İyunun 22-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında tədqiqatçı, tarix üzrə fəlsəfə doktoru, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının müəllifi olduğu “Cümhuriyyət dövründə səfərbərlik və hərbi çağırış (1918-1920)” kitabının təqdimatını keçirib.
AZƏRTAC xəbər verir ki, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, nəşrin ideya müəllifi Emin Həsənli tədbirdə çıxış edərək kitabın çapının Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyət İli” elan olunması ilə bağlı sərəncamlarına əsasən görülən işlərin tərkib hissəsi olduğunu deyib.
Akif Aşırlı kitabın hazırlanmasında ona dəstək olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Müdafiə Nazirliyinə minnətdarlığını bildirib. Müəllif deyib ki, kitabın hazırlanması üçün hər iki qurumun arxivlərindən istifadə edib. Tədbir iştirakçılarına kitabdakı faktlarla bağlı məlumat verən müəllif ölkəmizdə səfərbərlik və hərbi xidmətə çağırış işinin ilk dəfə birinci respublika dövründə sistemləşdirildiyini, bu sahənin tənzimlənməsi üçün xüsusi qurumun yaradıldığını bildirib.
AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Musa Qasımlı yeni nəşrin Azərbaycanın hərb tarixi ilə bağlı mühüm araşdırma mənbəyi olduğu deyib. Alim tədbir iştirakçılarına Azərbaycan Ordusunun tarixi ilə bağlı məlumat verib. O qeyd edib ki, çarizm dövründə azərbaycanlılar orduya məqsədli şəkildə cəlb edilməsələr də, Xalq Cümhuriyyəti hökuməti nizami ordu yaratmağa nail oldu. M.Qasımlı səfərbərlik və hərbi xidmətə çağırış sahəsində qurumun məhz Xalq Cümhuriyyəti dövründə yaradılmasının o dövr üçün mühüm nailiyyət olduğunu bildirib.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev bu kitabın Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqi, həmin dövrdə ordu quruculuğu, səfərbərlik və hərbi çağırışla bağlı görülən işlər ilə yaxından tanış olmaq üçün nümunəvi elmi əsər olduğunu bildirib. Vüqar Əliyev vurğulayıb ki, dövlətimizin başçısının Cümhuriyyətin 100 illiyi və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə bağlı sərəncamlar imzalaması dövlətçilik tariximizin dərindən öyrənilməsinə xidmət edir.
Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, 1918-ci ildə Azərbaycanın İstiqlal Bəyannaməsinin qəbul olunması ilə milli dövlət quruculuğu prosesi geniş vüsət aldı. Həmin dövrdə Şərqdə ilk parlamentin yaradılması, hökumətin formalaşdırılması, dövlət aparatının təşkil edilməsi, ölkənin sərhədlərinin müəyyənləşdirilməsi, milli himnimizin, gerbimizin, bayrağımızın yaradılması, ana dilimizin tətbiq edilməsi, ordu quruculuğu və təhlükəsizliyin müəyyən olunması sahəsində mühüm tədbirlər həyata keçirilib. Cümhuriyyət dövründə milli ordu quruculuğu prosesi geniş vüsət alıb. Bu proses bu gün də uğurla davam etdirilir. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, Azərbaycanda milli ordu quruculuğu sahəsində də mühüm proseslər baş verdi. 1994-cü ildə atəşkəsin elan olunması ordu quruculuğu ilə bağlı geniş tədbirlərin həyata keçirilməsi üçün vaxt qazandırdı. Azərbaycan mühüm beynəlxalq tərəfdaşlıq platformalarına inteqrasiya etdi. Ulu Öndərin ordu quruculuğu sahəsində gördüyü işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Güclü iqtisadiyyata, sürətli inkişafa qadir ölkəmizdə müasir və qüdrətli milli ordu formalaşır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində həyata keçirilən hərbi islahatlar, aparılan ordu quruculuğu ölkənin müdafiə qüdrətinin artırılmasına xidmət edir. Aprel döyüşlərində bir daha sübut olundu ki, Silahlı Qüvvələrimiz qarşıya qoyulan bütün hərbi tapşırıqları həyata keçirmək gücünə malikdir. Azərbaycan Ordusu torpaqlarımızı azad etmək və ərazi bütövlüyümüzü bərpa etmək imkanındadır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general–leytenant Arzu Rəhimov çıxışında Cümhuriyyət tarixinə dövlət səviyyəsində yüksək əhəmiyyət verildiyini bildirib. O əlavə edib ki, Prezident İlham Əliyevin Cümhuriyyətlə bağlı sərəncamları ictimaiyyət tərəfindən ölkə başçısının milli dövlətçilik tariximizə olan xüsusi diqqəti və ehtiramı kimi dəyərləndirilir.
Dövlətçilik tariximizdə Xalq Cümhuriyyətinin şərəfli yer tutduğunu vurğulayan A.Rəhimov həmin dövrdə ordu quruculuğu prosesinin tərkib hissəsi olan səfərbərlik və hərbi xidmətə çağırış sahəsində də mühüm işlərin görüldüyünü qeyd edib. O bildirib ki, əsası məhz Xalq Cümhuriyyəti dövründə qoyulan hərbi çağırış və səfərbərlik sistemi də ötən 100 ildə şərəfli yol keçərək bu günümüzə gəlib çatıb. Xalq Cümhuriyyəti dövründə qısa müddətdə vətəndaşların orduya çağırışı, Vətənin müdafiəsinə səfərbər olunması istiqamətində müvafiq addımlar atılıb, öz dövrünə görə yüksək döyüş qabiliyyətli nizami hərbi hissələr yaradılıb.
Tədbirdə “Cümhuriyyət dövründə səfərbərlik və hərbi çağırış (1918-1920)” kitabının müəllifi Akif Aşırlı, Ordunun Dostları Mətbuat Klubunun icraçı direktoru Seyfəddin Hüseynli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xüsusi diplomu ilə təltif ediliblər.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.