“Türk dünyası: maarifçilik və identiklik”

Parisdə Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində bu mövzuda beynəlxalq konfrans keçirilmişdir.
 
Konfrans Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı, Azərbaycan, Türkiyə və Qazaxıstanın Fransadakı səfirliklərinin, UNESCO yanında daimi nümayəndəliyimizin, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun və Fransanın Nis Sofia Antipolis Universitetinin dəstəyi ilə baş tutmuşdur.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva konfransda çıxış edərək mövzunun əhəmiyyətindən danışmış, türkdilli dövlətlərin mədəniyyətinin və irsinin dünya sivilizasiyasının ayrılmaz hissəsi olduğunu bildirmişdir. Qeyd etmişdir ki, türkdilli dövlətlər xalq yaradıcılığına və yazılı ədəbiyyata bir çox yeniliklər gətirmiş, beynəlxalq aləmdə uğurlar əldə etmişdir. “Kitabi Dədə Qorqud”, “Manas”, “Koroğlu” kimi tarixi irs nümunələri bütün türk dünyasının sərvətidir, türkdilli dövlətlərin milli abidələridir.
Türk dünyasında qadının şərəfli yerindən, diplomatiyada onların rolundan söz açan G.Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında geniş məlumat vermişdir.
Ölkəmizin UNESCO yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, həyata keçirdiyi islahatlardan və dövlət rəmzlərinin qəbul edilməsindən danışmış, 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmizin üzləşdiyi Dağlıq Qarabağ münaqişəsinə toxunmuşdur. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda vəziyyətin sabitləşdiyini, iqtisadiyyatın dirçəldiyini vurğulamışdır.
Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində ölkəmizin Qərblə əlaqələrinin və əməkdaşlığının genişləndiyini diqqətə çatdıran səfir Birinci vitse-prezident ­Mehriban xanım Əliyevanın Azərbaycan-UNESCO münasibətlərinin inkişafına, eləcə də mədəniyyətimizin təşviqinə töhfələrindən bəhs etmişdir.
Qazaxıstanın Fransadakı səfiri Jan Qalıyev türkdilli ölkələr arasında siyasi, iqtisadi və mədəniyyət əlaqələrindən, ölkəsində bu istiqamətdə görülən işlərdən danışmış. Prezident Nursultan Nazarbayevin təşəbbüsü ilə həyata keçirilən latın əlifbasına keçidlə bağlı “İctimai şüurun müasirləşdirilməsi” proqramlarından söz açmışdır.
Sonra çıxış edən Türkiyənin Fransadakı səfiri İsmayıl Hakkı Musa ölkəsinin türkdilli dövlətlərlə münasibətlərə böyük əhəmiyyət verdiyini, bu ölkələrdə qədim türk abidələrinin bərpasına kömək göstərdiyini bildirmişdir. Səfir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirərək bu tədbirlərin türk dünyasının beynəlxalq səviyyədə təşviqində mühüm rol oynadığını diqqətə çatdırmışdır.
Konfransın ikinci hissəsində Fransanın Nis Sofia Antipolis Universitetinin siyasi elmlər və hüquq fakültəsinin dekanı Kristian Vallar, fakültənin dekan müavini Ksavye Latur, AMEA Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə və beynəlxalq əlaqələr şöbəsinin müdiri Zöhrə Əliyeva çıxış edərək XIX-XX əsrlərdə Azərbaycan maarifçiliyində kimlik məsələsi, hüquq və Vətən xidmətində vətəndaş təhsili, Azərbaycandakı maarifçilik ideyaları, milli təhsil və inteqrasiya, eləcə də türkdilli ölkələr arasında əməkdaşlıq kimi mövzular ətrafında məlumat vermişlər.
M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında