Suraxanıda “Son iclas” bədii-sənədli filminin təqdimatı

Suraxanıdakı Heydər Əliyev Mərkəzi, rayon icra hakimiyyəti (RİH), YAP rayon təşkilatı və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Son iclas” bədii-sənədli filminin rayon ictimaiyyətinə təqdimatı olub.
 
RİH-in akt zalında keçirilən mərasimdə Milli Məclisin deputatı Ağacan Abiyev, RİH başçısı yanında Şuranın üzvləri, filmin ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissoru Fuad Əlişov, quruluşçu operatoru Rəşad Nuriyev, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Filmin nümayişindən əvvəl layihə haqqında söhbət açan YAP rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, bu ekran əsəri Heydər Əliyev Fondunun dəstəyi və “BP Azərbaycan” şirkətinin sponsorluğu ilə hazırlanıb. Filmin baş prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır. Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə qarşı son anadək apardıqları qeyri-bərabər, lakin dönməz və qətiyyətli mübarizə əks olunur. Bu mübarizə faciə ilə başa çatsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır. Filmdə, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına böyük örnək olduğu ön plana çəkilir.
Sonra “Son iclas” böyük maraqla izlənilib. 
Ekran əsərinin nümayişindən sonra Bakı Media Mərkəzinin nümayəndəsi, ssenari müəllifi Müsəllim Həsənov bildirib ki, filmin çəkilişləri paytaxtla yanaşı, bölgələrdə, tarixi hadisələrin yaşandığı ərazilərdə lentə köçürülüb. Filmin ssenarisi bu günə qədər araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Ümumilikdə, bu ekran əsərinin layihəsi üzərində 6 aya yaxın iş aparılıb, çəkiliş isə 32 gün davam edib və 25 məkanda çəkilişlər olub. Film layihəsi üzərində 700 nəfərlik heyət işləyib. 
Təqdimatda çıxış edən RİH-in başçısı İlqar Abbasov vurğulayıb ki, Heydər Əliyev Fondunun dəstəyi və Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevanın baş prodüserliyi ilə çəkilən “Son iclas” bədii-sənədli filmi Azərbaycanın müstəqillik tarixinin nisbətən az öyrənilən daha bir qaranlıq səhifəsinə işıq salır, xalqımızın və dövlətimizin bugünkü uğurlara çatmaq üçün keçdiyi keşməkeşli tarixə qürur hissi ilə baxmağa imkan verir. Azərbaycan xalqı müstəqilliyə çatmaq, bugünkü uğurlara nail olmaq üçün uzun bir tarixi yol keçib, bu yolda çoxlu qurbanlar verib, uzun illər gərgin mübarizə aparmalı olub. 
Rayon rəhbəri daha sonra bildirib ki, Cümhuriyyətin tarixinə həsr olunan “Son iclas” bədii-sənədli filmi bu mövzu üzrə Arzu xanım Əliyevanın baş prodüserliyi ilə çəkilən ikinci sənədli filmdir. Bundan əvvəl lentə alınan “Əbədi ezamiyyət” filmi isə Cümhuriyyətin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir. Həmin ekran əsəri isə 2016-cı il martın 2-də Suraxanı ictimaiyyətinə təqdimatı olub.
İlqar Abbasov çıxışında, eyni zamanda, ulu öndərimizin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hakimiyyətə gəlişi ilə dövlət müstəqilliyinin qorunub möhkəmlənməsində, iqtisadiyyatın inkişafında, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsində yeni mərhələ başlandığını diqqətə çatdırıb. Bildirib ki, ümummilli liderin ideyalarının gerçəkləşməsində, müstəqilliyimizin qorunmasında cənab İlham Əliyevlə birgə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da yaxından iştirak edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna xidmətlər göstərir.
Sonda başçı rayon ictimaiyyətinin filmin yaradıcı heyətinə, ekran əsərinin baş prodüseri Arzu xanım Əliyevaya minnətdarlığını çatdırıb.
Mərasimdə filmin ssenari müəllifi Müsəllim Həsənova Heydər Əliyev Mərkəzinin xatirə hədiyyəsi və YAP rayon təşkilatının “Təşəkkürnamə”si, rayonun fəal gənclərinə isə Cümhuriyyət mövzusunda yazılan kitablar təqdim edilib.
V. BAYRAMOV,
“Xalq qəzeti”
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında