Azərbaycanın mədəniyyət naziri ISESCO-nun baş direktoru ilə görüşüb

Mədəniyyət naziri Əbülfəs Qarayev Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunması ilə bağlı açılış tədbirində iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri  ilə görüşüb.

Mədəniyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, görüşdə Əbülfəs Qarayev son dövrdə ISESCO ilə əməkdaşlıq sahəsində görülən işlərdən danışıb. Nazir diqqətə çatdırıb ki, Azərbaycan bu təşkilatda öz mövqeyi ilə seçilən üzvlərdəndir. Buna səbəb Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın İslam dünyası ilə əlaqələrin güclənməsi istiqamətindəki fəaliyyəti nəticəsində ölkəmizin müsəlman aləminə, mədəniyyətinə inteqrasiya proseslərinin çox fəal şəkildə həyata keçirilməsidir. ISESCO üzrə Azərbaycan Milli Komissiyasının üzvləri bu işin davam etdirilməsinə və münasibətlərin daha yüksək səviyyədə qurulmasına öz töhfələrini əsirgəmirlər.

Nazir İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakıda keçirilmiş VI konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunması ilə bağlı görülən işlər haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə Naxçıvan şəhərinin “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinin 2016-cı il noyabrın 25-də keçirilən iclasında Tədbirlər Planı təsdiqlənib və onun icrasına başlanılıb.

Tədbirdə çoxsaylı mötəbər qonaqlar, dövlət rəsmiləri, o cümlədən TÜRKSOY-un baş katibi, İndoneziya, Tacikistan, Özbəkistan və Əlcəzairin mədəniyyət nazirləri, İran, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Türkmənistan və Qətərin mədəniyyət nazirlərinin müavinləri və digər ölkələrin vəzifəli şəxslərindən ibarət nümayəndə heyətləri iştirak edəcəklər.

Əbdüləziz Osman əl-Tüveycri ISESCO-Azərbaycan əməkdaşlığını, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu əlaqələrin inkişafında müstəsna rolu və dəstəyini xüsusi vurğulayıb.

Görüşdə qarşılıqlı əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında