Nəzakət Teymurovanın Yaşıl Teatr çələngi

Tanınmış muğam ifaçısı və opera solisti, Xalq artisti Nəzakət Teymurova iyunun 20-də Yaşıl Teatrda solo-konsert proqramı ilə çıxış etmişdir.
 
Sənətçi xeyli vaxtdır hazırladığı yenilənmiş repertuarını-- xalq mahnılarından, muğam kompozisiyalarından, estrada musiqisi və aşıq sənəti nümunələrindən ibarət musiqi çələngini pərəstişkarlarına ərmağan etmişdir. Çağdaş milli musiqi ifaçılığımızın ünlü müğənnisini professional “Xarı- bülbül” xalq çalğı alətləri ansamblı və populyar “Hicaz” instrumental qrupunun birgə ifası müşayiət etmişdir. Tamaşaçılar və sənət biliciləri Yaşıl Teatrın açıq səhnəsində məharətlə sərgilənən modern ifanı yüksək dəyərləndirmişlər.
Konsertin əvvəlində və gedişində musiqi verilişləri teleaparıcısı Leyla Əliyeva tamaşaçıları Xalq artistinin öz pərəstişkarlarına təqdim etdiyi tamamilə fərqli repertuar barədə bilgiləndirmişdir. Qeyd edilmişdir ki, Nəzakət Teymurova bu axşam daha çox bu vaxtadək ifa etmədiyi mahnıları səsləndirəcək. Rəşid Behbudovun, Flora Kərimovanın, Yalçın Rzazadənin repertuarında dünyanı dolaşan mahnıları müğənni yaradıcılığının əsas yönünü təşkil edən muğam ifaçılığının çevrəsindən çıxmamaqla hazırlamışdır. Xalq artisti öz üslubuna uyğun aşıq havalarına da sənət hesabatında yer ayırmışdır. 
Nəzakət Teymurova pərəstişkarlarını və həmkarlarını salamlamış, onu böyük sənətə pərvazlandırmış ustadlarını qədirbilənliklə yad etmişdir. O bildirmişdir ki, 15 nəfərlik iki heyətlə birlikdə konsertə yenilik əhvalı və məsuliyyətlə hazırlaşıb. İki fərqli musiqiçi kollektivinin sintez müşayiəti müxtəlif janrlı musiqi nömrələrini ümumi bir biçimdə təqdim etməkdə ona üstün imkanlar yaradıb. İllərlə məşhur sənətkarların ifalarında sevilən mahnıları yeni nəslə fərqli çalarlarla təqdim etmək üçün ciddi axtarış aparılıb.
Bu açıqlamadan sonra ulduzlu səma altında sənət adasına çevrilən Yaşıl Teatrda coşğulu bir çal-çağıra start verilmişdir. İstedadlı müğənninin 3 saat davam edən çıxışları duyğuları qanadlandıraraq milli musiqimizin zirvələrinə körpü salmış, tələbkar sənətsevərlərə yenilikçi solo ifanın bənzərsiz təəssüratını bəxş etmişdir.
Əməkdar artistlərdən tarzən Əlağa Sədiyevin və balabançı Şirzad Fətəliyevin, skripkaçı Kamran Həsənpurun əlvan xırdalıqlarla bəzədikləri muğam kompozisiyaları, oynaq popurilər və əfsunlu rənglər Nəzakət Teymurovanın yeni ifaçılıq imkanlarının uğurlu təqdimatına təsirli fon yaratmışdır. 
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında