Heydər Əliyev Mərkəzində “Nursultan Nazarbayev. Həyat yolu” kitabının təqdimatı olub

İyunun 13-də Heydər Əliyev Mərkəzində Qazaxıstanın milli lideri Nursultan Nazarbayevin həyat və fəaliyyətindən bəhs edən “Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilindəki nəşrinin təqdimat mərasimi keçirilib.
 
AZƏRTAC xəbər verir ki, kitabın layihə rəhbəri və müəllifi Qazaxıstan Respublikası Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekovdur.
Nəşrdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin həyat yolundan, xalqı və dövləti naminə apardığı mübarizədən bəhs olunur.
Kitaba ön sözü Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov yazıb.
Nəşrdə Prezident Nursultan Nazarbayevin şəxsi arxivindəki sənədlər və şəkillər yer alıb.
Əvvəlcə Nursultan Nazarbayev haqqında “Zamanla seçilmiş” adlı sənədli film nümayiş etdirilib.
Sonra Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muxamediulı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Beynəlxalq Türk Akademiyasının prezidenti Dаrxаn Kıdıralı, Milli Məclisin deputatı Cavanşir Feyziyev, Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekov çıxış ediblər.
Prezidentin köməkçisi Əli Həsənov Azərbaycan dövlətinin başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə Qazaxıstan nümayəndə heyəti üzvlərinin ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edildiklərini diqqətə çatdırıb və onları bu münasibətlə təbrik edib.
Əli Həsənov çıxışında Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq əlaqələrindən, eyni taleyi yaşayan xalqlarımızın həyatında liderlərin danılmaz rolundan danışıb. Qazaxıstan-Azərbaycan əlaqələrinin hər zaman yüksək səviyyədə olduğunu vurğulayan Əli Həsənov bildirib ki, ulu öndər Heydər Əliyev Nursultan Nazarbayevlə çox yaxın dost olub. Dostluq əlaqələri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qazaxıstan ilə Azərbaycan strateji tərəfdaş ölkələrdir.
“Filmdə də gördüyünüz kimi, Nursultan Nazarbayev adi bir dövlət başçısı deyil, Qazaxıstanın müasir tarixini yaradan və ölkənin gələcək inkişafının təməlini qoyan şəxsiyyət və liderdir”, – deyən Prezidentin köməkçisi bildirib ki, ötən ilin dekabr ayında Azərbaycan nümayəndə heyəti Qazaxıstanda ulu öndər Heydər Əliyev haqqında qazax dilində kitabın təqdimatını keçirib və ölkənin çoxsaylı KİV-ində həmin kitab haqqında müfəssəl məlumat verilib.
Nursultan Nazarbayevin də türk dünyasının liderlərindən biri olduğunu deyən Əli Həsənov kitaba yazdığı “Ön söz”də onu ulu öndər Heydər Əliyevlə müqayisə etdiyini, hər iki liderin hakimiyyətlərinin xarakteristikasını verdiyini diqqətə çatdırıb. “Bizim hər birimiz iki əsrin qovuşuğunda türk dünyasının iki qardaş elinin – Azərbaycan və Qazaxıstan tarixinin ən vacib mərhələsində məhz belə şəxsiyyətlərin siyasət meydanına çıxmalarının, təmsil etdikləri xalqların milli azadlıq hərəkatına rəhbərlik etmələrinin, öz ölkələrini mürəkkəb geosiyasi proseslərdən məharətlə çıxarmalarının, daha yaxşı gələcək naminə zərgər dəqiqliyi ilə işlənmiş milli inkişaf konsepsiyalarını həyata keçirmələrinin əyani şahidiyik”, – deyə Əli Həsənov vurğulayıb.
Azərbaycan dövlətinin təşəbbüsü, Prezident Administrasiyasının təşkilatçılığı ilə ərsəyə gələn kitab Azərbaycan oxucusunu Nursultan Nazarbayevin bütün fəaliyyəti və liderlik keyfiyyətləri ilə tanış edir. Əli Həsənov bundan əvvəl Nursultan Nazarbayevlə bağlı Azərbaycan dilinə üç kitabın tərcümə edildiyini xatırladaraq deyib: “Mən kitabın “Ön söz”ündə Nazarbayevi müasir Qazaxıstan dövlətinin banisi kimi xarakterizə etmişəm, ölkələrimizin SSRİ-nin süqutundan sonrakı dövrünün müqayisəsini aparmışam. Qazaxıstan müstəqilliyini bərpa edəndən sonra heç də yaxşı vəziyyətdə deyildi. Belə bir vəziyyətdə Nursultan Nazarbayev yeni dövlət qurmalı idi. Qazaxıstanın sərhədləri də, filmdən göründüyü kimi, həssas vəziyyətdə idi və istənilən vaxt problem yarana bilərdi. Belə bir şəraitdə milli dövlət qurmaq, başqa xalqların nümayəndələrində narazılıq doğurmadan qazax dilini dövlət dili elan etmək olduqca çətin məsələ idi. Bunu Nazarbayev bacardı: ölkədə milli həmrəylik pozulmadı, xalqlar bir-biri ilə dost və qardaş kimi yaşadı. Nursultan Nazarbayev qazax xalqına sahib çıxdı. Qazax xalqı da öz növbəsində ana dilinə və milli mədəniyyətinə sahib çıxdı. Bunu yalnız Nursultan Nazarbayev kimi uzaqgörən siyasi xadim edə bilərdi”.
Prezidentin köməkçisi deyib ki, “Nursultan Nazarbayev. Həyat yolu” kitabını vərəqləyən hər kəs türk dünyasının yetişdirdiyi liderlər haqqındakı biliklərini zənginləşdirəcək və böyük dərs alacaq. 
Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muxamediulı “Nursultan Nazarbayev. Həyat yolu” kitabının təqdimatını iki qardaş ölkə arasında böyük dostluğun davamı kimi dəyərləndirib. Azərbaycan və qazax xalqları arasında əlaqələrdən danışan nazir qeyd edib ki, ortaq milli-mənəvi dəyərlər xalqlarımızın birliyini və iki ölkə arasında əlaqələri, dostluğu yaşadan amillərdəndir. Diqqətə çatdırıb ki, kitabda Nursultan Nazarbayevin həyat və fəaliyyəti ilə yanaşı, XX və XXI əsrlərdə Qazaxıstanın keçdiyi inkişaf yolundan da bəhs edilir. 
Nəşrin əhəmiyyətindən danışan AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, türk dünyasının böyük şəxsiyyətləri – Heydər Əliyev və Nursultan Nazarbayev milli maraqların təmin olunması, xalqların rifahı naminə əllərindən gələni ediblər. Onlar həm də yaxın dost olaraq ölkələrimiz arasında əlaqələri ən yüksək səviyyəyə çatdırıblar. Bu ənənə indi də davam etdirilir. “Bu kitabın məziyyətlərindən biri onun quru publisistikadan, xronikallıqdan uzaq olması və maraqlı bir dillə yazılmasıdır. Necə deyərlər, onu birnəfəsə oxumaq mümkündür”, – deyə Akif Əlizadə vurğulayıb. 
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı qeyd edib ki, bu kitab həm də Nazarbayev irsini araşdıranlar üçün dəyərli mənbədir. 
Milli Məclisin deputatı Cavanşir Feyziyev qeyd edib ki, təqdimatı keçirilən kitab təkcə həyat hekayəsi deyil, qardaş qazax xalqının məişətindən tutmuş ictimai-siyasi, mədəni, iqtisadi mühitini bütün özəllikləri ilə əhatə edən bir əsərdir. Müəllif qazax xalqının həyat tərzini, arzu və istəklərini, qarşılaşdığı çətinlikləri, qazandığı nailiyyətləri obyektiv təsvir etməklə, faktiki olaraq Qazaxıstanın müasir tarixinin salnaməsini yaradıb. 
Kitabın layihə rəhbəri və müəllifi Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Мahmud Kasımbekov vurğulayıb ki, “Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilində nəşri ölkələrimiz və xalqlarımız arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisidir. “Bu, bizim ilk birgə layihəmiz deyil. Bundan əvvəl Astanada Heydər Əliyev haqqında qazax dilində kitabın təqdimatı olub. Belə layihələr münasibətlərimizin daha da genişlənməsinə xidmət edir”, – deyə Mahmud Kasımbekov bildirib. 
Tədbir Qazaxıstan incəsənət ustalarının konsert proqramı ilə davam edib.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında