Səhnəyə olan böyük sevgi onu hamının sevimlisinə çevirdi

Hökümə Qurbanova-105
SSRİ Xalq artisti Hökümə Qurbanovanı ilk dəfə “Onu bağışlamaq olarmı?” filmində görmüşdüm. Kəmalə xanımın rolu, necə deyərlər, onun boyuna biçilmişdi. Əslində, o, kino aktyoru deyildi. Kinoya teatrdan dəvət olunmuşdu və ümidləri də doğrultmuşdu. Səmimi idi, Kəmalə xanımın daxili dünyasını elə məharətlə açmışdı ki, tamaşaçı onun hiss və duyğularını təbii qəbul edirdi. 
 
Hökümə xanım haqqında çox yazılıb. Elə sağlığında da, ölümündən sonra da. Dostları onun sənəti və şəxsiyyəti barədə maraqlı fikirlər söyləyiblər. Bu gün onun barəsində danışanda deyirlər ki, Hökümə Qurbanovanın rollarının hər biri ayrıca yaradıcılıq məktəbi olub. İllər keçib, nəsillər dəyişib, ancaq aktrisanın oynadığı tamaşalar, yaratdığı obrazlar yaddaşlardan silinməyib.
Aktrisanın həyat yolu o qədər də hamar olmayıb. 1913-cü il iyun ayının 11-də Bakıda ziyalı ailəsində doğulub. Anası Məlikət xanım böyük bəstəkar Müslüm Maqomayevin doğma bacısı idi. O, uzun müddət dayısının evində yaşamışdı. Hökümə xanımın qəlbində teatra həvəs də buradan başlamışdı. Müslüm bəyin evi qonaq-qarasız, səs-küysüz olmazmış. Hökümə xanım teatra çox sonralar gəlmişdi. Amma sənətə vurğunluq, səhnəyə sevgi onda elə həmin vaxtdan yaranmışdı. 
Hökümə xanımın ata-anası da incəsənət vurğunu idilər. O, əvvəlcə Bakıdakı 38 saylı qız məktəbində, sonra 33 saylı məktəbdə təhsil almış, sonra Bakı Pedaqoji Texnikumunu bitirmişdi . Azərbaycan Dövlət Konservatoriyasına daxil olaraq iki il fortepiano sinifində oxumuşdu. Güclü musiqi yaddaşı vardı. Konservatoriyada təhsil alarkən böyük dramaturq Cəfər Cabbarlının təşəbbüsü ilə “Almaz” filmində Yaxşı roluna çəkilib. Ancaq film ekranlara ədibin ölümündən sonra, 1936-cı ildə buraxılıb.
Müslüm bəylə getdiyi ilk tamaşa “Leyli və Məcnun” operası olur. Sonradan o, teatra ayaq açır. Onu teatra yaxınlaşdıran ilk cığır Ələsgər Ələkbərov və İşçi Teatrı ilə tanışlıq olub. Hökümə xanım Ələsgər Ələkbərovla nişanlı olduğu günlər hələ gənc aktyorlar sırasında sayılsa da, öz istedadı ilə seçilirdi. 1932-ci ildə İşçi Teatrı Gəncə şəhərinə köçürülür. Ələsgər Ələkbərovla toylarından sonra Gəncəyə yola düşürlər. 
Burada bir müddət çalışdıqdan sonra yenidən Bakıya qayıdırlar. Aktrisanın sonrakı yaradıcılıq taleyi Akademik Dram Teatrı ilə bağlı olub. Bu teatrda oynadığı rolları həyatda olduğu kimi yaradırdı: “Mən oynadığım qəhrəmanların heç birinə bənzəmirəm. Axı onların hərəsi bir fərddir. Doğrudur, hadisələr, dramatik vəziyyətlər arasında bənzərlik, oxşar zahiri əlamətlər tapmaq mümkündür. Lakin bütün bunların müqabilində onlar bir-birindən fərqlənir və seçilirlər. Bu tamaşalardakı rollarından Süleyman Sani Axundovun “Eşq və intiqam”ında Zöhrə, Səməd Vurğunun “İnsan”ında Səhər, Qeybulla Rəsulovun “Qarabağ əfsanəsi”ndə Günəş, Anatoli Boryanovun “O tayda”sında Valentina Nikolayevna rollarının ifası realist faciə janrında idi. Romantik-dramatik rollarından Gülbahar (“Müsibəti-Fəxrəddin”, Nəcəf bəy Vəzirov), Xuraman (“Vaqif”, Səməd Vurğun), Afaq (“Nizami”, Mehdi Hüseyn), Oliviya (“On ikinci gecə”, Vilyam Şekspir), Cenevrə (“Dərin köklər”, Ceyms Qou və Arno D'Nyusso), Şirin (“Fərhad və Şirin”, Səməd Vurğun), Nataşa (“Şərqin səhəri”, Ənvər Məmmədxanlı), Reyhan (“Cavanşir”, Mehdi Hüseyn) və müəyyən mənada Hermiona (“Qış nağılı”, Vilyam Şekspir) və digərlərini misal göstərmək olar.
Hökümə xanım Azərbaycan milli səhnəsində misilsiz faciə aktrisası olub. Tükənməz ehtiraslı, səngiməz temperamentli, coşğun emosiyalı, musiqili lirik-dramatik səsli sənətkar idi. Romantik aktyor məktəbinin görkəmli nümayəndəsi olmaqla bərabər, realist üslubda da möhtəşəm sənət nailiyyətləri qazanıb.
Onun haqqında yazılan məqalələrdən birində deyilir: “Teatr tariximizdə Hökümə Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb. Tamaşaçı, salonunun arxa sıralarında əyləşən sənətsevərlər də onun məşəl kimi yanan, alovlu və ağıllı gözlərindəki mənaları aydınca görür, duyur və dərk edirdilər. Aktrisa lazım gələndə səhnədə dəqiqələrlə mərmər abidə kimi “donub” qala bilirdi (məsələn, Şekspirin “Qış nağılı”nda Hermiona rolunda)”. 
Doğrudan da, mənalı, zərif və cazibəli plastikası vardı. Hərəkətlərini personajın ictimai-sosial mənsubiyyətinə, mənəvi-əxlaqi xüsusiyyətlərinə, hadisələrin psixoloji dramatizminə ahəngdar həssaslıqla bağlayıb əlaqələndirirdi. 
Vaxtilə Hökümə Qurbanova ilə bir səhnəyə çıxan və ya onu səhnədə görən insanlar, az da olsa, hələ yaşayırlar. O dövrdə teatrın səhnəsində Barat Şəkinskaya, Leyla Bədirbəyli, Nəcibə Məlikova, Sofa Bəsirzadə kimi aktrisalar çalışırdılar. Onların arasında Hökümə xanım seçilirdi. “Qış nağılı”ndakı Germiona , “Nişanlı qız” da Bənövşə rolunu da çox gözəl oynamışdı. Aktrisa “Antoni və Kleopatra”dakı Kleopatra rolunu isə böyük istedadla yaratmışdı. Və bir də “Sənsiz” tamaşasındakı Sevinc rolunu teatrşünaslar onun yaradıcılığında zirvə adlandırırlar. 
Şəxsi həyatındakı uğursuzluq obrazların dolğun olmasını sanki tamamlayırdı. Deyilənə görə, Ələsgər Ələkbərovla ayrıldıqdan sonra həyatındakı natamamlıq ona əzab verirdi. Sonra tale onu teatrın baş rəssamı Nüsrət Fətullayevlə yaxınlaşdırdı. Onlar 25 ilə yaxın bir yerdə ömür sürdülər. Sevimli qızı Vəfa öz şıltaqlığı, mehribanlığı və səmimiyyəti ilə bu ailənin bağlarını daha da möhkəmləndirdi. Hökümə xanım könülsüz də olsa, qızının onun sənət yolunu davam etdirməsinə xeyir-dua verdi. 
Vəfa dünyasını erkən dəyişəndə Hökümə xanım çox sarsılmışdı. Sevimli qızının ölümündən sonra Hökümə xanım da xəstələndi. 
Aktrisa “Azərbaycanfilm”in istehsal etdiyi “Bir ailə” filmində Leyla, “Onu bağışlamaq olarmı?”da Kəmalə xanım , “Mən rəqs edəcəyəm” kinolentində Mahmudun anası, “İnsan məskən salır”da Ana rollarına çəkilib.
Hökümə Qurbanova iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 24 may 1960-cı ildə Xalq artisti, 2 mart 1965-ci ildə SSRİ Xalq artisti fəxri adlarına layiq görülüb. Bu görkəmli aktrisa 1988-ci il noyabrın 2-də Bakıda vəfat edib. Fəxri xiyabanda dəfn olunub. Onun əziz xatirəsi həmişə xalqımızın qəlbində yaşayacaq.
M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında