəyi ilə 2009-cu ildə Bakı “İslam mədəniyyətinin paytaxtı” elan olunduqdan sonra il boyunca bu mərasim müxtəlif tədbirlərlə qeyd edildi. Mədəniyyət ilinin proqramına 100-dən artıq milli və beynəlxalq miqyaslı tədbir daxil olundu.
Çox möhtəşəm və xüsusi əhəmiyyətə malik beynəlxalq tədbirlərə ev sahibliyi edən paytaxtımız elmi və mədəni potensialını nümayiş etdirməklə yanaşı, həm də qədim tarixi və mədəni əlaqələri ilə öyünən xalqımızın bir çox millətlərə örnək olası qonaqpərvərliyini də böyük ürək açıqlığı ilə ortaya qoydu. Təbii ki, Bakının İslam mədəniyyətinin paytaxtı statusunu qazanması onun əbədiyaşarlığını daha da əyaniləşdirdi.
Azərbaycan özünün maddi və qeyri-maddi mədəni irsinin qorunması və təbliğinə dair beynəlxalq miqyaslı bir çox layihələri həyata keçirir. Lakin 20 ildən artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş torpaqlarımızda İslam mədəniyyətinə aid bütün nümunələr, o cümlədən məscidlər və abidələr dağıdılmışdır. Məruz qaldığımız bu təcavüzlə bağlı olaraq daim İslam Konfransı Təşkilatına üzv dövlətlər tərəfindən Azərbaycanın haqq işinin dəstəklənməsi ölkəmizdə həmişə təqdirlə qarşılanmışdır. Həmin konfransda irəli sürülən bir təşəbbüsün nəticəsi olaraq 2011-ci ildə ölkəmizdə “Ümumdünya mədəniyyətlərarası dialoq forumu” keçirildi. İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycrinin qətiyyətlə bildirdiyi Bakı artıq dialoq paytaxtıdır fikri bizim üçün qürur doğuran bir qiymətdir.
Bizim üçün xoş və yaddaqalan tarixi bir məqamdır ki, Naxçıvan şəhəri 2018-ci il üçün “ İslam mədəniyyətinin paytaxtı” seçilib. Bu münasibətlə bu qədim şəhərdə artıq müxtəlif tədbirlər həyata keçirilir. Ölkəmiz 2016-cı ili təkcə mühüm sosial-iqtisadi göstəricilərlə deyil, həm də tolerantlıq və multikulturalizm sahəsində nəzərəçarpacaq uğurlarla başa vurdu. “Multikulturalizm ili”nin yekunları respublikamızın bu sahədə qərinələr boyu əxz etdiyi zəngin ənənələrin, milli və dini azlıqlar arasındakı sivil birgəyaşayış mühitinin, formalaşmış unikal milli modelin bəşəri miqyasda təbliği baxımından uğurlu nəticələrlə zəngin oldu. Bir məqamı da xüsusi qeyd etməliyik ki, təcavüzkar Ermənistandan fərqli olaraq, Azərbaycan monoetnik dövlət deyil, burada müxtəlif xalqların nümayəndələrinə qarşı hansısa ayrı-seçkilik, dözümsüzlük müşahidə olunmur. Ölkəmizdə başqa xalq və millətlərin öz mədəniyyətlərini, dillərini, dinlərini inkişaf və təbliğ etdirmək üçün hər cür imkanlar mövcuddur.
Multikulturalizm ilinin yekunları bir daha göstərdi ki, Azərbaycanda bu sahədə kifayət qədər zəngin ənənə ilə yanaşı, mükəmməl qanunvericilik bazası vardır. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə bu sahədə mövcud olan neqativ tendensiyaların tamamilə aradan qaldırılması, tolerantlıq və multikulturalizm sahəsində unikal hüquqi-siyasi mühitin formalaşdırılması bu sahədə nail olduğumuz uğurların təməl daşıdır.
İndi Azərbaycan mədəniyyətlərarası dialoq, turizm, incəsənət, mədəniyyət, irs və digər istiqamətlərdə regional və beynəlxalq layihələrin həyata keçirilməsinin təşəbbüskarı kimi çıxış edir. Bu sahədə bir sıra problemlərin həllində də Azərbaycan nümunə göstərir. Heydər Əliyev Fondu hər bir xalqın mədəni irsini ümumbəşəri dəyər kimi qəbul edərək bu sahəyə öz töhfəsini verir. Heydər Əliyev Fondunun dəstəyi ilə Strasburq Kafedral kilsəsinin vitrajları, Versal Sarayındakı abidələr, Fransanın müxtəlif regionlarında yerləşən kilsələr, Berlin qəsri, Roma katakombaları, Vatikan kitabxanasında saxlanılan dəyərli foliantların bərpa olunması Azərbaycan xalqının və dövlətinin bəşəri dəyərlərə bəslədiyi hörmət və sevginin digər bir nümunəsidir. Fond hər bir layihəsi ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına xidmət edir. Uğurla həyata keçirilən “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkədəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılması, Bakıda yəhudi uşaqları üçün təhsil kompleksinin istifadəyə verilməsi ali ideyanın – qardaşlıq və dostluq şəraitində birgəyaşayışın, bir sözlə, sülhün , əmin-amanlığın bizim üçün nə qədər dəyərli və önəmli olduğunun təzahürüdür.
 Ötən ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsi isə olduqca əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm addım kimi dəyərləndirilir. Dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin bütün dünyada geniş yayıldığı bir dövrdə dövlətimizin başçısının birbaşa göstərişi ilə inşa olunmuş, Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidində vəhdət namazlarının qılınması İslam dünyasına bir mesajdır. Bununla Azərbaycan bütün dünyaya İslamda olan ayrı-ayrı məzhəblər arasındakı qarşıdurmaların aradan qaldırmasının örnəyini göstərir. 2017-ci ildə “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da örnək layihələrdən, tolerant mühitin əhəmiyyətini özündə əks etdirən vacib platformalardan biri oldu. UNESCO-nun baş direktoru xanım İrina Bokovanın həmin forumda səsləndirdiyi fikirləri xatırlayaq: “Mən tam əminliklə bildirirəm ki, Böyük İpək Yolu üzərində yerləşən, qədim tarixi, zəngin mədəniyyəti olan Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafı sahəsində gördüyü işlər bütün dünya üçün örnəkdir. Bildiyiniz kimi, Bakı UNESCO-nun mədəni irs siyahısında olan bir şəhərdir. Azərbaycanın maddi-mədəniyyət abidələri, xalçaları, Novruz bayramı UNESCO-nun irs siyahısında yer alıb. Məhz belə bir ölkənin mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı sahəsindəki təcrübəsinə ehtiyacımız var”. 
Bəli, bu gün Azərbaycanda hökm sürən tolerant mühitə, sülhsevərlik və birgəyaşayış modelinə dünyanın ehtiyacı var. Biz təkcə qədim tariximiz və zəngin mədəniyyətimizlə deyil, yaşayış tərzimizə çevrilmiş tolerantlıq və multikultural dəyərlərimizlə bir nümunəyik. Paytaxtımızın dünyanın sülh və tərəqqi şəhəri olmasının qürurunu yaşayırıq. 
 Ülviyyə VAHİDQIZI,
 “Xalq qəzeti”
 
 Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü və 22 İyul Azərbaycan Milli Mətbuatının yaranmasının 143-cü ildönümü ilə əlaqədar elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilir.
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında