Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Birinci dubldan” sənədli filminin təqdimatı olub

İyunun 6-da Nizami Kino Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Birinci dubldan” (“S pervoqo dublya”) sənədli filminin təqdimatı olub.
Filmin ssenari müəllifi və rejissoru Oleq Şommer, baş prodüseri Leyla Əliyevadır.
filmin nümayişindən əvvəl çıxış edən Oleq Şommer bu ekran əsərini təqdim etməkdən böyük şərəf duyduğunu bildirib. Xatırladıb ki, 2017-ci ilin oktyabr ayında Nizami Kino Mərkəzində təqdimatı keçirilmiş, rejissoru və ssenari müəllifi olduğu “Pəncərədən düşən işıq” filminin ideya müəllifi və baş prodüseri də Leyla Əliyeva olub. 
“Birinci dubldan” filminin əsasında mühüm faktın dayandığını diqqətə çatdıran rejissor deyib: “O zaman gənc respublika – Azərbaycan Xalq Cümhuriyyəti üzük qaşı kimi hər tərəfdən düşmən əhatəsində idi. Lakin buna baxmayaraq, hökumət xaricə təhsil almağa 102 tələbə göndərir ki, onlar bilik qazanaraq Vətənə qayıtsınlar və bu biliklərini doğma ölkədə tətbiq etsinlər. Məgər ölkənin başqa qayğıları, başqa işləri yox idi? Əlbəttə ki, var idi. Lakin elə o zaman da dövlət bu gün olduğu kimi, gələcək haqqında düşünürdü. Beləliklə, ənənə, nəsillər arasında əlaqələr davam edir”.
Oleq Şommer müasir Azərbaycanda dövlət proqramı əsasında xaricdə uğurla təhsil alan tələbələrin də filmdə əks olunduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, 100 il əvvəl xaricə təhsil almağa getmiş gənclərin çox çətin taleyi olub. Onlar geri qayıda bilmədilər, çünki ölkə artıq müstəqil deyildi, Xalq Cümhuriyyəti daha yox idi. Gənclərin çoxu xaricdə qaldı. Məsələn, Oqtay Mirqasımovun iki doğma dayısı o zaman xaricə təhsil almağa getmişdi. Onların hər biri haqqında ayrıca roman yazmaq olar. Xaricə təhsil almağa göndərilən gənclər sırasında olan Cəfər Kazımov da mürəkkəb tale yaşayıb. O, Almaniyada Frayberq Texniki Universitetini bitirmiş, geri qayıtdıqdan sonra SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında vitse-prezident olmuşdu. Lakin repressiya zamanı ölkədən sürgün edildi. Sovet İttifaqına atom bombası lazım olanda onu tapıb, uran axtarışına göndərdilər. O, uranı tapdı. Ona söz verdilər ki, sürgün müddətini azaldacaqlar, lakin başqa cür davrandılar.
“Filmdə bizim başlıca vəzifəmiz zamanların əlaqəsini göstərməkdir. Məsələn, 1918-ci ilin mart ayı və 1990-cı ilin yanvar ayı. Bizim üçün vacib olan əsas məsələ ölkənin taleyini, ilk növbədə, insanların taleyi vasitəsilə vermək idi. Buna nə dərəcədə nail olduğumuzu tamaşaçılar daha yaxşı deyə bilər. Lakin düşünürəm ki, sənədli film ilk dubldan çəkilir”, – deyən rejissor filmin baş prodüseri Leyla Əliyevaya təşəkkürünü bildirib.
Daha sonra film nümayiş etdirilib. 
Tarixi faktlar və araşdırmalar əsasında çəkilmiş ekran əsərində Azərbaycan Xalq Cümhuriyyəti dövründə xaricdə təhsil almağa göndərilən 102 gəncin taleyindən, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə əldə olunan nailiyyətlərdən, xalq və dövlət maraqlarının hər şeydən üstün tutulmasından, gənclərin təhsilinə, o cümlədən xaricdə təhsil almasına dövlət siyasəti səviyyəsində göstərilən diqqətdən, güclü müstəqil dövlət olan Azərbaycanın əldə etdiyi iqtisadi uğurların insan kapitalına çevrilməsindən və bu insanların ölkəsinə bağlılığından, onların əldə etdikləri bilik və bacarıqların Vətən, dövlət naminə istiqamətlənməsindən bəhs edilir.
“Əsas odur ki, doğru istiqamət müəyyən edilsin”, – deyən müəllif filmin süjet xəttini Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qüdrətinin daha da artırılması və insanların rifahının sürətli yüksəliş yolu tutulması fikri ilə tamamlayıb.
AZƏRTAC

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında