“Azərbaycanın Quba bölgəsi tarixin dönüş mərhələsində” (1917-1920) mart soyqırımına işıq salır

Yüz il öncə Azərbaycan xalqına qarşı erməni daşnaklarının törətdiyi soyqırım cinayətləri bu gün də yad edilir və tariximizin həmin dövrünə aid araşdırmalar aparılır, gənc nəslə çatdırılır. Sevindirici haldır ki, bu sahədə elmi mənbə və faktlara əsaslanan tədqiqat işləri də ortaya çıxır ki, bunlar da Azərbaycan tarixinin dərindən öyrənilməsi və qan yaddaşımızın  güclənməsi, eləcə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır. Bu baxımdan Quba şəhərində yerləşən  “Soyqırımı Memorial Kompleksi”nin direktoru, gənc tədqiqatçı Rəxşəndə Bayramovanın “Azərbaycanın Quba bölgəsi tarixin dönüş mərhələsində” adlı kitabının işıq üzü görməsi bu işin uğurla davam etdirilməsindən xəbər verir.

 Sumqayıt Dövlət Universitetinin tarix fakültəsinin bakalavr pilləsində (2004) ,  Bakı Dövlət Universitetinin tarix fakültəsinin türk dünyası tarixi ixtisası üzrə magistr pilləsində (2007) təhsil almış Rəxşəndə Bayramovanın tariximizə olan bağlılığı, xüsusilə də  1918-ci ilin mart soyqırımında erməni daşnak silahlılarının digər bölgələrlə yanaşı, Qubada və ətraf rayonlarda dinc əhaliyə amanszcasına divan tutması, tariximizin bu ağrılı və öyrənilməli olan dövrü  onu bu sahədə  “Quba bölgəsi Azərbaycan Xalq Cümhuriyyəti dövründə” mövzusunda dissertasiya müdafiə etməsinə və sözügedən kitabı yazmasına  sövq edib. Gərgin zəhmətin və araşdırmaların bəhrəsi olan bu kitab Azərbaycanın Quba bölgəsinin tarixinin mühüm mərhələsini təşkil edən 1917-1920-ci illər dövrünə həsr edilib. 1918-ci ildə mart qırğınlarına  işıq tutan əsərdə Qubada törədilmiş qırğınlarda dinc əhalinin məhv edilməsi, kəndlərin talan edilməsi, insanlara edilmiş işgəncələr tutarlı faktlarla öz əksini tapır. Kitabda  həmçinin Cümhuriyyət dönəmində Quba qəzasının siyasi, iqtisadi, mədəni vəziyyəti, qəzanın sovet qoşunları tərəfindən işğalı, bölgədə bolşevik rejiminə qarşı çıxışlar və digər aktual mövzular işıqlandırılıb. Elmi redaktoru akademik Yaqub Mahmudov olan kitab Azərbaycan tarixi ilə maraqlanan oxucular, xüsusilə də gənclər üçün dəyərli elmi mənbə hesab edilə bilər.

Sözügedən nəşr ilk olaraq, elmi ictimaiyyətə  Azərbaycanlıların soyqırımı gününün 100-cu ildönümü ilə əlaqədar  Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə “Soyqırımın dərsləri” mövzusunda keçirilmiş respublika elmi konfrans çərçivəsində təqdim edilib. Konfrans çərçivəsində AMEA Tarix İnstitutu tərəfindən təşkil edilmiş kitab  sərgisində nümayiş etdirilmiş tədqiqat əsəri maraqla qarşılanıb.

Qeyd edək ki, AMEA  Tarix İnstitutunun dissertantı olan Rəxşəndə Bayramovanın bu il Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamına uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda “Quba bölgəsi Azərbaycan Xalq Cümhuriyyəti dövründə” mövzusunda dissertasiya müdafiəsi uğurla keçirilib. Əsərdə daşnak-bolşevik birliklərinin Quba qəzasında törətdikləri soyqırımı Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının (FTK) topladığı sənədlər və şahid ifadələri ilə tam sübuta yetirilib.  Müəllif Rəşxəndə Bayramova  “FTK-nın sənədləri ermənilərin Cənubi Qafqazda, o cümlədən Qubada törətdikləri vəhşilikləri ifşa edən əvəzolunmaz tarixi mənbədir”—deyə təqdiqat işi barədə danışarkən  bildirib.

AMEA Tarix İnstitutunun Azərbaycan Xalq Cümhuriyyətinin tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Maksvellin elmi rəhbərliyi ilə baş tutmuş dissertasiya müdafiəsi bir daha onu göstərdi ki, XIX-XX əsrlər tarixinin araşdırılması aktualdır və təqdiqatçıların üzərinə vəzifələr qoyur. Sözügedən dissertasiya Quba bölgəsində 1917-1921-ci illərdə cərəyan edən proseslərin sistemli şəkildə araşdırıldığı ilk tədqiqat əsəridir.

  Əfsanə BAYRAMQIZI, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında