İyunun 22-də ADA Universitetinin Kitabxanasında tanınmış amerikalı tarixçi, Amerika Xarici Siyasət Şurası nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya-Qafqaz İnstitutunun direktoru S.Frederik Starın Azərbaycan dilinə tərcümə edilmiş “İtirilmiş maarif: Mərkəzi Asiyanın Qızıl Dövrü ərəb istilasından Teymurləngədək” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatlarının, ictimai-siyasi, elm, mədəniyyət xadimlərinin, ziyalıların iştirak etdikləri tədbirdə kitabın “Ön söz”ünün müəllifi, xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və S.Frederik Star çıxış ediblər.
ADA Universitetinin rektoru Hafiz Paşayev deyib ki, tanınmış amerikalı tarixçi Frederik Star müvafiq tarixə aid təfərrüatların ümumdünya sivilizasiyasına verdiyi töhfəni fərqli yanaşmada təqdim edir. Müəllif İslam mədəniyyətinin yaranması, inkişafı və Qərb intibahına təsirində türkdilli və farsdilli xalqların müstəsna xidmətlərinin köklərini araşdırır, avropalıların qeyri-ərəb əsilli İbn Sina, Tusi, Nizami Gəncəvi, Rumi, Ömər Xəyyam və digər tarixi xadimlərin irsindən bəhrələndiyini göstərir.
S.Frederik Star son illər bu kitaba marağın artdığını bildirib. Qeyd edib ki, kitab hazırda 23 dilə, o cümlədən Orta Asiya xalqlarının dillərinə, türk, fars, uyğur və digər dillərə tərcümə edilməkdədir. Kitabın Tehranda fars dilində təqdimatı gözlənilir. “Biz Orta Asiya deyəndə keçmiş Sovet İttifaqında olan ərazini deyil, daha geniş, mədəni cəhətdən vahid bir regionu – Orta Asiya regionunu nəzərdə tuturuq. Demək olar, belə bir termin, yəni böyük Orta Asiya, geniş Orta Asiya ifadələrini işlədə bilərik. Bu, daha çox mədəni məfhumdur, nəinki siyasi. Böyük Orta Asiyada Azərbaycanın yeri haradadır? Azərbaycan ərazisində yaşayan alimlər, mütəxəssislər, ziyalılar regionda fikir mübadiləsinə böyük töhfə veriblər. Məsələn, Nizami Gəncəvi Azərbaycandan kənara çıxmasa da, onun ideyaları, əsərləri Orta Asiya regionunda da geniş yayılıb. “Leyli və Məcnun” əsəri üçün Xəzər dənizi sərhəd ola bilməz. Yaxud Nəsirəddin Tusi müasir Azərbaycan ərazisində yaşamayıb, lakin onun tikdiyi rəsədxananın bənzərini Teymurləngin oğlu öz ölkəsində tikdirib. Əlbəttə ki, bu iki rəsədxana arasında fərqlər olub. Marağa rəsədxanasında 40 min kitabdan ibarət nəhəng kitabxana olub və bunu Nəsirəddin Tusi yaratmışdı. Oraya hər yerdən ziyarətçilər gəlirdilər. Deməli, mədəniyyətlər sərhəd tanımır”, - deyə S.Frederik Star vurğulayıb.
Müəllif çıxışında, həmçinin müasir Azərbaycan elminin taleyinin çox gözəl əllərdə olduğunu və ölkənin bundan sonra da çiçəklənəcəyini bildirib.
Tədbirin sonunda Hafiz Paşayev S.Frederik Stara ADA Universitetinin adından plaket təqdim edib.
Qeyd edək ki, kitabın tərcüməsi və nəşri ADA Universitetinin dəstəyi ilə həyata keçirilib. Əsəri ingilis dilindən universitetin professoru Nəriman Qasımoğlu tərcümə edib, redaktoru Fərda Əsədovdur. 2017-ci ildə “Qafqaz” nəşriyyat evi tərəfindən çap edilmiş fundamental elmi kitabda 15 fəsil və arxiv illüstrasiyaları yer alıb. “Ön söz”də bildirilir ki, bu elmi əsərdə “doğma əcdadlarımızın da vaxtilə mühüm və əvəzsiz rol oynadığı müsəlman Şərqi sivilizasiyasının tarixi araşdırılır. Müəllif bu tarixə aid təfərrüatların ümumdünya sivilizasiyasına verdiyi töhfəni Qərb tarixşünaslığında stereotipləşmiş mövqedən fərqli yanaşmada təqdim edir”.
Əsəri maraqlı edən başqa bir məqam da var: müəllif İslam mədəniyyətinin inkişafı və Qərb intibahına təsirində türkdilli və farsdilli xalqların müstəsna xidmətlərinin köklərini araşdırır, bu yöndə konkret faktlara söykənən maraqlı fikirlər irəli sürür. Məsələn, necə odlu ki, ərəblərin Mərkəzi Asiyaya yürüşlərinin doğurduğu yeni situasiyaya uyğunlaşaraq, getdikcə İslama yiyələnən türkdilli və farsdilli xalqlar qısa zamanda İslam mədəniyyətinin öncüllərinə çevrildilər. Müəllifin tədqiqatı bütün bunları maraqlı tarixi faktlarla izah edir.
Tarixdən məlum olduğu kimi, Avropa ölkələrinin ümumi inkişafı XVIII əsrdə maarifçilik hərəkatından başlanır. Bu hərəkatı şərtləndirən əsas amillər ondan ibarət idi ki, həmin ölkələrdə intellektual mühit çiçəklənmə dövrünə qədəm qoyur və hakim dini-doqmatik məfkurəni sorğulama məzmununda yeni fikir cərəyanları yaranırdı. Kitabı oxuduqca Avropa maarifçilik hərəkatının bizə məlum olmayan xüsusiyyətləri ilə müsəlman Şərqi coğrafiyası üçün maarifin əlamətləri arasında paralellər aparmalı olursan. Müəllif oxucularını tarixən davamlı inkişafa gətirib çıxarmayan, tənəzzülə uğrayan və bu səbəbdən “İtirilmiş maarif” adlandırdığı sivilizasiya faktının fərqli və zəngin xüsusiyyətləri üzərində düşünməyə sövq edir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.